“Fərid Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsidir və neçə illərdir ki, mən ona dərs deyirəm. Amma Aybəniz Haşımova ortaya düşüb deyir ki, guya Fərid onun yetirməsi olub. Boş-boş, ağzına gələni danışır. Olmaz axı belə. Tələbəni yetişdirən mən, ona müəllim kimi sahib çıxan başqası. Çox əsəbiyəm, haqsızlığa dözə bilmirəm” Bu sözləri ötən həftə mətbuata açıqlamasında əməkdar artist Cavan Zeynallı deyib.AZXEBER.COM xəbər portalı məsələylə bağlı kiçik araşdırma aparıb və Cavan Zeynallının yalanı üzə çıxıb. Fərid Məmmədov kimin tələbəsidir?İlk olaraq qeyd edək ki, Fərid Məmmədov Azərbaycan ictimaiyyətinə Aybəniz Haşımovanın rəhbəri olduğu“Bülbüllər” qrupunun solisti kimi tanınır. Yəni, Fərid İncəsənət Universitetinə daxil olmadan illər öncə artıq “Bülbüllər” qrupunun üzvü kimi cəmiyyətdə tanınıb. Araşdırmamız nəticəsində məlum olub ki, Aybəniz Haşımova Fəridə 6 yaşından etibarən 3 il müddətində fərdi dərslər keçib, gənc ifaçını peşəkar səhnəyə gətirib. Onun beynəlxalq müsabiqələrdə, televiziyalarda çıxışını təşkil edib. Daha sonra Fərid Məmmədovun İncəsənət Universitetinə daxil olub və Cavan Zeynallı da Fəridin universitet vaxtı çoxsaylı müəllimlərindən biri olub. Ancaq bu o demək deyil ki, universitetə daxil olandan sonra gənc ifaçının ilk müəllimi dəyişir.
Cavan Zeynallı niyə yalan danışır?
Belə olan təqdirdə maraqlıdır ki,əməkdar artist Cavan Zeynallı nəyə görə yalan danışır. Buna səbəb ilk növbədə özünü reklam ola bilər. Çünki bu günə qədər daha çox gülüş obyektinə, KVN teatrlarının hədəfinə çevrilən Cavan müəllim düşünüb ki, Fəridin adından istifadə etməklə özünü ciddi sənətkar obrazı yaratsın.
Bəlkə də müğənni başqa gənc ifaçıların adından istifadə edib bu imici qazana bilərdi. Ancaq Fərid Məmmədov elə gənc ifaçılardandır ki, hər kəs onu Aybəniz Haşımovanın yetirməsi kimi tanıyır. Buna aid fotolar, videoların sayı saysız hesabsızdır. Hətta bu yaxınlarda İctimai Televiziyanın 2007-ci il verilişlərində də Fəridin və “Bülbüllər” qrupunun Azərbaycan mahnısı tamaşaçılara göstərildi. Belə olan təqdirdə Cavan Zeynalının bu addımı özünü reklamdan başqa bir şey deyil. Əgər Aybəniz Haşımovanın yetişdirdiyi, sənətə gətirdiyi, dəstəklədiyi gənc İncəsənət Universitetinə daxil olursa bu Cavan müəllimin uğuru deyil, əksinə Aybəniz xanımın nailiyyətidir. Ancaq Cavan müəllimdən fərqli olaraq əməkdar artistimiz heç bir zaman Fəridin adından istifadə etməyib. Çünki Azərbaycan xalqına bəllidir ki, istedadlı gəncləri sənətə gətirən azsaylı müğənnilərdən biri, bəlkə də birinci Aybəniz Haşımovadır. Bəlkə də oxuculara sual versək ki, Cavan Zeynallının hansı tələbəsini tanıyırsız? Heç kim cavab verə bilməz.
Fərid bu haqda nə deyir?
Əslində bu məsələdə son sözü Fərid Məmmədov deyib.. Fərid “Eurovision”a seçilən kimi ilk təşəkkür etdiyi şəxs Aybəniz Haşımova olub. O şəxsi “facebook” profilində əməkdar artistin fotosunu paylaşıb və qazandığı uğurlara görə ona borclu oldğunu deyib. Əslində, Fəridin bu günə qədər onlarla, bəlkə də yüzlərlə müəllimi olub. Müdriklərin dediyi kimi, “insanın müəllimi çox olur, ancaq onu öyrədən az”. Fərid də onu öyrədən, sənətə gətirən, böyük səhnəyə çıxaran insana təşəkkür edib. Hətta "Eurovision" seçim turlarında da Fəridin yanında müəllimi Aybəniz xanım olub, orada Cavan Zeynallını görən olmayıb. Son olaraq qeyd edək ki, Cavan Zeynallı isə gənc ifaçının yüzlərlə müəllimindən biridir. Əslində, Cavan müəllim özü də bunu çox gözəl bilir, sadəcə özünü reklam üçün belə ucuz yola əl atıb. İstənilən halda deyə bilərik ki, bu heç də kişi müğənniyə yaraşan hərəkət deyil. Yaxşı olardı ki, Cavan Zeynallı kiminsə qiybətini etməkdən, kiminsə uğurunu kölgə salmaqdansa özü nəsə ortaya qoysun. Əgər bunu edə bilmirsə, sakit dayansın...