Tofiq Abbasov
Dünya siyasətində həmişə özünün neytral xüsusiyyəti ilə seçilmiş İsveçrə Cənubi Qafqaza sülh gətirmək niyyətini açıqlayıb.
Gələn ilin ilk günündən ATƏT-də sədrliyə başlayacaq İsveçrə, geosiyasi cəhətdən daha çevik görünən ölkələrdən fərqli olaraq, sülhməramlı ruhla Qarabağdakı vəziyyəti dəyişmək istəyir. Rəsmi Bern artıq Cənubi Qafqaz üzrə xüsusi emissarını da təyin edib. Söhbət təcrübəli diplomat Ancelo Qnadungerdən gedir ki, o, xeyli sülhpərvər xidmətləri ilə tanınır.
Ola bilsin ki, yenicə təyinat almış xüsusi nümayəndə karyerası boyunca ciddi və ələgəlməz problemlərin həllinə nail olub. Lakin bu, Qarabağ böhranında da tezliklə dönüş yaradılacağını deməyə əsas vermir. Məsələ ondadır ki, hər münaqişənin fərqli özəllikləri olur və problemli vəziyyət, münaqişə edən tərəflərin istəyindən asılı olmayaraq beynəlmiləlləşir. Belə olduqda da, fövqəlqüvvələr ipuclarını əllərindən buraxmaq istəmir. Çünki yeni həll konfiqurasiyalarının qurulma prosesinə öz strateji maraqlarını qatmaq onlar üçün münaqişə tərəflərinin gözləntilərindən daha vacibdir.
Dünən də, bu gün də aydın görünən odur ki, Cənubi Qafqazın dünya geosiyasətindəki rolu sürətlə artır. Ermənistan-Azərbaycan qarşıdurması fonunun arxasından digər vacib meyil və cərəyanlar boylanır. Onların istiqamətləndirilməsi, tənzimləmə və idarəetməsini güc mərkəzləri qəti əldən vermək istəməyəcək.
Bu səbəbdən böhranın həllində elə bir vasitəçiliyə ehtiyac duyulur ki, münaqişədən əziyyət çəkən tərəflərin dərdi arxa plana atılmasın. Başqa sözlə, elə vəziyyət formalaşdırmaq lazımdır ki, nəhəng oyunçular Qarabağ münaqişəsinin fiqurantlarının maraqlarına barmaqarası baxmayıb, problemin həllinə çalışsınlar.
Bu mənada, yeni ildə fərqli vəziyyət yarana bilər, çünki İsveçrə vasitəçilik imkanları baxımından sıradan biri deyil. Bu ölkənin dünya siyasətində ona görə mühüm yeri olub və var ki, müşkül məsələlərə həmişə qeyri-standart münasibətlə yanaşmağı bacarıb. Ona görə də, digər ölkələrdən fərqli olaraq, hətta mümkünsüz olduqda belə, faydalı əmsal əldə edə bilib.
Hazırda dünya siyasəti özünün formatını dəyişdirmək məcburiyyəti qarşısındadır. Bu onunla bağlıdır ki, qlobal meydanda münaqişəli vəziyyətlər say etibarı ilə çoxalıb. Onların əksəriyyəti nizamlanmadan xeyli uzaqdır. Və bir çox böhranların asılı vəziyyəti əsas oyunçuları bir o qədər də düşündürüb narahat etməsə də, mühüm əhəmiyyətə malik bölgələrdəki münaqişələrin tezliklə həlli yolunun tapılması zərurətə çevrilir. Əks təqdirdə, onların daha böyük miqyas almaq ehtimalı var.
Qarabağ problemi də bu qəbildəndir. Onun həll yolu tezliklə tapılmasa, münaqişə yeni və daha təhlükəli təzahürlərlə bir çox ölkələrin planlarına təhdidlər törədə bilər ki, bu da dünya liderlərinə indiki zamanda lazım deyil.
Azərbaycanın qlobal enerji sektorunda rolu artdıqca, qitələr arasında, daha doğrusu, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat-kommunikasiya dəhlizlərinin sistemli istismarında da əvəzsiz rol oynayır. Bütün bunlar həm Azərbaycanın öz ərazisində, həm də ümumiyyətlə, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsini zəruri edir.
Bütün baxış bucaqlarından görünən həqiqətlərdən biri odur ki, nisbətən kiçik dövlətlər daha böyük və nüfuzlu oyunçuların himayəsinə ehtiyaclıdırlar. Lakin bu kontekstdə Azərbaycan, ola bilsin yeganə istisnadır ki, həm postsovet məkanında, həm də Avrasiya sərhədlərində ikinci İsveçrəyə çevrilməyə yaxındır. Özü də bu, ölkə ərazisində 20 ildən artıq davam edən münaqişənin fonunda baş verib.
Rəsmi Bakı uzaqgörən siyasi xətt götürməklə tərəf-müqabilləri ilə birgə reallaşdırdığı və reallaşdırmaq istədiyi işlərin zəruriliyini yalnız bir amalla izah edib ki, bu da təbii maraqların təmin olunmasıdır. Azərbaycanın milli maraqları əksər hallarda şaxələnən olub və bu səbəbdən də, tək özünə deyil, qonşu dövlətlərə, həmçinin uzaqda qərar tutmuş tərəfdaşlara da fayda gətirib. Bu sırada Ermənistan oyundan kənarda qalıb ki, bunun da nədən qaynaqlandığı tam bəllidir.
Əgər yeni ildə Bern imkan və səriştəsini səfərbər edib Qarabağ probleminin vasitəçiliyini yeni keyfiyyət mərhələsinə qaldıra bilsə, onda Cənubi Qafqazda indikindən fərqli, daha aydın gerçəklik yarana bilər. Bu isə tək Azərbaycana lazım deyil, geosiyasi saflaşmanın, yeniləşmənin sorağında olanlar çoxdur.
Etibarlı qonşuluq siyasətini, fəal tərəfdaşlıq konsepsiyasını reallaşdıran məmləkətlər ümidlidirlər ki, yeni geosiyasi reallıqlar Azərbaycana ədalətli sülhlə bərabər, daha böyük imkanlar gətirəcək. Cənubi Qafqazın öncül dövləti bu gün hətta böyüklərin ümidlərini də doğrultmağa qadirdir. Dönüşü həqiqətən istəyənlərin arasında sülhsevərliyi ilə həmişə diqqət çəkmiş İsveçrə də var. Ona görə bu ölkənin hərəkətlərindən fayda gözləməyə dəyər.