Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…

Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
SOSİAL
13:59 28.10.2026
173
 
Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə cərimələrin kameralar vasitəsilə qeydə alınması ilə bağlı təklif irəli sürülüb.

Təklifə əsasən, sürücünün hərəkət zamanı telefonu əlində saxlayaraq istifadə etməsinin texniki vasitələrlə aşkarlanması və pozuntuya görə elektron qərarın rəsmiləşdirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində sükan arxasında telefondan istifadəyə qarşı daha sərt qaydalar tətbiq edilir. Bəzi dövlətlərdə sürücülər yüksək məbləğdə cərimə ilə yanaşı, sürücülük vəsiqəsinə cərimə ballarının yazılması, hətta sürücülük hüququnun müvəqqəti dayandırılması ilə də üzləşirlər.

AZXEBER.COM dünyanın müxtəlif ölkələrində sürücülərin sükan arxasında telefondan istifadəyə görə hansı cəzalarla üzləşdiyini və bu pozuntulara qarşı hansı üsulların tətbiq edildiyini araşdırıb.

Avstraliya
Avstraliya sükan arxasında telefondan istifadəyə qarşı mübarizədə texnologiyadan yararlanan ölkələrdəndir. Burada bəzi ştat və ərazilərdə xüsusi kameralar vasitəsilə sürücülərin telefondan istifadəsi aşkarlanır.

Kvinslend ştatında 2026-cı ilin iyulundan qüvvədə olan tariflərə əsasən, qanunsuz telefon istifadəsinə görə cərimə 1 295 Avstraliya dollarıdır (təxminən 1 548 manat). Sürücünün hesabına əlavə olaraq dörd cərimə balı da yazılır.

Böyük Britaniya
Böyük Britaniyada sürücünün avtomobil idarə edərkən mobil telefonu əlində saxlayaraq istifadə etməsi qadağandır. Qadağa təkcə danışıq və mesajlaşmaya deyil, telefon vasitəsilə internetə baxmağa, foto və video çəkməyə, eləcə də digər funksiyalardan istifadəyə şamil olunur.

Qayda svetoforda dayanmış və ya tıxacda gözləyən sürücülərə də aiddir. Yəni avtomobilin müvəqqəti dayanması telefonu əlinə götürməyə avtomatik icazə vermir.

Pozuntuya görə sürücünü 200 funt sterlinq (təxminən 452 manat) cərimə və sürücülük vəsiqəsinə altı cərimə balının yazılması gözləyir. Sürücülük imtahanını son iki il ərzində verən şəxslər altı bal topladıqda vəsiqələrini itirə bilərlər. İş məhkəməyə çıxarıldıqda daha yüksək cərimə və sürücülük hüququndan məhrumetmə də mümkündür.

Sinqapur
Sinqapurda sürücünün hərəkətdə olan avtomobildə mobil rabitə cihazını əlində saxlayaraq onun funksiyalarından istifadə etməsi cinayət məsuliyyətinə səbəb ola bilər.

İlk dəfə belə pozuntu törədən şəxsi 1 000 Sinqapur dollarınadək (təxminən 1 326 manat) cərimə, altı ayadək həbs və ya hər iki cəza gözləyə bilər. Təkrar pozuntu zamanı isə cərimə 2 000 Sinqapur dollarınadək (təxminən 2 652 manat), həbs müddəti isə 12 ayadək yüksələ bilər. Bundan əlavə, bu pozuntuya görə sürücüyə 12 cərimə balı tətbiq olunur.

Fransa
Fransada sükan arxasında telefonu əlində saxlayaraq istifadə edən sürücülər 135 avro (təxminən 255 manat) cərimə və sürücülük vəsiqəsinə üç cərimə balının yazılması ilə üzləşirlər.

Bununla belə, ölkədə daha sərt tədbirlər də tətbiq edilir. Fransanın bir sıra departamentlərində telefonu əlində saxlayan sürücülərin vəsiqəsinin məhkəmənin yekun qərarını gözləmədən inzibati qaydada dayandırılması mexanizmindən istifadə olunur. Müvafiq hüquqi əsaslar çərçivəsində sürücülük vəsiqəsinin dayandırılması müddəti altı ayadək çata bilər.

Yaponiya
Yaponiyada avtomobil idarə edərkən telefonu əlində saxlayaraq istifadə etmək qadağandır. Pozuntunun yol hərəkəti üçün təhlükə yaratması halında isə daha ağır cəzalar tətbiq olunur.

Telefonu əlində saxlayaraq istifadə edən adi avtomobil sürücüsü 18 000 yen (təxminən 194 manat) məbləğində cərimə və sürücülük vəsiqəsinə üç cərimə balının yazılması ilə üzləşə bilər. Qanun pozuntusuna görə altı ayadək həbs və ya 100 000 yenədək (təxminən 1 077 manat) cərimə də nəzərdə tutulur.

Əgər telefon istifadəsi yol hərəkəti üçün təhlükə yaradarsa, cəza daha da ağırlaşır. Bu halda bir ilədək həbs və ya 300 000 yenədək (təxminən 3 231 manat) cərimə, eləcə də sürücülük vəsiqəsinə altı cərimə balının yazılması mümkündür.

Niderland
Niderlandda avtomobil idarə edərkən mobil telefonu, planşeti, naviqasiya cihazını və digər elektron vasitələri əlində saxlamaq qadağandır. Qayda yalnız telefonla danışmağa deyil, cihazın əldə saxlanılmasına da şamil edilir.

2026-cı ildə bu pozuntuya görə cərimə 440 avrodur (təxminən 832 manat).

Niderlandda sürücülərin telefondan qanunsuz istifadəsini aşkar etmək üçün xüsusi kameralardan da istifadə olunur. Kamera görüntüləri səlahiyyətli əməkdaşlar tərəfindən yoxlanılır və pozuntu təsdiqləndikdə cərimə tətbiq edilir.

Almaniya
Almaniyada sürücülərin avtomobil idarə edərkən telefonu əlində saxlayaraq istifadə etməsi qadağandır. Qayda yalnız mobil telefonlara deyil, diqqəti yayındıra bilən digər elektron cihazlara da şamil olunur.

Adi pozuntuya görə sürücüyə 100 avro (təxminən 189 manat) cərimə və bir cərimə balı tətbiq edilir.

Əgər telefon istifadəsi yol hərəkəti üçün təhlükə yaradarsa, cərimə 150 avroya (təxminən 284 manat) yüksələ bilər. Bu halda sürücüyə iki cərimə balı yazılır və bir aylıq sürücülük qadağası tətbiq oluna bilər. Pozuntu nəticəsində maddi zərər yaranarsa, cərimə 200 avroya (təxminən 378 manat) çata bilər.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
13:21 28.10.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
13:17 28.10.2026
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
13:08 28.10.2026
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
13:04 28.10.2026
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
12:56 28.10.2026
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır