Azərbaycan parlamentinin hər yeni çağırışında gənc deputatların sayı artır. Milli Məclisin deputatları arasında ən gənci isə ilk dəfə mandat qazanaraq Milli Məclisin üzvü olmuş Ceyhun Osmanlıdır. “Milli Məclis” jurnalının Ceyhun Osmanlıya ünvanlandığı suallar əsasən gənclik mövzusu üzərində köklənib.
- Ceyhun müəllim, ən gənc deputat olmaqla siyasətə də gənclik hərəkatından gəlmisiniz. Sizcə, gənc deputatları qanunvericilik və millət vəkili kimi fəaliyyətlərində yaşlı deputatlardan fərqləndirən cəhətlər varmı?- Milli Məclisdə yaşından asılı olmayaraq, hər deputata bərabər şərait yaradılıb. Yəni kimin sözü varsa, təklifi varsa, onu rahat bir şəkildə ifadə edə bilir. İndiyə qədər Milli Məclisdə görmədim ki, yaşına görə kiminsə təklifi keçərli olsun. Əlbəttə, gənc olaraq biz daha çox məsuliyyətli olmalıyıq. Çünki hiss edirsən ki, gənc deputat bir fikir bildirəndə xüsusi diqqətlə qulaq asırlar: görəsən aktual təklif olacaqmı? Görəsən gənclərin verdiyi təklif praktik cəhətdən realdırmı?Eyni zamanda, gənclik dinamiklik, yeni ideyalar, təşəbbüslər deməkdir. Onu da anlayırıq ki, bizdən yeni təşəbbüslər gözləyirlər. Bu məsuliyyəti də, əlbəttə, başa düşürük. Çalışırıq ki, insanların bizdən gözlədikləri təklifləri səsləndirək.
- Səsləndirdiyiniz hansı təkliflər reallığa çevrilib?- Bu təklifləri sadalamağım doğru olmazdı. Çünki bir deputatın təklifi səsləndirməsilə məsələ həll olunmur. Təklifin reallığa çevrilirsə, bu artıq sənin deyil, parlamentin əməyidir. Çünki onu deputat həmkarların dəstəkləməzsə, o, təklif olaraq qalır. Bundan başqa hər bir təklifin maliyyəsi, praktikliyi, faydalılığı əsaslandırılmalıdır. Bu cəhətdən deputat həmkarlarımız bizim təşəbbüsləri dəstəkləyəndə, əlbəttə, sevinirik. Həmçinin bu qanunu gözləyən vətəndaşlarımız da sevinir. Məsələn, Milli Məclisdə təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması təklifini deputatların dəstəkləməsi milyonlarla təhsil subyekti və obyekti tərəfindən çox müsbət qarşılandı. Bununla ölkədə təhsil müəssisələrinin, tələbələrin daha rahat fəaliyyətinə, imkanlarının daha da genişlənməsinə, təhsil turizminin inkişafına, daha çox xarici tələbənin cəlb olunmasına şərait yarandı.Söhbət təkcə qanunvericilik təşəbbüsündən getmir. Məsələn, işğal altında olan ərazilərə istiqaməti və məsafəni göstərən məlumatverici-göstərici yol nişanlarının magistrallar üzərində tətbiq olunması da bizim üçün sevindiricidir.
- Hansı qanunların qəbul edilməsini istərdiniz?- Tibbi sığorta haqqında qanunun qəbulunu və təkmilləşdirilməsini biz çox arzu edirik. Eyni zamanda, orqan köçürülməsi üçün çox vacib olan beyin ölümü haqqında qanunun qəbul edilməsini istərdik.Yüzlərlə xəstə orqan gözləyir, amma beyin ölümü haqqında qanun olmadığına görə bu proses ləngiyir. Əgər hər hansı bir insan dünyasını dəyişirsə, əgər onun beyninin ölməsi təsdiq olunursa, onun orqanlarından başqa xəstə üçün istifadə etmək olarsa, bu niyə də olmasın. Nəticədə insan həyatı xilas olur.Bundan başqa ictimai yerlərdə siqaretin qadağan edilməsi üçün çalışırıq. Bu, həm də insan hüquqları məsələsidir.
- Ceyhun müəllim, müstəqilliyimiz də gəncdir, gənclərimizin də ölkədə sayı çoxdur. Necə düşünürsünüz, müasir gəncliyimizin inkişafı və imkanları Azərbaycanın sürətli inkişafına adekvatdırmı? Bu gün Azərbaycan gənclərinin ictimai-siyasi həyatda təmsilçiliyi qaneedicidirmi?- Ölkə hər gün daha da inkişaf edir və hər bir gəncimizin qürur mənbəyinə çevrilir. Odur ki, inkişaf edən, dünyada tanınan müstəqil ölkədə yaşamaq o ölkənin gəncləri üçün də bir şansdır. Cənab Prezidentin müasirləşmə və inkişaf konsepsiyasının Azərbaycan üçün həqiqətən də alternativi yoxdur.Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə bağlı siyasətinin ən böyük məqamlardan biri də ondan ibarət oldu ki, o, Azərbaycan gəncliyinə inam yaratdı. İndi deyək ki, insanlar gənc və müasir mütəxəssislərə daha çox önəm verirlər. Bu gün ölkə gənclərinin düşüncələri Prezidentin düşüncələri ilə eyni istiqamətdədir. Ancaq onu da etiraf edim ki, 50 il öncə, 30 il öncə olduğu kimi bu gün gənclərə qısqanclıqla yanaşan insanlar da var. Bu gün gəncləri təhlükə kimi görən insanlar da var.Atalar və oğullar problemi bütün dövrlərdə olub. Maraqlıdır ki, vaxtilə Aristotel də öz dövrünün gənclərinə baxıb deyirdi ki, əgər bizim gələcəyimiz bu gənclərdirsə, vay bizim halımıza. Ancaq əsrlər bir-birini əvəzlədi, dünya isə yalnız inkişaf etdi. Həmin fikirlər indi də mövcuddur. Azərbaycanın bəxti onda gətirib ki, həm Ulu öndərin dövründə, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətində gənclərə qayğı və inam prioritet istiqamət təşkil edir.Əgər sovet dövründə gənc deyəndə təcrübəsizlik, inamsızlıq başa düşülürdüsə, indi gənclik deyəndə sürət, dinamika, mobillik, bir növ həm də peşəkarlıq başa düşülür. Ulu öndər Gənclər Günü təsis etməklə, Gənclər Forumu yaratmaqla, gənclər siyasəti ilə bağlı sərəncamlar verməklə, gənclərə etibar etməklə onların cəmiyyətdə nüfuzunu yüksəltdi.Bu gün Azərbaycan dövləti gənclərə inanır və Azərbaycanın gələcək inkişafında onların potensialına arxalanır. Bu gün Azərbaycanda ümumi əhalinin tərkibinin 30%-dən çoxunu sırf gənclər təşkil edir. Dövlət də bu çoxluğu mütərəqqi fikirlərin daşıyıcısı olan intellektual çoxluq kimi görmək istəyir. Çünki Azərbaycanın insan kapitalının sürətlə inkişafda olduğu, elmə və təşəbbüslərə əsaslanan cəmiyyət quruculuğu mərhələsində fəal və daha düşüncəli vətəndaşlara geniş üfüqlər açılıb. Ona görə də gənclik Azərbaycanın inkişafına kənardan baxmamalı, onun iştirakçısı olmalı, hərəkətverici qüvvəsinə çevrilməlidir.
- Ceyhun müəllim, gənc azərbaycanlıya həyatda öz layiqli yerini tutması, potensialını gercəkləşdirməsi üçün nə tövsiyə edərdiniz?- Sovet dövrünün insanların ictimai düşüncəsinə verdiyi zərərlərdən biri istehlakçılıq idi. Hər şeyi dövlətdən, öz uğurunu başqalarından gözləmək o dövrün insanına xas bir düşüncə idi. Müasir dövr istehsalçı düşüncəli insanların meydanıdır. Yəni mən nə edə bilərəm, mən nə verə bilərəm sualları ilə hərəkət edən vətəndaşların. Belə olan şəraitdə gənclik özü öz inkişafında maraqlı olmalıdır. Zatən bu gün inkişaf imkanları bu inkişafa meyilli, maraqlı olanlar üçün hesablanıb. Özü-özünü inkişaf etdirə bilməyən gənclik gələcəkdə ölkəni necə inkişaf etdirə bilər? Azad bazar iqtisadiyyatı da buna hesablanıb. Ona görə də mən həmişə gənclərə deyirəm ki, düşünməyin ki, bu, eqoistik bir təklifdir, sizin ilk məqsədiniz özünüzü inkişaf etdirmək olmalıdır. Bizim gənc həkimimiz gərək ən yaxşı gənc həkim olsun, bizim gənc mühəndisimiz gərək ən yaxşı gənc mühəndis olsun və s. Ən yaxşı vətəndaşların olduğu cəmiyyət də ən yaxşı cəmiyyətdir. Yaxşı cəmiyyətdə həmişə yaxşı dövlət olur. O baxımdan bu gün öz dövlətinin, öz cəmiyyətinin, millətinin, ölkəsinin inkişafını istəyən gənc birinci özündən başlamalıdır, problemləri başqasında axtarmamalıdır. Çünki yeni problemlər yaratmaqla problemlərin sayı azalmır, əksinə hər birimiz bir problemin həlli olsaq, problemlərin sayı azalar.Bu gün şəffaflıq, bərabər imkanlar və sosial ədalət yolunda inamla irəliləyən bir Azərbaycanda yaşayırıq. Ölkənin bütün infrastrukturunun müasir səviyyədə qurulması, mədəni inkişaf, güclü iqtisadiyyat bizə və gələcək nəsillərə xidmət edəcək. Amma bunlarla yanaşı, problemlər də bizimdir, onları görürük, bilirik və həlli naminə əzmlə çalışmalıyıq.
Düşünürəm ki, bu mübarizədə xalqla prezidentin olduğu cəbhə bütün bu mənfi tendensiyalara qalib gələcək.
- Parisdə Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanın və tələbə Vüsal Hüseynovun ermənilər tərəfindən Fransa parlamentində döyülməsi ilə bağlı fikirlərinizi bilmək istərdik.- Azərbaycan diasporunun nümayəndələri Mirvari Fətəliyevaya və Vüsal Hüseynova qarşı törədilən bu hərəkət Avropa dəyərlərinə ziddir. Özü də onların Fransa parlamentində döyülməsi bu ölkədə baş qaldırmaqda olan dözümsüzlüyün, ksenofobiyanın nə qədər çox uzaqlara gedə biləcəyini göstərir. Ümumiyyətlə, Avropa çox ziddiyyətli bir məkandır. Orada bir tərəfdən baxanda mədəniyyət çox inkişaf edib, digər tərəfdən hər iki dünya müharibəsi Avropada baş verib. Baxmayaraq ki, mədəniyyət inkişaf edir, eyni zamanda, dünyanın faşizm, rasizm, genosid kimi fəlakətləri də orada meydana çıxır.Xatırladım ki, bir müddət öncə Almaniya kansleri Angela Merkel bəyanat verdi ki, artıq Almaniyada çoxmədəniyyətlilik iflasa uğrayıb. Bu, çox ciddi bir siqnaldır. Avropanın digər ölkələrində də oxşar tendensiya müşahidə olunmaqdadır, millətçi cərəyanlar intişar etməkdədir. Bu yaxınlarda alman Bundestaqında Almaniyada öldürülən türk fəalları məsələsi gündəmə gəldi. Məlum oldu ki, XXI əsrdə alman gizli servisləri tərəfindən son 10 ildə bir sıra türk fəalı qətlə yetirilib.İndi də Fransada baş verən məlum hadisə. Demək ki, bu gün bütövlükdə Avropada çox mədəniyyətlilik və tolerantlıq süquta uğrayır. Xatırlatmaq istərdim ki, 2008-ci ildə 18 yaşlı azərbaycanlı Orxan Ağayev də Fransanın Strasburq şəhərində tramvayda gedərkən irqçilik və millətçilik zəminində qətlə yetirilmişdi. Mən o gənci və ailəsini tanıyırdım. Sakit, mədəni və təvazökar ailədən olan Orxan Ağayev nümunəvi bir gənc idi. Hadisədən 2 il sonra 2010-cu ildə məhkəmə buna qiymət verdi. AB ölkələrinin özləri anlamalıdırlar ki, bu kimi irqçi cərəyanlar Avropada fəlakətlərə, vətəndaş müharibəsinə gətirib çıxara bilər. Xüsusən Fransa üçün bu, çox təhlükəlidir.Ərəblərlə bağlı xatırlayırsınızsa, ehtiyatsız davranışlar, bəyanatlar həftələrlə Parisdə iğtişaşlara səbəb olmuşdu. O cümlədən Mirvari Fətəliyeva və Vüsal Hüseynovun Fransa parlamentində döyülməsi. Bu iki gənci illərdir ki, tanıyıram. Hər ikisi ziyalı ailənin övladı olaraq mədəni, nümunəvi Azərbaycan gəncidir. Mirvari Fətəliyeva hələ tələbəlik illərindən həm Fransa, həm də Azərbaycan mədəniyyətinin təbliği ilə fəal məşğul olur. Eyni zamanda, Parisdəki Azərbaycan Evinin rəhbəridir. Vüsalı isə 2005-ci ildən “İrəli” İctimai Birliyinin üzvü olandan tanıyıram. Bu insanlara qarşı birmənalı olaraq Fransa erməniləri tərəfindən aqressiya nümayiş etdirilib. Özü də Fransa siyasətçilərinin və parlamentarilərinin gözü qarşısında. Bu, Fransa parlamentinin binasına erməni faşizminin ayaq açdığını bildirir. Eyni zamanda, Fransanın hüquqi dövlət imicinə ermənilər tərəfindən vurulan zərbədir. Bu, Fransanın başqa dövlətlərlə ikitərəfli münasibətlərinə, beynəlxalq təşkilatlardakı mövqeyinə də xələl gətirir. Sabah hər hansı bir tribunada bu məsələni Fransanın üzünə vuracaqlar. Ona görə də Fransa bu məsələyə ciddi yanaşmalı, erməni millətçiləri və diaspor təşkilatları ilə sərhəd saxlamalıdır ki, belə arzuolunmaz vəziyyətlərə düşməsin.
- Xarici ölkələrdə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbirlərdə də gənclərin fəal iştirakı müşahidə olundu…- Bu, Azərbaycan təbliğatının artıq yeni müstəviyə qədəm qoyması ilə bağlıdır. 20 il qabaq nəinki işğal edilən Qarabağ və ətraf rayonların Azərbaycan torpaqları olduğu, hətta bunu kimin törətdiyi belə ədalətsiz şəkildə təhrif olunurdu. Məsələn, Amerika erməniləri Azərbaycanı işğalçı tərəf kimi təqdim edərək 907-ci düzəlişin qəbuluna nail olmuşdular. Amma şükürlər olsun ki, aktiv diplomatiya sayəsində insanlar anlamağa başladı ki, söhbət Azərbaycanın ərazi bütövlüyündən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən gedir.Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycanın haqq səsinin, ədalətli mövqeyinin dünyaya çatdırılması ilə bağlı yeni mexanizmlər meydana gəlir. Azərbaycan artıq dünyada nüfuzlu beynəlxalq təşkilatların hamısında öz mövqeyini ifadə edib. Əvvəllər ATƏT, Avropa Parlamenti, İƏT, NATO, BMT və digər qurumlarda Azərbaycanın ərazi bütövlüyündən söz salanda insanların sual dolu baxışları ilə qarşılaşırdıqsa, bu gün belə deyil.Amma indi elə bir dövrdür ki, artıq Azərbaycan dövləti ilə hesablaşırlar, Azərbaycan regionun ən böyük dövləti olmaqla bu gün Cənubi Qafqazın maliyyəsinin 90%-inə, iqtisadi potensialının 70%-inə sahibdir. Həmçinin Azərbaycanda əhali Gürcüstan və Ermənistan əhalisinin üst-üstə sayından da çoxdur. Azərbaycanda son 15 ildə iqtisadiyyatın həcmi 3 dəfə artıb, əhali də 7,5 milyondan 10 milyona yaxınlaşıb. Amma Ermənistanda insanların sayı 3,5 milyondan 1,5 milyona qədər azalıb.Bu gün Xocalı soyqırımı dünya dövlətləri və parlamentləri tərəfindən qəbul edilir. Azərbaycanın aktiv diplomatiyası sayəsində dünya erməniliyi ifşa olunur.Fransa parlamentində baş verən hadisə həm də onların əsl iç üzünü ortaya qoydu. İndi onların fəaliyyətlərinin istiqaməti də dəyişib. Bizi qarabaqara izləməklə məşğuldurlar. Azərbaycanın uğurlu diplomatiyasının arxasınca sülənən Ermənistan ölkələrlə qurduğumuz ikitərəfli və çoxtərəfli münasibətlərimizə mane olmağa, xarici əlaqələrimizin inkişafının qarşısına öz çürük kötüklərini dığırlatmağa çalışır. Macarıstana nota verirlər, Meksikaya təzyiq göstərirlər, əlaqələri pozmaqla hədələyirlər. Bu da onların əleyhinə işləyir. Nə qədər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir, dünya erməniliyin iç üzünü daha yaxından tanıyacaq. Münaqişənin davamı artıq Ermənistanın əleyhinə işləyir. Ermənistan qazdığı quyuya özü düşüb: bu gün Ermənistan ciddi bir genofond problemi yaşayır, həm bölgədən, həm də dünyadan özünütəcrid edib, iqtisadiyyatı da, siyasəti də asılı vəziyyətdədir və s. Bu baxımdan hesab edirəm ki, erməni xalqı bundan obyektiv nəticə çıxarmalı, onu məhvə aparan millətçi-daşnak zehniyyətini susdurmalıdır.Bir də Ermənistan nəzərə alsın ki, mövqeyi getdikcə güclənən Azərbaycan bu gün bəzi məsələlərdə kompromisə getmək fikrini 5 il, 10 il sonra dəyişə bilər. Məncə, Ermənistan tərəfi bu gün təklif etdiklərimizi yaxşı-yaxşı qiymətləndirməlidir. Çünki zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə işləyir.