Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Balaca Həmyə kəndində kənd sakini, 1969-cu il təvəllüdlü Eyvazov Qiyas Səməndər oğlu yaşadığı evin həyətində ov tüfəngi ilə baş nahiyəsinə atəş açaraq intihar edib. Fərdi əməklə məşğul olan 42 yaşlı kişinin özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Özünü güllələyən şəxs bir neçə gün əvvəl dərin stress keçirib. Məlumata görə, Q.Eyvazov özünə məxsus heyvanları kəndin yaxınlığında otarırmış və bu zaman yuxuya gedib. O, gözlərini açanda isə bir neçə canavarın mal-qaraya hücum etdiyini görüb. Ov tüfəngini özü ilə götürməyən kənd sakini canavarların ona hücum etməsindən qorxub və stress keçirib. Həmin gündən 3 uşaq atası olan şəxs psixi problemlər yaşayıb və özünə qapanıb. Araşdırmalar davam etdirilir.
Lent.az