Cavid Qurbanovla bağlı yeni faktlar ortaya çıxdı

Cavid Qurbanovla bağlı yeni faktlar ortaya çıxdı
Bütün Xəbərlər
20:05 07.09.2012
1496

“Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun sürücüsü Mahir Lənkərani Azərbaycanı tərk edərək ölkədən qaçıb. Onun ölkədən qaçmasının səbəbləri, Azərbaycanda uzun illər hansı işlərlə məşğul olması, radikal dindarlarla bağlılığı və bu bağlılıqdan irəli gələn hərəkətləri ilə bağlı “Qafqazinfo”ya müdhiş xəbərlər daxil olub. Bu xəbərlər təxminən bir ay əvvəldən redaksiyamıza daxil olmağa başlasa da, bəzi dəqiqləşdirmələr aparmağımız informasiyanı yaymaqda ləngimələr yaratmışdı. Bu günlərdə isə hər şeyi bir daha dəqiqliyi ilə müəyyənləşdirəndən sonra bu xəbərləri yaymaq qərarına gəldik.

Belə ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən uzun müddət “Azəryolservis” ASC-nin sürücüsü kimi fəaliyyət göstərən Mahir Lənkəraninin hər kəsi şoka salacaq cinayət əməlləri aşkarlanıb. Məsələ belə olub ki, Azərbaycanda radikal dindarlara C. Qurbanovun sürücüsünün əlaqələri aşkarlanıb. Məlum olub ki, ölkədə fəaliyyət göstərən radikal dindarların əsas maliyyəçisi C. Qurbanovun sürücüsü Mahir Lənkəranidir. Xüsusi xidmət orqanları M. Lənkəraninin izinə düşərək uzun müddət araşdırmalar aparıblar. Aparılan araşdırmalar nəticəsində M. Lənkəraninin radikal dindarları maliyyələşdirdiyi və özünün şəxsən dini təlimlər keçərək xüsusi missiya daşıdığı müəyyənləşib. Məsələ haqqında yüksək instansiyalar, o cümlədən “Azəryolservis” ASC-nin rəhbəri C. Qurbanov məlumatlandırılıb. C. Qurbanov baş verənlərdən xəbərsiz olduğunu və sürücüsünü əməllərinə görə cəzalandıracağını deyib. Məlumata görə, elə həmin an da əmr verərək sürücü M. Lənkərani işdən qovub.Artıq xüsusi xidmətin onun izinə düşdüyünü görən M. Lənkərani bir neçə gün sonra imkan taparaq ölkədən qaça bilib. Onun İranda gizləndiyi ehtimal olunur.Bu arada M. Lənkərani haqqında əldə etdiyimiz bir neçə maraqlı nüansı da diqqətə çatdırmaq istəyirik. Qeyd edək ki, onun soy adı əslində Quliyevdir. Və ilkin şəxsiyyət vəsiqəsində Quliyev Mahir Allahverən oğlu kimi qeydiyyatdadır. Lakin təxminən beş altı il əvvəldən başlayaraq düşdüyü dini təsir nəticəsində soy adını dəyişərək Lənkərani olub. O, soy adını Ayətullah Məhəmməd Fazil Lənkəraninin şərəfinə dəyişdirərək belə adlandırıb. Bu arada bildirək ki, F. Lənkərani Azərbaycan dövlətinə və onun rəhbərlərinə qarşı hər zaman sərt mövqeyi ilə tanınıb. Bir neçə dəfə ölkəmizə qarşı sərt fətvalar verib. Məlumatlara görə, Mahir son illərdə demək olar ki, ardıcıl olaraq İrana səfərlər edib və hər dəfə də orada dini təlimlərdə iştirak edərək tapşırıqlarla Azərbaycana qayıdıb. Bundan başqa, o Azərbaycanın bölgələrində dindarlara xüsusi tapşırıqlar çatdırıb və onları təlimatlandırıb. Lakin Azərbaycanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər, son illər bəzi dindarların həbs olunması M. Lənkəraninin əməllərinin üstünün açılmasına səbəb olub. Bu arada deyək ki, onun adı digər ağır cinayətlərdə də hallanır və biz vaxtı gəldikdə bu barədə də oxuculara məlumatlar çatdıracağıq. Hələlik isə əlimizdəki informasiyaları dəqiqləşdirməklə məşğuluq.Bu arada “Qafqazinfo” olaraq belə ağır cinayətləri törədən M. Lənkəraninin rəisi C. Qurbanovun məsələyə münasibətini öyrənməyə çalışdıq. Onun həm mobil telefonuna, həm də rəhbərlik etdiyi qurumun mətbuat xidmətinə müraciət edərək yayacağımız xəbərlə bağlı münasibətini öyrənmək istədiyimizi dedik. Bilmək istəyirik ki, C. Qurbanov necə olub ki, Mahir Lənkəraninin fəaliyyətindən xəbərsiz olub? Sürücüdə dindarları maliyyələşdirəcək qədər pul haradan olub? Niyə rəis öz sürücüsünün ağır cinayətlərə bulaşmasına göz yumub? Hər halda biz bir cavaba müyəssər ola bilmədik. Qurumun mətbuat xidmətinin rəhbəri bildirdi ki, onun vəzifəsi ancaq yolla bağlı verilən suallara cavab verməkdən ibarətdir.Bildirmək istəyirik ki, C. Qurbanovun da mövqeyini dərc etməyə hazırıq və baş verənlərə hər hansı bir şərhi varsa buyurub açıqlama verə bilər.Mövzu isə diqqətimizdədir. Hazırda M. Lənkəraninin digər əməlləri haqqında da məlumatlar var ki, onu dəqiqləşdirməklə məşğuluq.

OXŞAR XƏBƏRLƏR