- Son dönəmlərdə xaricdə təhsil alan gənclərin adı müxtəlif siyasi proseslərdə çox hallandırılır. Buna münasibətiniz necədir?
- Gənclərimizi xaricdə təhsil alan və ya almayan deyə qruplara bölüb parçalamaq lazım deyil. Bizim üçün hər iki kateqoriyaya aid olan gənclərimiz çox əzizdir. İnkişafımız üçün hər bir insanımızın potensialından istifadə etməliyik. İstənilən gəncin siyasətlə məşğul olması normaldır. Amma unutmamalıyıq ki, Azərbaycanda yaş həddi imkan verənlərin yalnız 10 faizi partiya üzvüdür. Elektoratın təxminən 90 faizi heç bir partiyanın üzvü deyil. Demək ki, çoxluq neytral mövqeli insanlardır. Ona görə də bir qrupun siyasi mövqeyini çoxluğa aid etmək düzgün deyil!
- Sizcə, xaricdən gələn təsirlərlə xaricdə təhsil alan gənclər arasında bağlılıq nə qədərdir?
- Xaricdən gələn təsirlərlə xaricdə təhsil alan gənclər tamam ayrı anlayışlardır. Xaricdən gələn bütün təsirlərin də mənfi olduğunu söyləmək olmaz. Məsələn, əgər xaricdən elmi inkişaf, texnoloji inkişaf, keyfiyyətli təhsil, tibb, rabitə, informasiya texnologiyaları, “know how” və s. inkişafa xidmət edən cərəyanlar gəlirsə, bunun nəyi pisdir ki? O ki, qaldı mənfi təsirlərə, sirr deyil ki, bu gün hələ də müstəqilliyimizi həzm edə bilməyən, bizə yuxarıdan aşağı baxmağa cəhd göstərən, ərazi bütövlüyümüzə qəsd edən, daxili işlərimizə qarışmağa cəhd edən, təbii sərvətlərimizə göz dikən, inkişafımızı gözü götürməyən xarici ölkələr və onlara dəstək göstərən, və ya özü də fərqinə varmadan belə qüvvələrə alət olanlar var. Amma o demək deyil ki, bu qüvvələrdən danışarkən xaricdə təhsil alan gənclərimiz ağıla gəlməlidir. Bu yolverilməzdir. Ona görə də mən təəssüf edirəm ki, bəzi müxalif partiyalar, radikal şəkildə qütbləşmiş qruplar və media nümayəndələri əsassız olaraq xaricdəki gənclərimizin adını hallandırırlar. Müxalifət və ya iqtidar partiyası nümayəndəsi olmasından, xaricdə və ya daxildə yaşamasından asılı olmayaraq, hər kəsin fəaliyyəti qanunla tənzimlənməlidir. Əgər hər hansı fərd və ya qurum qanuna zidd çağırışlar edirsə, bu həmin şəxsin və qurumun öz adına şamil olunmalıdır. Ona görə də qətiyyətlə deyirəm ki, xaricdə təhsil alan gənclərlə bağlı yanlış fikirlərə son qoyulmalıdır. Bu gün xaricdə təhsilini başa vurub dönən gənclərimizin mütləq əksəriyyəti ölkəmizin inkişafı üçün kadr bankı, xaricdə qalanar isə bizim mənəvi səfirlərimiz və təmsilçilərimiz rolunu oynayır. Dövlətimiz hər zaman bu gənclərə sahib çıxır və çıxacaq.
- Siz tez-tez xaricdə təhsil alan gənclərimizlə görüşürsünüz. Onların ölkəmizlə bağlı düşüncələri necədir?
- Bu gün xaricdə təhsil alan 11 minə yaxın gəncimiz var. Böyük bir faiz gənc də xaricdə təhsil alıb vətənə dönüblər. Dünyada nə qədər insan varsa, o qədər də fərqli və rəngarəng fikir var. Ona görə də bir cavabla bütün gənclərimizin adından danışmaq ədalətsizlik olardı. Ümumi məqsəd mütləq əksəriyyətdə eynidir – vətənimizin, millətimizin və dövlətimizin inkişafına maksimum faydalı olmaq. Bunun yolu isə fərdi inkişafdan və işinin peşəkarı olmaqdan keçir. Fərdi inkişaf və onun ümumi məqsədlər üçün realizə olunmasında müxtəlif baxışlar ola bilər. Fərqli fikirlərdən qorxmaq lazım deyil, əksinə hər bir fikrə fərdi yanaşmaq lazımdır. Bir insanın təşəbbüsü bütün dünyanı xilas edə bilər fikrinə inanmağı bacarmalıyıq. Ölkəmizin inkişafı naminə səslənən fərqli fikirlərə bizi ayıran cəhət kimi yox, faydalanmalı olduğumuz intellektual xəzinə kimi yanaşmalıyıq. Bizim yaşımız kimi müstəqilliyimiz də gəncdir və cəmi 20 yaşındadır. Müstəqilliyimizin yaşı gənc olmasına baxmayaraq, bizim üçün dəyəri çox yüksəkdir. Onun daha sağlam dayanması üçün daha sağlam dayaqlara ehtiyacı vardır. Odur ki, bizlər həm dayaq, həm də inkişaf üçün zəruri halqalar olmağı bacarmalıyıq.
- Müstəqilliyi gənc olan bu ölkənin gəncləri üçün son 20 ildə nə dəyişdi?
- Biz 20 ildir ki, cibimizdə müstəqil bir ölkənin pasportunu daşıyırıq. Bu bizim üçün ən dəyərli hadisədir. Bu ölkə hər gün daha da inkişaf edir və hər bir gəncimizin qürur mənbəyinə çevrilir. Odur ki, inkişaf edən, dünyada tanınan müstəqil ölkədə yaşamaq, o ölkənin gənclərinin özünə olan güvəninin artmasına səbəb oldu. Daha sonra isə bu 20 ildə cəmiyyətin gənclərə, gənclərin dövlətə, dövlətin isə gənclərə etimadı formalaşdı. Həm cəmiyyətimiz, həm də dövlətimiz şahidi oldu və qəbul etdi ki, bizim gənc, lakin peşəkar həkimimiz, mühəndisimiz, sahibkarımız və hökumət nümayəndələrimiz ola bilər. Lakin gəncliyimiz hər zaman daha çoxunu istəyir. Bu da normaldır. Çünki gəncliyimiz ölkədə təbii çoxluqdur. Lakin biz bu çoxluğu mütərəqqi fikirlərin daşıyıcısı olan intellektual çoxluq kimi görmək istəyirik. Çünki biz cəmiyyətimizi insan kapitalının sürətlə inkişafda olduğu, elmə və təşəbbüslərə əsaslanan cəmiyyət kimi görmək istəyirik. Belə bir cəmiyyəti qurmaq üçün isə hər bir insan, hər bir fərd çox çalışmalıdır və özünü yetişdirməlidir.
- Daha yaxşı bir ölkə qurmaq üçün hökumət və vətəndaş münasibətlərini necə qiymətləndirərdiniz?
- Bu məsələdə həm hökumət, həm də vətəndaşlardan bərabər şəkildə səy göstərmək tələb olunur. Bu gün ölkə prezidenti çalışır ki, daha şəffaf, bərabər imkanlar və sosial ədalət yolunda inamla irəliləyən bir Azərbaycan qurulsun. Ölkədə olan korrupsiya və rüşvətxorluq kimi problemlər prezident səviyyəsində dilə gətirilir və bununla mübarizə aparılır. Eyni zamanda ölkə prezidenti tərəfindən vətəndaşlarımız belə neqativ hallarla mübarizəyə dəvət olunur. Həm seçki dövrü, həm də indi keçirilən sosioloji sorğular göstərir ki, ölkə prezidentinin nüfuzu çox yüksəkdir və insanlar əksər problemlərinin həllində prezidentə arxalanır və ona səs verir. Bu onu göstərir ki, daha şəffaf və güclü Azərbaycanın qurulmasında xalqla prezident eyni cəbhədədir. Ölkə rəhbərliyinin və xalqın belə iradəsindən sonra hələ də rüşvət və korrupsiya faktlarında adı hallanan insanları və qurumları mən də hər kəs kimi qınayıram. Hər hansı bir qanunsuz əmələ rəvac verən, öz insanlarına əziyyət verənlər anlamalıdır ki, onlar vətəni, milləti və dövləti qarşısında xəyanət edirlər və gec-tez buna görə cavab verəcəklər. Belə insanların əməlləri yalnız müxalifətin dəyirmanına su tökür və Azərbaycanın inkişafına, eyni zamanda beynəlxalq imicinə xələl gətirir. Bu gün ölkə prezidenti tərəfindən hər bir vətəndaşımızın öz potensialına uyğun olaraq realizə olunması üçün şərait yaradılır. Bu gün pulsuz orta təhsil, şəffaf ali təhsil imtahanları, dövlət qulluğuna imtahan yolu ilə şəffaf qəbul, pulsuz xaricdə təhsil imkanları, idman, mədəniyyət və karyeranın bütün mərhələlərində inkişaf imkanları, açılan yüz minlərlə yeni iş yerləri vətəndaşlarımız üçündür. Qısa müddətdə ölkənin bütün infrastrukturunun müasir səviyyədə qurulması, mədəni inkişaf, güclü iqtisadiyyat bizə və gələcək nəsillərə xidmət edəcək. Amma bunlarla yanaşı problemlər də bizimdir, onları görürük, bilirik və həlli naminə əzmlə çalışmalıyıq. Düşünürəm ki, bu mübarizədə xalqla prezidentin olduğu cəbhə bütün problemlərə səbəbiyyət verən mənfi tendensiyalara qalib gələcək.