“Cəmiyyətimiz dəqiq informasiyanın mənbəyi kimi jurnalistikaya inanmalıdır” - Baş redaktor

“Cəmiyyətimiz dəqiq informasiyanın mənbəyi kimi jurnalistikaya inanmalıdır” - Baş redaktor
MEDİA
11:19 22.07.2025
251
"Bildiyiniz kimi, bu il Azərbaycanda milli mətbuatımızın 150 illik yubileyi qeyd olunur. Bu əlamətdar hadisə Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi” qəzetindən başlayaraq, Azərbaycan jurnalistikasının keçdiyi çətin və zəngin yolu yenidən xatırlamaq, eyni zamanda gələcəyə dair perspektivləri qiymətləndirmək üçün önəmli bir fürsətdir. Milli mətbuatımız maarifçilik ideyalarının yayılmasında, milli kimliyin formalaşmasında, azad sözün və ictimai şüurun inkişafında mühüm rol oynayır. 

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli Milli Mətbuatın 150 illik yubileyinin keçirilməsinə münasibət bildirərkən deyib.

Jurnalist əlavə edib ki, mətbuatımız Sovet dövründə senzuraya məruz qalsa da xalqın haqq səsini çatdıra bilib:

"Sovet dövründə senzura altında fəaliyyət göstərsə də, müstəqil jurnalistikamız yenə də xalqın səsini çatdırmaq, sosial problemləri gündəmə gətirmək üçün vasitə olub. 

Azərbaycan mətbuatı 150 illik zəngin tarixə malik olmaqla yanaşı, bu gün yeni bir transformasiya mərhələsindədir. Əsas çağırış informasiya bolluğu dövründə dəqiq, obyektiv və etibarlı informasiya ilə cəmiyyətə xidmət etməkdir. Şübhəsiz ki, bir sıra çətinliklər mövcuddur. Ancaq istənilən halda hədəf peşəkar, azad və məsuliyyətli medianın formalaşmasıdır”.

Media eksperti bildirib ki, rəqəmsal dövrün ən böyük problemlərindən biri sosial mediada yayılan təsdiqlənməmiş məlumatlardır:

"Son illər mediamız tamamilə yeni bir mərhələyə qədəm qoydu, azadlıqla bərabər məsuliyyət də artdı. Xüsusilə sosial şəbəkələrin və süni intelektin rolunun artdığı bu dövrdə geniş ictimaiyyət arasında yanlış informasiyaya tez inanmaq problemləri yaranıb. Ümumiyyətlə, rəqəmsal dövrün ən böyük problemlərindən biri məhz sosial mediada sürətlə yayılan təsdiqlənməmiş məlumatlardır. Bunun üçün də Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən media savadlığının artırılması istiqaməti üzrə bir sıra addımlar atılır. 

V.Həsənli hesab edir ki, cəmiyyətimiz dəqiq informasiya mənbəyi kimi daim jurnalistikaya inanmalıdır:

"Bəzən peşəkar jurnalistika ilə sosial şəbəkə bloggerliyi qarışdırılır. Ancaq bloggerlik heç zaman jurnalistikanın həqiqi missiyasını dəqiq yerinə yetirə bilməz. Bu baxımdan cəmiyyətimiz obyektiv və dəqiq informasiyanın mənbəyi kimi daim jurnalistikanı görməli, ona inanmalıdır”.

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR