Cənubi azərbaycanlılara güzəşt edilmədi

SİYASƏT
14:38 13.06.2013
1826

İyunun 13-də Milli Məclisdə Miqrasiya Məcəlləsinin layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 1945-46-cı illərdə Cənubi Azərbaycanda milli hökumət yaradılıb: “Sonradan bu hökumət süquta uğradı və güneydən quzeyə mühacirlər gəldi. Onlara müvəqqəti sənəd verilib, lakin onlar Azərbaycan Respublikasının vətəndaşları deyillər. Onların sayı indi təxminən 500-600 nəfərdir. Onlar da Azərbaycan vətəndaşlığı barədə sənəd təqdim edərkən müəyyən dövlət rüsumu ödəməlidirlər. Rüsumun məbləği 110 manatdır. Bəlkə biz dövlətə müraciət edə bilərik ki, onlar bu rüsumu ödəməkdən azad edilsinlər”. Əli Hüseynli uşağın digər valideynin icazəsi olmadan onun ölkədən çıxarılmasına icazə verilməməsi barədə ötən iclasda qaldırılan məsələyə də toxunub: “Gərək biz bu məsələdə emosiyaya qapılmayaq. Çünki uşaqların Azərbaycandan çıxarılması, qaçırılması kimi sui-istifadə halları ola bilər. Valideynlərdən biri digər valideynin uzun müddətdir ölkədə olmadığını bildirirsə, öncədən məhkəməyə müraciət edə bilər. Çünki məhkəmə qərarı olmayana qədər digər valideynin də valideynlik hüququ qalır. Valideynlər öncədən tədbirlərini görməlidirlər”. Əli Hüseynli ölkəyə daxil olan əcnəbilərin qeydiyyatı üçün Ukraynada bir gün, bir sıra Avropa ölkələrində isə iki gün vaxt verildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda ölkəyə daxil olan əcnəbilərə qeydiyyata düşmək üçün verilən üç günlük müddət yetərlidir. Əli Hüseynli təhlükəli virus daşıyıcısı olan şəxslərə vətəndaşlıq verilməməsi təklifinə münasibət bildirərkən bu məsələni Səhiyyə Nazirliyinin tənzimləməsini vacib sayıb. Müzakirələr zamanı deputat Sabir Rüstəmxanlı Miqrasiya Məcəlləsində Güney Azərbaycandan olanlarla digər əcnəbilər arasında fərq qoyulmasını istəyib. Ancaq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, bu tipli məsələlərdə beynəlxalq hüquq qaydalarından kənara çıxmaq mümkün deyil. Sonda Miqrasiya Məcəlləsi üçüncü oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR