Cəmi 48 gün vəzifədə oldu – Azərbaycanda ən az müddət postda qalan icra başçısı oldu

Cəmi 48 gün vəzifədə oldu – Azərbaycanda ən az müddət postda qalan icra başçısı oldu
MANŞET
12:29 30.12.2025
615

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Məlumata görə, E.İbrahimovun özəl şirkətlərdən qeyri-qanuni pul yığması ilə bağlı faktlar üzə çıxıb və məhz bu səbəbdən vəzifədən kənarlaşdırılıb. Qeyd edək ki, o, Nəsimi rayonuna cəmi 48 gün rəhbərlik edib. Qısa müddətə baxmayaraq, korrupsiya faktı onun icra başçısı kimi fəaliyyətinə son qoyub.

AZXEBER.COM-un araşdırması göstərir ki, icra başçısı postunu qısa müddətdə itirən və korrupsiya qalmaqalları ilə gündəmə gələn təkcə E.İbrahimov deyil.

Belə şəxslərdən biri Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovdur. O, 16 aprel 2014-cü ildə vəzifəyə təyin edilsə də, 6 il sonra – 20 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Korrupsiya, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə o, vəzifəsindən azad edilib.

 

Siyahıda növbəti ad Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Çərkəz oğlu Səmədovdur. 2011–2019-cu illərdə Yevlaxa rəhbərlik edən Səmədovun fəaliyyəti də korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə kölgələnib və istintaq fonunda vəzifəsindən uzaqlaşdırılıb.

 

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev isə 2012–2020-ci illərdə icra başçısı olub. O da 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb, korrupsiya və rüşvət ittihamları ilə Prezidentin Sərəncamı əsasında vəzifədən azad edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev təxminən 9 il rayona rəhbərlik edib. 29 aprel 2020-ci ildə DTX-nin xüsusi əməliyyatı zamanı saxlanılan Quliyev barəsində də korrupsiya faktları aşkar edilib və bu, onun icra başçısı karyerasına son qoyub.

 

 

Uzun illər icra başçısı kimi fəaliyyət göstərmiş şəxslərdən biri də Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevdir. 18 may 2011-ci ildə vəzifəyə təyin olunan Rzayev 14 ildən sonra – 30 oktyabr 2025-ci ildə DTX-nin əməliyyatı nəticəsində saxlanılıb və korrupsiya ittihamları ilə Prezidentin Sərəncamı əsasında vəzifəsindən azad edilib.

 

Korrupsiya ittihamı ilə saxlanılan və ən uzun müddət icra başçısı postunda qalan şəxslərdən biri isə Qax Rayonunun sabiq icra başçısı Musa Şəkiliyevdir. O, 12 aprel 2010-cu ildə vəzifəyə təyin olunub, 15 il icrada qaldıqdan sonra 20 iyun 2025-ci ildə DTX-nin əməliyyatı zamanı saxlanılıb. Ertəsi gün – 21 iyun 2025-ci ildə Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib.

 Şəhanə Ziyad

 

 

OXŞAR XƏBƏRLƏR