Milli Məclisin deputatı Ceyhun Osmanlı Azərbaycan qəzetinə geniş müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, müsahibədə millət vəkili bir sıra aktual məsələlərə toxunub.
C.Osmanlı Ramil Səfərovun ölkəyə dönməsi haqda deyib: “Hamımız üçün, o cümlədən elə mənim üçün də bu xəbər rəsmi açıqlanan ana qədər Ramilin ölkəmizə verilməsinə olan ümid cüzi idi. Bir yandan erməni lobbisinin sonsuz təzyiqləri, digər yandan hər zaman beynəlxalq arenada üzləşdiyimiz ikili standartlar, qərəz Ramilin nə vaxtsa ölkəmizə qaytarılacağına dair fikirlərimizdə bizləri çox da optimist olmamağa vadar edirdi. Sözün düzü bu xəbəri eşitdiyim ilk anda müsbət mənada şok keçirdim və özüm-özümə fikirləşdim ki, doğrudandamı ədalət belə qısa müddətdə zəfər çala bildi? Lakin məsələyə daha təfərrüatlı yanaşdıqda əslində bu uğurun ağır və uzun diplomatik fəaliyyətin bəhrəsi olduğunu hər birimiz yəqin etdik. Bu gün hadisəyə erməni tərəfinin verdiyi isterik reaksiya, Ermənistan prezidentinin Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırması bir daha onu sübut edir ki, Ramil Səfərovun Azərbaycana geri verilməsi ölkəmizin parlaq diplomatik qələbəsidir və Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdəki çevikliyin, dinamikanın və düşünülmüş strategiyanın məntiqi yekunudur. Hər birimizi təbrik edirəm, həqiqətən qürurverici və sevinci uzun müddət qəlbləri fərəhləndirə bilən hadisədir”. Millət vəkili Ramilin macar dilini öyrənməsini də yüksək qiymətləndirib: “Macarıstanda 8 il müddətində həbsxanada olduğu zaman Ramilin macar dilini öyrənməsi və macar ədəbiyyatının bir sıra incilərini, o cümlədən “Pal küçəsinin oğlanları” əsərini ana dilimizə çevirərək nəşr etməsi isə zabitimizin kifayət qədər intellektual, yüksək mədəni səviyyəyə malik insan olduğunu göstərdi. Bu da öz növbəsində ermənilərin onun ətrafında yaratmaq istədikləri vəhşi obrazını darmadağın edən növbəti sübutdur” Ceyhun Osmanlı müsahibəsində ABŞ-ı kəskin tənqid edib: “Çox maraqlıdır, görəsən İraqda və Əfqanıstanda milyona yaxın günahsız insanın ölümünün baiskarı sayılan ABŞ hansı cəsarətlə kimdənsə nəyinsə izahını tələb edir. Hər kəs gözəl xatırlayır ki, 2003-cü ildə İraqa müdaxilə etdiyi zaman ABŞ bu ölkədə nüvə silahının olduğunu səbəb gətirmiş və BMT-nin sanksiyasını almağa ehtiyac belə görməmişdi. İndi sual olunur, hanı nüvə silahı, hanı sizin gətirdiyiniz bəhanələr? Bəs bunun hesabını görəsən bəşəriyyətə nə zaman verəcəksiniz? İraqda müharibəyə başladığınız zaman BMT-ni və beynəlxalq hüquq sistemini tapdaladığınız halda digərlərini hansı üzlə qanunun aliliyinə hörmətlə yanaşmağa dəvət edirsiz? Nədənsə ABŞ hökuməti özünü qanunun keşikçisi və ədalətin carçısı qismində təqdim edərkən erməni əsgərlərinin atəşkəs zamanı cəbhə xəttində qətlə yetirdikləri kiçik yaşlı azərbaycanlı uşaqların ölümü haqqında Ermənistandan izahat tələb etməyin zəruriliyi barəsində qətiyyən düşünmür. Eynilə ABŞ Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşən 1 milyona yaxın azərbaycanlının taleyi haqqında narahat olmağı da lazım bilmir. Bəs yaxşı dünyanın bir neçə ölkəsi tərəfindən qəbul edilən və müasir tarixdə baş verən ən amansız insan qırğınlarından olan Xocalı soyqırımı görəsən niyə ABŞ rəsmilərinin “humanizmlə” dolu qəlblərini riqqətə gətirib onları narahat etmir? Konkret olaraq Ramil Səfərov məsələsində ABŞ-ın mövqeyi ABŞ-da prezident seçkiləri öncəsi erməni elektoratın xoşuna gəlmək cəhdindən başqa bir şey deyil”. Millət vəkili həmçinin qeyd edib ki, Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması birbaşa prezident İlham Əliyevin uğurudur: “Heç kim üçün sirr deyil ki, cənab Prezident son illərdə bizi böyük qələbələrə alışdırıb. Bir zamanlar bizim üçün əlçatmaz olan “Eurovision” qələbəsi, Olimpiya zəfərləri, regional lider ölkəyə çevrilməyimiz, BMT Təhlükəsizlik Şurasına üzvlük, iqtisadi yüksəliş, borc alan ölkədən borc verən ölkəyə çevrilməyimiz məhz cənab İlham Əliyevin prezidentliyi dövründə gerçəkliyə döndü, həmçinin adiləşdi. Ramil Səfərovun ölkəmizə qaytarılması ilə cənab Prezident bu qələbələrin siyahısına daha bir parlaq zəfər əlavə etdi. Həmin zəfər dünyaya Azərbaycanın həqiqətən müstəqil ölkə, Prezidentimizin isə dünyada qətiyyəti və müstəqilliyi ilə seçilən lider olduğunu növbəti dəfə sübut etdi”.