“Azərbaycan öz ətrafında tam müstəqil dövlətlərin olmasını istəyir”
“Cənubi Qafqazda münaqişələr 20 ildir davam edir və hər üç ölkə bundan əziyyət çəkirlər. Münaqişələrin həlli vahid iqtisadi və siyasi məkan yaratmağa kömək edər”.
APA-nın məlumatına görə, bu barədə “Dəyişən dünyada Cənubi Qafqaz” 2-ci forumunun ikinci günündə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
Rəsmi Bakının beynəlxalq hüquqa söykənərək, Ermənistanın Azərbaycanın sərhədlərini güclə dəyişdirilməsini təsdiqlədiyini deyən Fərhad Məmmədov bildirib ki, bu faktBMT Təhlükəsizlik Şurası da daxil olmaqla bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrdə əks olunur.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ də icra edilməyib. Təhlükəsizlik Şurası Liviya ilə bağlı qətnamə qəbul edəndən bir neçə saat sonra qətnamənin icrasına başlanılıb, amma Dağlıq Qarabağla bağlı qətnamə hələ də icra olunmayıb. Əgər bu baş vermirsə, Azərbaycan öz imkanlardan istifadə etməli məcburiyyətində qalır, bundan biri də Ermənistana qarşı cəzalandırıcı tədbirlərdir. Bu gün Ermənistan izolyasiyaya məruz qalıb, Azərbaycan isə öz hərbi büdcəsini artırır. Ermənistan regionda əsas enerji layihələrdən kənarda qalıb. 2006-cı ilə qədər bu ölkə öz iqtisadiyyatını əsasən xaricdə yaşayan diaspora sayəsində artıra bilirdi. Lakin 2008-ci ildə başlayan maliyyə böhranından sonra inkişaf azalıb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yalnız torpaqların itirilməsi, 1 milyonun qaçqın və məcburi köçkünün olması nöqteyi-nəzərdən baxır. Çünki ölkəmiz özünün bütün istəklərinə nail olub, öz gələcəyini aydın şəkildə qurur. Əgər Ermənistan öz gələcəyi barədə düşünürsə, konstruktiv olmalı, öz işğalçı ordusunu geri çəkməlidir”.
F. Məmmədov eyni zamanda əlavə edib ki, Cənubi Qafqazda öz xarici siyasətini müəyyənləşdirə bilməyən ölkələr var: “Ermənistan da bu ölkələrdəndir və Rusiyadan asılıdır. Bir tərəfdən Ermənistan Avropa İttifaqı ilə assosiativ saziş imzalayır, digər tərəfdən isə ölkənin ənənəvi müttəfiqi Rusiya var. Bu, ölkə daxilində çəkişmələrə səbəb olur. Dənizə çıxışa olmayan ölkə şərqdə və qərbdə olan qonşularla yaxşı əlaqələrdə olmalıdır, bu, aksiomadır. Gürcüstan Türkiyə və Azərbaycanla əməkdaşlıq edərək, öz iqtisadiyyatını gücləndirib. Biz də istəyirik ki ətrafımızda tam müstəqil ölkələr olsun”.
ATƏT-in Minsk Qrupu çərçivəsində gedən danışıqlarda tərəqqinin olmamasına toxunan F. Məmmədov bildirib ki, qrupa daxil olan dövlətlər dünyanın ən qüdrətli ölkələrdir və Təhlükəsizlik Şurasının daimi üzvləridir: “Danışıqlar səmərəli deyil. Biz inanırdıq ki, Minsk Qrupu öz qərarlarına hörmət edərək, Ermənistanı öz ordusunu Dağlıq Qarabağdan çıxartmağa məcbur edəcək”.