Ceyhun Osmanlı: 'İlham Əliyev Azərbaycanı regionun ən güclü ölkəsinə çevirə bilib'

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
14:37 11.08.2012
1839
Ceyhun Osmanlı: “İstənilən işi vicdanla görürəm”Milli Məclisin deputatı Ceyhun Osmanlı təmsil etdiyi Sabirabad rayonundakı vəziyyət, “İrəli” İctimai Birliyi ətrafında yaranan söz-söhbətlər, yeni Gənclər Parlamenti, London Yay Olimpiyası barədə suallarımızı cavablandırıb. - Ceyhun bəy, parlament tətildədir. Hazırda nə işlə məşğulsunuz?- Seçildiyim Sabirabad rayonunda 12 min əhaliyə xidmət edəcək xəstəxana inşasını başa çatdırmışıq. Onun açılış mərasiminin hazırlığı ilə məşğuluq. Bu xəstəxana “İrəli” İctimai Birliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsidir. İndicə aldığım yaxşı xəbərə görə, artıq xəstəxananın tikintisi və təmiri başa çatıb. - Yəqin ki, həm də seçicilərinizlə görüşürsünüz, Sabirabaddakı əhalini əsasən hansı məsələlər narahat edir?- Ramazan ayıdır. İnsanları Ramazan qayğıları düşündürür. İftar süfrələrində bir araya gəlinir. Bu məsələdə çalışırıq ki, həssasiyyətimizi qoruyaq. Seçki dövründə platformamızda hansı məsələlərə toxunmuşuqsa, onları həyata keçiririk. Çalışıram ki, qış aylarında vaxt çatdırmadığım kitabları oxuyub başa çatdırım. Bakıdayam, tətilə getmirəm. - Mətbuatda yayılan məlumatlara görə, Sizin sədrliyiniz dövründə “İrəli”yə üzv olan şəxslər indiki sədr Rauf Mərdiyevdən üz döndərib təşkilatı tərk edir. Bu məlumat doğrudurmu?- Əgər bu məlumatda zərrə qədər doğruluq elementi varsa, niyə görə həmin adam bu məlumatı “anonim” ad altında göndərir. Bunun öncədən saxta və qərəzli olduğunu bildikləri üçün altından “anonim” imza qoyulur. Düşünürəm ki, özünə hörmət edən mətbuat orqanı anonim yazı dərc etməz. Bu, tamamilə qərəzli və sifarişli yazıdır. Bu, iki şeydən qaynaqlanır. Ya hədsiz paxıllıq və qibtə hissindən və ya qərəzdən. Amma tamamilə absurddur. Mən dəfələrlə qeyd etmişəm ki, “İrəli”nin yeni seçilmiş komandası həddindən artıq mükəmməl, bacarıqlı gənclərdən ibarətdir. Mən əminəm ki, onlar təşkilatı yüksəklərə qaldıracaqlar. Bu yazını sifariş verən insanlar ayrı-ayrı zamanlarda komanda ruhuna qısqanclıqla yanaşdıqlarından bu dostluğu pozmağı məqsəd güdürlər. Amma bu çox uğursuz cəhddir. - Konkret olaraq kimdən şübhələnirsiniz?- Görüləsi işimiz o qədər çoxdur ki, xırda və əhəmiyyətsiz viruslara həsr edəcək vaxtımız yoxdur. Deməli, onlar bizə ciddi yanaşırlar ki, bizdən əl çəkmirlər. Amma biz onlara əhəmiyyət vermədiyimiz üçün haqlarında düşünmürük belə. “İrəli” hər zaman xalqla dövlət həmrəyliyini cəmiyyətimizin əsas inkişaf modelləri kimi görür. Daima gənclərimizin inkişafı və sərmayənin qoyulması, gənclərimizin dövlətçilik naminə səfərbər olmasını davam etdirəcəyik.- İddia olunur ki, “İrəli”nin minlərlə üzvü olduğu halda kokret olaraq gözlə görüləsi işi yoxdur. “İrəli” nə işləri görür?- Bunu müəyyənləşdirməyin çox sadə yolu var. İreli.az adlı internet səhifəsi var. Azərbaycanda ictimai-siyasi həyatda ikinci bir təşkilatı tapın ki, onun təkcə “Facebook” sosial şəbəkəsində 60 min fanı olsun. “İrəli”nin fərqi ondan ibarət olub ki, hər zaman şəffaf fəaliyyət göstərib və hər zaman göz önündə olub. Azərbaycanda ictimai-siyasi həyatda elə bir təşkilat yoxdur ki, orta hesabla ilin 365 gününün ən azı 300 günü tədbir keçirsin. Dolayısı ilə hər iş günü bir yenilik var. Kim görmürsə, ya kordur, ya kardır, ya da görmək istəmir. - Yeni yaradılan Gənclər Parlamentinin məqsədi nədir? Əvvəlkilərdən nə ilə fərqlənir?- İlk Gənclər Parlamenti 2005-ci ildə yaradılıb. O zaman iclaslar televiziya vasitəsilə yayımlanırdı. Həmin ildə Azərbaycan Könüllülər İctimai Birliyinin sədri idim, o vaxtkı Gənclər Parlamenti Gənclər və İdman nazirliyi ilə birgə layihəmiz idi. Tədricən layihəyə maraq böyüdü. Ən son Gənclər Parlamenti elanından sonra 1200-ə yaxın gənc müraciət etdi. Onların seçimi üçün prosedurlar lazım idi. Ən gözəl təcrübələrdən biri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahanlarıdır. Gənclər Parlamenti Təşəbbüs qrupu qərara gəldi ki, 200-dən çox bal yığan şəxs müsahibəyə dəvət olunsun. Həqiqətən də, bu imtahanlar yüksək səviyyədə keçdi və sentyabr ayı ərzində üçüncü, yəni müsahibə mərhələsini həyata keçirəcəyik. Orada mojaritar qaydaya uyğun olaraq 200 nəfərdən 50-si seçiləcək. Bunun rəsmi deputatlığa heç bir aidiyyatı yoxdur. Sadəcə, parlament imitasiyasıdır. Məqsəd gənclərin qanunvericilikdən və dövlətçiliyimizdə gedən məsələlərdən xəbərdar olmasıdır. Bununla hələ gənc yaşlarından söz sahibi ola bilərlər. - Azərbaycan gəncinin əsl deputat seçilməsi asandır?- Əgər mən bu gün deputat seçilmişəmsə, bu o deməkdir ki, hər bir gənc ardıcıl və məqsədyönlü fəaliyyət göstərsə, özünü tək parlamentdə yox, həm də biznesdə, həm hökumətdə, həm də bələdiyyədə realizə edə bilər. Azərbaycanda demokratik şərait insanın məqsədyönlü fəaliyyətdən sonra ən yüksək kürsülərdə fəaliyyət göstərməsinə imkan yaradır. Sovet dövründə önəmli vəzifələrə hazırlıqsız olmaq stereotipi artıq müstəqil Azərbaycanda yoxdur. Gənclik maneə kimi çıxış etmir. - Gürcüstanda deputatlıq yaşının 21-ə endirilməsi müzakirə olunurdu. Azərbaycanda da bu praktikanın tətbiqi mümkündürmü?- Hesab edirəm ki, bu məsələ Azərbaycanda aktual deyil.- Parlamentdə gənc həmkarlarınızdan Fuad Muradovla münasibətlərinizdə soyuqluq olduğu söylənir. Deyilənlərə görə, hətta rəqabət KVN komandalarına sponsorluq səviyyəsində də davam etdirilir…- Fuad Muradov mənim ən yaxın dostlarımdan biridir. Onunla biz 11 ildir ki, çiyin-çiyinə addımlayırıq. Yazılanlar sifarişlidir, məqsədləri aramızı vurmaqdır. Hələ ki məqsədlərinə nail ola bilməyiblər. Belə provokativ yazı çıxan kimi hər dəfə Fuadla oxuyub gülürük. Fuad Muradov Azərbaycan gənclər siyasətində öz nüfuzu, hazırlığı olan simalardan biridir. Azərbaycanın Avropa Gənclər siyasətində, BMT çərçivəsində təmsil olunmasında Fuad Muradovun çox böyük xidmətləri var. Bu danılmaz həqiqətdir. Bir millət vəkili kimi isə Fuad Muradov parlamentin aktiv deputatlarındandır. Hər həftə görüşürük. - Ceyhun Osmanlı özünü aktiv, yoxsa passiv deputatlar cərgəsinə aid edir? Ötən sessiyada Sizin parlament kürsüsündən çox az çıxış etdiyinizi görmüşəm… - Milli Məclisdə ayrı-ayrı məsələlərlə bağlı çıxışlar olub. Bəzən təəssüflər olsun ki, çıxışa yazıldığım halda növbə çatmayıb. Belə hallar çox olub. Əslində, parlamentdə çıxış məsələsi çox spesifikdir. Əgər qanun layihəsi ilə bağlı təklif varsa, təklifi vermək üçün plenar sessiyanı gözləmək məcburi deyil. Çünki qanun layihəsi plenar müzakirəyə çıxmazdan öncə komitələrdə müzakirə olunur. Əgər təklif varsa, biz komitələrdə təklifləri verə bilirik. Sözün düzü, bəzən vaxt məhdudiyyətindən növbə çatmır və ya yazılırıq görürük ki, bizdən öncə çıxış edən üç-dörd həmkarımız sənin deyəcəyin fikrə toxundu. Ona görə də hesab edirəm ki, təkrara yol verməyin əhəmiyyəti yoxdur. Hər bir millət vəkili həm seçildiyi bölgə, həm də qanunvericilik çərçivəsində öz missiyalarını aydın dərk etməlidir. Elə bir gün olmayıb ki, parlamentin gündəliyi ilə bağlı tədbirdə iştirak etməyim. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi xaricdə keçirilən tədbirlərdə Milli Məclisi təmsil edirəm. Nə qədər nail oluram bunu cəmiyyət, mətbuat deyə bilər. Ümid edirəm ki, ölkəmizi nə zaman, harada, necə təmsil etməyimdən asılı olmayaraq, mənim üçün dəyişməz prinsip var ki, istənilən işi vicdanla görürəm. - Hazırda London Yay Olimpiya oyunları keçirilir. İdmançılarımızdan razısınızmı?- Azərbaycanın iki gümüş və 3 bürünc medalı var. Bunu yüksək uğur kimi qiymətləndirirəm. Bizdən əhalisi dəfələrlə çox olan ölkələr heç medal ala bilməyiblər. İştirak edən ölkələrin sayının qat-qat çox olmasına baxmayaraq, 60-a yaxın ölkə medal qazanıb. Azərbaycan reytinqdə çox ölkələri qabaqlaya bilib. Mən medallarımızın sayının artacağını ehtimal edirəm. Hər birimizin arzusudur ki, qızıl medal da olsun. Bu olmasa belə, idmançılarımız ölkəmizə medal qazandırıblar. - Gündəmdə olan məsələ prezident seçkiləridir. Hakimiyyət namizədinin adını açıqlasa da, müxalifət seçkilər üçün hələ bir il qaldığını söyləyir. Siz seçki prosesini necə görürsünüz?- Müxalifətin hansı namizədlə çıxış edəcəyinin əhəmiyyəti yoxdur. Çünki Azərbaycan gəncliyinin aparıcı simaları, düşünən, ölkəmizin taleyinə biganə olmayan, Azərbaycanın inkişafını stabil əllərdə olmasını istəyən ağılla, prosesləri məntiqlə dəyərləndirən insanların namizədi İlham Əliyevdir. O, Azərbaycanın ən yaxşı siyasətçisi olmaqla yanaşı, dünya siyasətçiləri içərisində də çəkisi olan liderdir. O, Azərbaycanı regionun ən güclü ölkəsinə çevirə bilib. Qafqazda bütün maliyyənin 90 faizi, iqtisadiyyatın 70 faizi Azərbaycandadır. Ölkəmizin genefondu zənginləşir, işsizlik 10 il ərazində 49 faizdən 7 faizə qədər düşüb. Hətta dünya ölkələri iqtisadi böhran yaşadığı dövrdə Azərbaycanda yüksəliş olub. Dünyanın iqtisadi böhranla mübarizə apardığı vaxtda Sovet dövründən qalmış əmanətlərin qaytarılması mühüm addımdır. - Müxalif yönlü gənclər mart ayında aksiya keçirdilər. Onlar payızda yenidən mitinq keçirmək niyyətindədirlər. Gəncləri haqlı hesab edirsinizmi?- Olmayan bir aksiyaya münasibət bildirmək istəmirəm. Əvvəlcə aksiya olsun, baxaq, görək orada neçə nəfər iştirak edir. Təcrübə göstərir ki, onların aksiyası hay-küydən başqa bir şey deyil. Hər kəs öz aksiyası ilə qabiliyyətini və əxlaqını ortaya qoyur. Təəssüflər olsun ki, bəzi müxalif gənclərin son askiyalarında əxlaq normalarının pozulduğunun şahidi oluruq. Hətta “Facebook”yazışmalarında təhqiramiz ifadələr istifadə olunduğunu görürük. Onlar nəzərə almalıdır ki, yazdığı söyüşləri onların millətinin nümayəndələri, ana-bacıları, əziz adamları oxuyur. Normal adam bu sözləri hansısa bir əzizinin görməsini istəməz. Bunu kimsə özünə rəva bilirsə, özü haqqında münasibəti formalaşdırır. Söyüşdən istifadə edən insan bilməldir ki, nəticədə onu da söyəcəklər. Söyüş söyən insan söyüş eşitmək istəyəndir, mənəvi cəhətdən özünü söyüş qəbul etməyə hazırlamış insandır. Belə adamları normal hesab etmirəm.Nərgiz Cavadzadə, Gündəlik Teleqraf qəzeti
OXŞAR XƏBƏRLƏR