JEM mərhum jurnalistlərlə bağlı problemi ictimailəşdirirJurnalist Ekspert Mərkəzi (JEM) mərhum jurnalistlərin ailələrinə yardımla bağlı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Mətbuat Şurasına müraciət edib.JEM-in sədri Ceyhun Musaoğlu açıqlamasında bildirib ki, tanınmış fotoreportyor Əjdər Nağıyevin qəflətən dünyasını dəyişməsi bu təklifin əsasını təşkil edən problemin aktuallığını bir daha gündəmə gətirdi: “Əjdər ucqar bir kənddə dəfn edildi və 14 evdən ibarət olan yolsuz kəndə həmkarları ilə vidalaşmaq üçün cəmi 4 yazar gedib çıxa bildi. Amma çoxumuz mərhum həmkarımızın yas mərasimində iştirak etmək, onun ailəsinə təsəlli vermək istəyirdik. Belə işləri təşkil etmək lazımdır. Əjdər kirayədə qalırdı, onun xanımı bundan sonra da həyatını özgə evində davam etdirməyə məcburdur. Jurnalistikada üst qurum kimi qəbul etdiyimiz təşkilatlar var. Onların belə məsələlərdə söz sahibi olması, təşkilati məsələləri üzərlərinə götürməsi vacibdir”.JEM sədri müraciətində mərhum jurnalist Ceyhun Nağının ailəsinin də eyni durumda olmasına diqqət çəkib: “Ceyhun Nağının həyat yoldaşı azyaşlı uşağı ilə valideynlərinin himayəsində qalır. Onlarla qonşu olduğum üçün bilirəm ki, dəstəyə ehtiyacları var”.C.Musaoğlunun sözlərinə görə, dünyasını dəyişən başqa həmkarlarımızın ailəsi ilə də maraqlanmaq vacibdir: “Onların dərdinə ən yaxın bələdçi biz olmalıyiq”.Prezidentin sərəncamı ilə mənzilə ehtiyacı olan jurnalistlər üçün yaşayış binasının tikilməsini böyük hadisə kimi xarakterizə edən JEM sədri KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanladığı müraciətdə konkret təkliflər də irəli sürüb: “Dünyasını dəyişən jurnalist ailələrinin durumundan demək olar ki, xəbər tutmuruq. Jurnalistikadan fərqli olaraq başqa sahələrdə çalışan insan bu və ya digər səbəbdən vəfat edəndə onun yas mərasimlərini həmin müəssisənin rəhbərliyi üzərinə götürür, mərhumun ailəsinin sosial problemlərinin həllində yaxından iştirak edirlər. Təklif edirik ki, mərhum jurnalistlərin dəfn mərasimlərinin təşkili, ailələrinə birdəfəlik yardımların edilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tədbirlər həyata keçirsin. Dünyasını dəyişən jurnalistin ailəsi kirədə qalırsa, ilk növbədə onların mənzillə təmin olunması əsas kimi götürülsün. Biz olduqca həssas peşə ilə məşğuluq, ona görə də jurnalistlərə yanaşmada da həssas olmaq mətbuatın inkişafına təkan verər”.