Cahangir Məmmədli: “Bu mənim həyatımın ən gözəl hadisəsi oldu” - MÜSAHİBƏ

Cahangir Məmmədli: “Bu mənim həyatımın ən gözəl hadisəsi oldu” - MÜSAHİBƏ
MEDİA
12:28 23.12.2011
4303

Artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetində müəllimlərin mənzil probleminin həlli yolunda koorperativ binaların inşasına başlanılıb. AZXEBER.COM portalı mövzu ilə bağlı olaraq, həmin binada ev sahibi olan BDU Jurnalistika fakültəsinin “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının direktoru, professor Cahangir Məmmədlinin fikirlərini öyrənib.

- Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə müəllimlər üçün koorperativ ev tikilib. Sizcə bu müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən rol oynaya biləcəkmi?

- BDU müəllimləri üçün indiki şəraitdə bundan önəmli ikinci bir hadisə yoxdur. Ona görə ki, Azərbaycanda SSRİ-nin dağılmasından sonra uzun müddətdir ki, ev əldə eləmək çox çətin bir işə çevrilib. Çünki evlər çox baha qiymətə satılır və bir müəllimin yeni binalarda ev almağa imkanı çatmır. Əvvəllər ev almaq üçün növbəyə durulardı, lakin bu da yığışdırıldı və müəllimin ev almaq imkanı sıfıra endi. Belə bir şəraitdə BDU öz müəllimləri üçün koorperativ bina inşa etməyə başladı. Bu binaların ən önəmli cəhəti isə, hazırda Bakıda bu binalardan ucuz binalar yoxdur. Bu mənzillərin bir kvadrat metri müəllimlər üçün cəmi 250 manatdır. 

- Koorperativlər kim tərəfindən idarə olunur?

- Hər ayda bir-iki dəfə korperativin iclası olur və bütün qərarlar o iclasda qəbul olunur. Koorperativə BDU-nun rektoru akademik Abel Məhərrəmov özü rəhbərlik edir. Mənzillərin ucuz olması da birbaşa onun qərarıdır. O öz müəllimlərinin mənzil sahibi olması üçün əlindən gələni edir.

- Bu addım müəllimlər tərəfindən necə qarşılandı?

- Yadımdadır ki, bir dəfə koorperativin iclaslarının birində yaşlı müəllimlərdən biri söz alıb dedi ki, "mənim 70-dən yuxarı yaşım var. Mən elə bilirdim ki, bundan sonra heç vaxt mənzil ala bilməyəcəyəm". İnanın ki, bütün zal kövrəldi bu sözlərə. 

- Sizcə bu mənzillərin ən böyük əhəmiyyəti nədir?

- Bu evlərin ən böyük əhəmiyyəti onun düz Bakı Dövlət Universitetinin yanında yerləşməsidir. Evimin pəncərəsindən baxanda universiteti görürəm. Səhər işə piyada gəlirəm. Bu gün yolların belə tıxac vəziyyətində bir müəllim üçün bundan böyük nə ola bilər?! 20 ildir Əhmədlidə qalıram. Hər gün benzinə 12-15 manat verirdim və yollarda itirdiyim 2 saatı da üstünə gəlsək bu ev mənə demək olar ki, pulsuz düşüb. 

- Bu layihə nə vaxtdan başlayıb?

- Bu layihə artıq 5 ildir ki başlayıb. Evlər tikilib, təmir edilib. Universitet müəllimlərinin təxminən 40%-i burada yaşayır. Mənzillərin hər biri su və işıqla təmin edilib. Hələ ki bircə qaz yoxdur. Buna da səbəb binanın tam təhvil verilməməsidir. Bir-iki əksikliklər düzəldiləndən sonra qaz da veriləcək. Düşünürəm ki, müəllimlər bu mənzillərdən razıdırlar.

- Bəs bu evlər hansı kriteriyalara görə verilir? 

- Mənzillərin verilməsində əsas kriteriya müəllimin buna nə qədər ehtiyacı olub-olmamasıdır. Birbaşa Abel Məhərrəmovun özünün diqqəti ilə bu mənzillər daha çox ehtiyacı olanlara verildi. 

- Hər fakültədən neçə müəllimə ev verilib?

- Fakültənin böyüklüyünə görə bu dəyişir. Məsələn bizim kimi kiçik fakültədə 6 müəllimə ev verilib. Lakin daha böyük fakültələrdə bu rəqəm 30-40 da ola bilər. Binalarda təxminən 450-500 ev var və bu qədər müəllimin belə gözəl şəraitdə yaşaya bilməsi çox gözəldir. 20 il Əhmədlidən gəlib-gedən bir adam kimi birdən-birə BDU-nun 5 metrliyində mənzil almağım mənim üçün həyatımın ən gözəl hadisəsi oldu.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR