"Cəmiyyətin inkişafına töhfələr vermiş milli mətbuat"

"Cəmiyyətin inkişafına töhfələr vermiş milli mətbuat"
SİYASƏT
13:04 21.07.2025
149
"Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik” - Ulu Öndər Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2024-cil tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi Sərəncam ölkəmizdə Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür. Bir əsr yarım şərəfli yol keçən Azərbaycan mətbuatı dövlətçilik tariximizin inkişafında misilsiz rol oynayıb. Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.  1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən "Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, medianın fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş qərarlar Ulu Öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur. Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən əmək kimi ifadə edirdi, jurnalistlərə hər zaman xüsusi münasibət bəsləyirdi. Bunun məntiqi nəticəsidir ki, Ulu Öndər dəfələrlə keçirilən sorğularda "Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Ümummilli Lider xarici ölkələrə olan səfərləri zamanı onu müşayiət edən jurnalistləri adlarına qədər tanıyırdı. Bu, onu həm mahir siyasət adamı, həm də insanların qayğısı ilə yaşayan millət adamı kimi səciyyələndirirdi. 

Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.

Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Əminliklə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin savaş günlərində dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirdi.

Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb. Jurnalistlərimiz Qarabağla bağlı tarixi həqiqətləri, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini bu gün də yorulmadan davam etdirirlər.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını böyük peşəkarlıqla həyata keçirən mətbuatımızın, postmüharibə dövründə də bu işi əzmlə davam etdirməkdədir. Azərbaycan mediası dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sülh təşəbbüslərinin, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən möhtəşəm bərpa-quruculuq işləri barədə xəbərlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır, Böyük Qayıdış prosesini geniş işıqlandırır.

Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu da, öz növbəsində, mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsini gündəmə gətirir. 2021-ci ildə Azərbaycanda "Media haqqında” Qanunun qəbul edilməsi ilə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları müəyyən olunub.

Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media məkanında islahatların dərinləşdirilməsinə imkan yaratmaqla, milli mətbuatımıza yeni ruh və nəfəs gətirib.

Artıq üç ildir ki, Milli Mətbuat Günü ərəfəsində Şuşa Qlobal Media Forumu təşkil edilir. Forum dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır. Şuşa Qlobal Media Forumuna dünya media orqanlarının artan marağı dövlətimizin media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlərin nəticəsidir.

Azərbaycan mediası Şuşadan, Xankəndidən, Xocalıdan, Füzulidən, Zəngilanda, Laçından və işğaldan azad edilmiş digər ərazilərimizdən xəbərlər, reportajlar hazırlayır, Qarabağın bərpasına informasiya dəstəyi göstərir. Dövlətçilik maraqlarını daim uca tutan jurnalist kollektivləri insanlarda yüksək milli şüur formalaşdırılması, cəmiyyətin ali məqsədlər uğrunda səfərbər edilməsi işinə dəyərli töhfələr verirlər.

Bu gün Azərbaycanın milli mətbuatı 150 illik yubileyini dövlət və xalqın birgə bayramına çevirməklə həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaşadır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.

Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri
OXŞAR XƏBƏRLƏR