Rauf Ağayev: “Cahangir müəllimi tələblərə ən yaxın dost, sirdaş, ustad kimi tanıyıram”.
Akif Aşırlı: “Cahangir müəllim klassik jurnalistikanın, mətbuatımızın ən azsaylı nümayəndələrindən biridir”.
Rəşad Məcid: “Cahangir Məmmədli «525-ci qəzet»ə ən yaxın, doğma insanlardan, ən munis dostlardan biridir”.
Bu gün Azərbaycan media aləminin ziyalı, sevilən və seçilən jurnalisti, İctimai Yayım Şurasının sədri, BDU-nun ən savadlı müəllimlərindən olan Cahangir Məmmədlinin ad günüdür. Cahangir müəllim hamımıza doğmadır. Və biz onu çox zarafatcıl, deyib-gülən, tələbələrlə daim ünsiyyət quran bir şəxs kimi tanıyırıq. Bu günkü medianın ən tanınmış, xidmətləri ilə seçilmiş jurnalislərimiz də məhz Cahangir müəllimdən dərs alıblar. Hər bir tələbənin ən çox sevdiyi müəllimləri barədə yaddaqalan xatirələri olur.
Rauf Ağayev (Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri) : “ Cahangir müəllim haqqında saatlarla danışmaq olar. Çünki tələbələrə ən yaxın müəllimlərdən biri olub. Həmişə onun xətrini daha çox istəmişik. BDU-da tələbələrlə müəllimlər arasındakı münasibət digərlərinə baxanda fərqlidir. Bu da tələbə ilə müəllim arasında daha yaxın ünsiyyətin olması, bir doğmalığın olmasıdır. Cahangir müəllimi tələblərə ən yaxın dost, sirdaş, ustad kimi tanıyıram. Onun ən çox sevdiyi tələbələr ən yaxşı mütaliəsi olanlardır. Yəni, o daim soruşurdu ki, kim nə oxuyur, mütaliəsi nə cürdür. ən böyük nəsihəti o idi ki, tələbələr mütaliə etsin. Yadımdadır ki, bir dəfə imyahandan qabaq dedi ki, imtahana aid olmayan “ bloyi i Dumiyi” əsərini oxuyun. Kim o əsəri oxumasa, mənim imtahanıma girməsin. Mən də məcburiyyət qarşısında qaldım. əsər kiçik də deyildi. Mütərəqqi, klassik, müasir ədəbiyyatı oxumağı məsləhət dörürdü. Bunu çox yumşaq tələb kimi qarşımıza qoyurdu. Bu əsəri oxuduğuma və dəyərli məlumatlar əldə etdiyimə görə, müəllimimə minnətdaram. Və sonda Cahangir müəllimə can sağlığı arzu edirəm. O, hər zaman müasirdir. Bu günün də müasiridir. Həmişə belə müasir olaraq ömrünü davam elətdirsin”.
Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru) : “Cahangir müəllim klassik jurnalistikanın, mətbuatımızın ən azsaylı nümayəndələrindən biridir. O həm də mətbuatımızın nəzəri əsaslarını yaradan şəxsdir. Bu gün Cahangir müəllim Azərbaycan jurnalistikasının nümayəndələrinin, istedadlı jurnalistlərin müəllimidir. Bir neçə konfranslarda Cahangir müəllimin məsələlərə münasibəti, problemlərə yanaşması, problemlərdən çıxış yollarını araşdırması bizim üçün örnəkdir. O təkcə onun dərs dediyi tələbələrin deyil, həmçinin müxtəlif peşə sahibi olan insanların da müəllimidir. Çox hümanist, işıqlı, ziyalı bir insandır. Jurnalistlərin peşəkarlaşması üçün əlindən gələni edir. O eyni zamanda mənim müəllimimdir. Müəllimimizə uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirik ki, doğulub, boya-başa çatdığı Qarabağ torpaqlarına öz nəvəsiylə birgə gedə bilsin. Növbəti doğum gününü elə Qarabağda keçirsin. Arzu edirəm ki, Cahangir müəllim həmişə bizə mayak kimi yol göstərsin”.
Rəşad Məcid (“525-ci”qəzetin baş redaktoru)- Sevimli müəllimimiz, dostumuz, əzizimiz Cahangir Məmmədlinin 70 yaşı tamam olur. Amma mən, onun tələbələri və dostları Cahangir müəllimə bu yaşı verə bilmərik. Çünki Cahangir müəllim həmişə bizim üçün gəncdir, bizim yaşıdımızdır. Cahangir müəllim həm də ağsaqqaldır. Cahangir müəllimi uzun illərdir tanıyıram - ən gənc yaşlarımdan: o bizim ən fərqli müəllimlərimizdən olub. Həmin uzaq 80-ci illərdə Cahangir müəllimin mühazirələrinə qulaq asmaq həm də kitablarda yazılmayan, rəsmi tədbirlərdə, auditoriyalarda deyilməyən fikirləri eşitmək xoşbətliyi idi, əsl sürprizlərlə qarşılaşmaq demək idi. Cahangir müəllim o zaman da mətbuat jurnalistikasını, ədəbi proseslərdə baş verənləri, ictimai-siyasi prososləri yaxından izləyir və öz dərslərinə həm də bu proseslər barədə danışmaqla maraqlı çalarlar əlavə edirdi. O, XIX əsr rus junalistikasından danışa-danışa həm də müasir dövrə ekskurs edir, sovet mətbuatında baş verənlərə bəzən ezop dili ilə münasibətini bildirirdi.
Sonrakı illərdə də tale elə gətirdi ki, biz Cahangir müəllimlə tez-tez bir yerdə olduq, bir yerdə müxtəlif layihələr həyata keçirdik. Cahangir Məmmədli «525-ci qəzet»ə ən yaxın, doğma insanlardan, ən munis dostlardan biridir. Qəzetimiz haqqında ən gözəl xoş sözləri də Cahangir müəllim söyləyib. «525-ci qəzet» həmişə Cahangir müəllimi özünə müəllim, doğma insan, yazılarını səbirsizliklə gözlədiyi müəllif bilib. Təxminən on il bundan qabaq, hələ ölkədə İctimai Televiziya ideyası yeni-yeni ortaya çıxmağa başlayanda «525-ci qəzet» Cahangir müəllimin rəhbərliyilə İctimai Televiziya barədə layihə həyata keçirdi, seminarlar təşkil elədi və bunun nəticəsində də ictimaiyyət xeyli dərəcədə İctimai Televiziya sahəsində bilgilərə malik oldu. Və Cahangir müəllimin İctimai Televiziyasının Yayım Şurasının sədri seçilməsi də fikrimcə, obyektiv bir prosesin nəticəsi idi. Cahangir müəllimin ruhən gənc olması həm də onun gənclərin yazılarına reaksiyasından, tələbələrlə ünsiyyətdə kompleksiz, səmimi olmasından irəli gəlir. «525-ci qəzet»də tələbələrin praktikaya cəlb olunması işində Cahangir müəllimin böyük rolu var. Bu rol təkcə onu kafedra müdiri kimi rəsmi işindən irəli gəlmir, o həm də ürəkdən, candan gənc tələbə-jurnalistlərin redaksiyalarda olmasını, təcrübə keçməsini, praktik cəhətdən təcrübə qazanmasını arzulayır.
Cahangir müəllimin insan kimi, səfər yoldaşı kimi olduqca əvəzsizdir, onunla heç zaman darıxmırsan, sözlərindən doymursan. Məhz elə bu keyfiyyətlərinə görə biz Cahangir müəllimin 70 yaşında yox, daha gənc, özümüzlə həmiyaşıd hesab edirik, arzulayırıq ki, 80 illiyində də sevimli müəllimimizə belə yubiley təbriki göndərək.
Biz də AZXEBER.COM xəbər portalının bütün əməkdaşları adından müəllimimizi təbrik edirik. Onun hər zaman bizimlə olmasını arzulayırıq.
Sevil Rəsulzadə