'Cənab Prezidentin harın və yerini bilməyən məmurlara göstərdiyi sərt təpki geniş xalq kütləsi tərəfindən rəğbətlə qarşılanıb'

Bütün Xəbərlər
17:00 14.02.2013
1834

Cənab Prezidentin söyədiyi fikirlərin kimə ünvanlandığı hər kəsə gün kimi aydındır və həmin məmurlar əllərindəki son şansı dəyərləndirməsələr, fəaliyyətlərini nizama salmasalar güman edirəm ki, daha sərt cəzalarla üz-üzə qalmalı olacaqlar.

Gün.Az xəbər verir ki bu fikirləri politoloq Elşən Musayev Bakı Biznes Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən söyləyib.

Politoloq daha sonra bunları söyləyib:

Çox təəssüf edirəm ki, bəzi məmurlar həqiqətən də öz təyinatlarının mahiyyətini və daşıdıqları vəzifənin məsuliyyətini anlamış, dərk etmiş durumda deyillər.

Ya da bu nüansı vaxtaşırı, dinamik şəkildə özlərinə məxsus eyforiyaya qapılıb unudurlar. İnsanların problemini görməzdən keçirlər, bəzənsə həmin o problemin elə mənbəyi rolunda çıxış edirlər.

Aralarında hətta özünü əlahiddə səlahiyyət sahibi hesab edib, sərgilədikləri yarıtmaz fəaliyyətlə xalqın bəlli bir qismini mövcud iqtidardan, hakimiyyətdən narazı salanlar da tapılır.

Bu isə ümumi işin, yürüdülən siyasətin ziddinədir. Elə bu səbəbdəndir ki, cənab Prezidentin harın və yerini bilməyən məmurlara göstərdiyi sərt təpki geniş xalq kütləsi tərəfindən rəğbətlə qarşılanıb və ölkə başçısına ciddi dəstək ifadə olunub.

Digər bir məsələ isə, həmin yüksək rütbəli dövlər qulluqçularının öz ailə üzvləri üçün yaratmış olduğu sərbəstlik, məsuliyyətsizlik, qudurğanlıq mühitidir ki, möhtərəm Prezident bu kimi neqativ faktlara qarşı da ən sərt şəkildə hiddətini nümayiş etdirmiş oldu.

Və deyim, bu təpki həm də gözlənilən idi. Çünki yerli idarəetmə orqanlarında, ələxsus da bölgələrdə ümumi nəzarətdən kənar qaldığını düşünərək özünü tabeçiliyində olan məsələlərə deyil, övladlarının, ailələrinin ərköyünlüyünə həsr edən məmurlar da var.

Nəticə isə sadə xalq kütlələrinin, vətəndaşların bezdirilməsi, səbrinin tarıma çəkilməsi, iqtidardan narazı salınması ilə müşahidə olunur. Bu da heç şübhəsiz ki, həm siyasi, həm də mənəvi baxımdan yolverilməzdir.

Gerçəkdən o cür məmur övladları var! Eynən cənab Prezidentin qeyd etdiyi kimi: günahsız insanları təhqir edənlər, üzərlərində silah gəzdirənlər... Hələ vaxtaşırı bir az da irəli gedib öz başı boşluqlarının, səviyyəsizliklərinin, nəticəsi olaraq dövlətçiliyi, ictimai-asayişi təhlükə altında qoyanlar da tapılır.

Bu isə, həmin şəxslərin özlərindən öncə məmur atalarının yaratmış olduğu münbit şəraitin nəticəsidir! Eyni zamanda daşıdığı məsuliyyətdir!

Yürüdülən siyasətə tamamən zidd olan bu presidentin digər kritik tərəfi isə, həmin ərköyün, pambıq içində böyüyən balaların təkcə həyatda, məişət sektorunda qudurdulması deyil, eyni zamanda dövlət struklarında da rəhbərliyin diqqətindən kənar, saxta təqdimatla irəli çəkilməsidir.

Bu isə bir müddətdən sonra ən ağır nəticələrlə, fəsadlarla müşayət olunur, insanlarda mənəvi aşınma yaradır, cəmiyyətdə ayrıseçkilik mühiti formalaşdırır.

Odur ki, Cənab Prezidentin söylədiyi, sadaladığı fikirlər tam yerinə və məqamına təsadüf edib. Hər kəs mübarizə aparmalıdır həmin insanlarla! Hər kəs öz yerini bilməlidir! Bilməyənlərə, bilmək istəməyənlərə də layiq olduqları əsl yer göstəriləcək!

OXŞAR XƏBƏRLƏR