“Əxlaqsızlığı xalqa sırıyanlara cavab: Qanun niyə qaçılmaz idi?” - Əfsələddin Ağalarov yazır...

“Əxlaqsızlığı xalqa sırıyanlara cavab: Qanun niyə qaçılmaz idi?” - Əfsələddin Ağalarov yazır...
SOSİAL
13:12 16.01.2026
1312

Əfsələddin Ağalarov 

Yaddaşı iti olanlar yaxşı xatırlayar. Bir ara bu sözlər dildən-dilə dolaşır, az qala hər gün təkrarlanırdı. İndi sanki bir qədər səngiyib. Uzaq keçmiş deyil, elə yaxın dövrün– beş-on ilin mərəzidir.

"Xalq nəyə baxırsa, onu göstəririk”,
"Cəmiyyət nəyi bəyənirsə, ona baxır”,
"Xalq istəyir, biz də açıb ortaya qoyuruq”.

Sadə insanlar bilməsə də, media cameəsi bunu çox yaxşı anlayır. İntellektual bir əsəri və ya layihəni ortaya qoymaq üçün ilk növbədə intellekt lazımdır. Məhz bu keyfiyyətdən məhrum olanların isə müğənniləri qarşı-qarşıya qoymaqdan, əqli qüsurlu insanları efirə çıxarıb reytinq qazanmaqdan başqa yolu qalmır. Yəni bu tip bəyanatların böyük əksəriyyəti blef və manipulyasiya vasitəsidir. Nəticədə məhvə sürüklənən əxlaq normaları olur.  

Ümumiyyətlə cəmiyyətin sağlam qalması üçün əxlaq mütləqdir. Bizdə əxlaq normaları dedikdə, cəmiyyətin qəbul etdiyi və insanların davranışını tənzimləyən yazılmamış mənəvi qaydalar sistemi nəzərdə tutulur. Heç kimə sirr deyil ki, bu sistem son illər ciddi şəkildə aşınıb, sıxışdırılıb və dərin deqradasiyaya uğrayıb. Daha acınacaqlısı isə budur ki, bunu dilə gətirən, etiraf edən insanlar əxlaqsızlığın bayrağını daşıyan azğın çevrələrin hədəfinə çevrilir.

Xatırlayanlar bilər. Yaxın vaxtlarda bir aparıcı efirdə rayondan Bakıya tələbə adı ilə gələn bəzi şəxslərin küçələrdə nümayiş etdirdiyi əxlaqsız davranışlara diqqət çəkmişdi. Nəticə nə oldu? Efirini bağladılar, üzərinə hücum çəkdilər, linç etdilər, söydülər.

Çünki bu gün mühafizəkar kəsimin dili olmaq, açıq danışmaq böyük bir çirkab ordusu ilə üz-üzə qalmaq deməkdir. Bu çirkab ordusu bərli-bəzəklidir, dəstəklənir, lakin intellektsiz və zavallıdır.

 ***

Prezidentin ötən gün təsdiqlədiyi qanun dəyişikliyi də məhz bu reallıqdan qaynaqlanır. Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə dəhşətli bir üfunət baş alıb gedir. Mövcud nizamsızlığa yeni qaydalarla intizam gətirilməyə çalışılır.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklə saytlar və sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik ifadə edən məzmunun yayılması qadağan olunur.

Ümumilikdə dünyada əxlaqi dəyərlərin qorunması və cəmiyyətlərin mənəvi dayaqlarının mühafizəsi üçün müxtəlif hüquqi mexanizmlər formalaşdırılır. Məsələn, Rusiyada bu sahədə oxşar yanaşma mövcuddur, lakin daha geniş ideoloji çərçivə əsas götürülür. Çində isə qaydalar daha sərtdir. Dövlət "ictimai əxlaq” anlayışını birbaşa milli təhlükəsizliklə əlaqələndirir və media ilə sosial platformalarda açıq, çılpaq, cəmiyyəti narahat edən görüntülər yayanlar həbs edilir.

ABŞ və Qərb modelində isə tez-tez yanlış anlaşılan nüanslar var. Burada bu funksiyanı əsasən dövlətlə platformaların birgə əməkdaşlığı həyata keçirir. Birbaşa həbs və cəza mexanizmləri az tətbiq olunur, lakin bütün qərarlar milli kimliyin və əxlaqi dəyərlərin qorunmasına xidmət edir.

Bu baxımdan, qəbul edilən yeni qanun Azərbaycan ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə isə iş qanunla bitməməlidir. Qanun var, cəza var. Amma xalqın dəyərlərini, milli kimliyini yalnız xalq özü qoruya bilər.

OXŞAR XƏBƏRLƏR