Qeyd edək ki, CeBIT sərgi-yarmarkası ənənəvi olaraq hər il keçirilir. Məhz bu tədbirdə il ərzində İKT sahəsində ən son yeniliklər nümayiş etdirilir. Sözügedən tədbir, təkcə Avropada deyil, ümumiyyətlə, bütün dünyada İKT sektorunu geniş şəkildə işıqlandıran forumdur. Hər il burada bir araya gələn müxtəlif peşə sahibləri, alim və mütəxəssislər, biznesmenlər dinamik inkişaf edən texnologiyalar sahəsində öz bilik və bacarığı ilə bölüşür, fikir mübadiləsi aparırlar.
Son illər ölkəmiz də bu tədbirdə yaxından iştirak edir. Ölkəmizin bu irimiqyaslı sərgidə iştirakı beynəlxalq təcrübədən yararlanmaqla yanaşı, İKT sahəsində imicinin möhkəmləndirilməsi baxımından da önəmlidir. Belə ki, Azərbaycanın İKT sahəsindəki potensialını nümayiş etdirmək və ən yeni texnologiyaların respublikamıza inteqrasiyası üçün geniş imkan yaranır.
Builki sərgidə telekommunikasiya, naqilsiz rabitə, proqram təminatı, İnternet, informasiya təhlükəsizliyi, bank və maliyyə xidmətləri sahəsinə dair texnologiyalar, həmçinin video və audio sistemlər, məişət elektronikası nümayiş etdiriləcək. Tədbirdə ənənəvi bölmələrlə yanaşı, elektron hökumət, innovasiya, rəqəmsal həyat və digər bölmələr də nümayiş etdiriləcək, mobil rabitə sektoru geniş təqdim olunacaq. Burada kompüter və informasiya texnologiyaları, innovasiyalar, kompüter qrafikası, rəqəmsal texnologiyalar, kompüter şəbəkəsi və şəbəkələr texnologiyası, bank texnologiyaları və elmi araşdırmalar təqdim edilir.
Ümumiyyətlə, bu beynəlxalq yarmarkada hər il bütün istiqamətlərdə aparıçı mövqe tutan istehsal müəssisələrinin təklif etdiyi bütün sahələri əhatə edən ən yeni məhsullar nümayiş etdirilir. Bunlar avtomatlaşdırılmış rabitə və idarəetmə, peyk, kosmik və radiorabitə sistemi avadanlıqları, televiziya və radio yayım vasitələri, optoelektronika, informasiya sistemləri, poçt rabitəsi üçün texniki vasitələr, məişət radioelektron aparatları, müxtəlif təyinatlı işlək və tətbiqi proqramlardır.
Yarmarkanın ilk günündə Hannover Sərgi Mərkəzində mükafat qazanmış məhsullar nümayiş etdiriləcək. “İF” məhsul dizayn mükafatının rəsmi təqdimat mərasimi də həmin gün baş tutacaq. 1953-cü ildən başlayaraq hər il təltif edilən "İF" mükafatı dizayn sahəsində yüksək ödüllərdən birinə çevrilib. Bu mükafatın əsası Hannover ticarət yarmarkasında “Die gute Industrieform” (Keyfiyyətli Məhsul Dizaynı) şousunda qoyulub və indi dizayn sahəsində dünyanın ən böyük yarışmalarından biri kimi tanınır. Bu il təşkilatçılar 16 kateqoriya üzrə dünyanın 43 ölkəsindən 2756 təklif alıblar.