“Azəryolservis” şefi Həsən Əliyevdə olan yol təmirini qanunsuz parklanmaya görə dayandırıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanovla DYP arasında illərdir davam edən yol savaşı bitmək bilmir.
Son günlər paytaxtın bir neçə əsas prospektlərində aparılan təmir-tikinti işlərinin ləngiməsi və şəhərdə olan tıxacların dözülməz həddə çatması ilə bağlı daha əvvəlcədən məlumat vermişdik. Məlumatlarda Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əvvəlcədən açıqladığı müddətdən daha gec işləri təhvil verdiyi və bunun sürücülərin narazılığına səbəb olduğunu qeyd etmişdik.
AZXEBER.COM-un məlumatına görə, paytaxtın Həsən Əliyev (keçmiş İnqilab) küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində də işlər hələ də yekunlaşmayıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əvvəlcədən ictimaiyyətə açıqladığı 7-10 gün müddətində təhvil veriləcək iş demək olar ki, bir aydan çoxdur ki davam edir.
Bu gün artıq sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev verdiyi açıqlamada yolun təmirinin tamamilə dayandırıldığını deyib.P.Mürsəliyev işlərin dayandırılmasını qanunsuz parklanma ilə əlaqələndirib və DYP-nin buna göz yumduğuna işarə vurub:
"İyunun 17-si saat 23:00-dan etibarən küçənin bir hissəsində aparılan təmir işləri üzündən avtomobillərin hərəkətinə qadağa qoyulmuşdu. Təmir işləri 7-10 gün müddətində yekunlaşmalı idi. Lakin avtomobillərin yolu kobud şəkildə zəbt etməsi nəticəsində burada dözülməz vəziyyət yaranıb: "Vəziyyət artıq o həddə çatıb ki, ərazidə təmir işləri aparmaq mümkün deyil. Məhz bu səbəbdən bu gündən etibarən işlərin aparılmasının mümkünsüzlüyünü görən "Azəryolservis" ASC-nin rəhbərliyi ərazidən bütün texnikaların çıxarılması barədə qərar verib."
P.Mürsəliyev təmir işlərinin nə zaman bərpa olunacağı və yolun nə vaxt tam açılacağının məlum olmadığını deyir:
"Avtomobil sahibləri bütün xəbərdarlıqlara baxmayaraq avtomobilləri ərazidən götürmürlər. Bu vəziyyətdə təmir işlərini davam etdirmək mümkün deyil. Təmirin nə zaman bərpa olunacağı və işlərin nə zaman yekunlaşacağını deyə bilmərəm."
AZXEBER.COM