Ceyhun Osmanlı: 'Onların hər cəfəng yazısından sonra 'İrəli'yə olan dəstəyin həcmi bir az da artır və təşkilata simpatiya ilə yanaşan insanların sayı xeyli güclənir'

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
16:28 14.08.2012
1002

AZXEBER.COM Millət vəkili Ceyhun Osmanlının Gün.Az-a müsahibəsini təqdim edir:

- Ceyhun bəy, son günlər bəzi media qurumlarında bir vaxtlar həmtəsisçisi və sonradan sədri olduğunuz “İrəli” İctimai Birliyinə qarşı ən müxtəlif xarakterli ittihamlar səsləndirilir. Bu ittihamlar barədə siz nə demək istərdiniz? - Birmənalı olaraq hesab edirəm ki, “İrəli”yə qarşı səsləndirilən ittihamlar təsadüfi deyil, bunlar sifarişlidir. “İrəli”yə qarşı başlanan kampaniya əslində Azərbaycanda açıq fikirli, müasir düşüncəli, milli təfəkkürlü və dövlətçilik ənənələrinə sadiq gəncliyə qarşı aparılan kampaniyanın bir tərkib hissəsidir.   Hər kəs də yaxşı bilir ki, “İrəli” ölkə Prezidenti İlham Əliyevi dəstəkləyən və Azərbaycandakı mövcud siyasi kursun ölkəmizi hələ daha çox inkişafa doğru aparacağının təminatçısı olduğunu daim vurğulayan bir ictimai birlikdir. “İrəli” eyni zamanda, real bir gücdür. Bu gün bəzi təşkilatlar, hətta, partiyalar yalançı statistikalar dərc etdiyi bir vaxtda, “İrəli” real platforma, real güc, real fəaliyyət ortaya qoya bilib. Müxalifətin bizimlə bağlı təşvişini də əslində normal qəbul edirəm. Çünki prezident seçkilərinə təxminən bir il vaxt qalır və hesab edirəm ki, onlar artıq bir növ kampaniyaya start veriblər. Onların seçkilərlə bağlı “hədəf”lərindən biri də məhz bugünkü islahatların, inkişafın, siyasətin real təbliğatçısı olan, bunu rasional olaraq təhlil edən, yəni, pafosdan uzaq bir şəkildə araşdıran, bunu daim ictimai müzakirələrə gətirən, həmçinin, ortaya qoyduğu real fəaliyyətlərlə böyük bir gənclik təbəqəsini ətrafına toplaya bilən “İrəli”yə  qarşı antitəbliğat, qaralama kampaniyasını təşkil etmək idi. Yəni, “İrəli” təbii şəkildə müxalifətin hədəfinə gəlməliydi və artıq bəlli dairələr tərəfindən də bu qaralama, ləkələmə kampaniyasına start verilib. Amma əslində sizə maraqlı bir faktı deyim ki, “İrəli”yə ünvanlanan tənqidlərin, ittihamların, bu absurd ləkələmə kampaniyasının arxasında dayanan qüvvələr cəmiyyətin o qədər nifrətinə səbəb olan insanlardır ki, onların bizə qarşı başladıqları antireklam bizim - “İrəli” üçün bir növ gözəl reklamdır... - Nə mənada? - O mənada ki, bu absurd ittihamların arxasında dayanan insanlar destruktivlikləri ilə heç kimdə şübhə doğurmadıqlarına görə, belə destruktiv elementlərin konstruktiv bir təşkilata atdığı qondarma iftiralar da artıq əks-effektini verir. Bunun nəticəsində isə “İrəli” daha da reklam olunmuş olur. Yəqin ki, kultura.az saytı və “Yeni Müsavat” qəzetindəki təkrar-təkrar bu, iftira dolu məlumatların şahidi olmusunuz. Yenə də qeyd edirəm ki, məsələn, sözügedən qəzetin sarı mətbuat olduğu heç kimdə şübhə doğurmur və orada yazılanların da xəyal urunu olduğu heç kəs də şübhə doğurmur. Onlar öz səhifələrində insanlara qarşı o qədər çox yersiz ittihamlara, əsassız, məntiqsiz, absurd, cəfəng fikirlərə yer veriblər ki, artıq demək olar ki, heç kim bu qəzeti ciddi hesab etmir. Belə olan halda da maraqlı bir məqam baş verir, yəni, bu qəzetə o qədər antipatiyası olan insanlar var ki, “İrəli” haqqında hər hansı bir tənqidi yazı dərc ediləndə, bu, həmin insanların “İrəli”yə simpatiyasının daha da güclənməsinə səbəb olur. Ona görə adıçəkilən qəzetin təmsilçilərindən xahiş edirəm ki, onlar çalışsınlar ən azı gündə bir dəfə “İrəli” ilə bağlı absurd tənqidi yazı versinlər. Bir daha deyirəm, onların hər cəfəng yazısından sonra “İrəli”yə olan dəstəyin həcmi bir az da artır və təşkilata simpatiya ilə yanaşan insanların sayı xeyli güclənir. Çünki onlara antipatiya ilə yanaşan insanlar həddindən artıq çoxdur və təbii olaraq, onların hər belə tənqidindən sonra həmin qüvvələrə nifrətlə yanaşan insanların daha çox “İrəli”yə axını və dəstəyi baş verir... - Bu gün “İrəli”nin real üzvlərinin, təəssübkeşlərinin, eləcə də, bu ittihamlardan sonra təşkilata üz tutanların sayı nə qədərdir? - Bu gün “İrəli”nin real üzvlərinin sayı təxminən 30 minə yaxındır. Bir müddət öncə üzvlərimizin sayı 27 mini keçmişdi, amma “İrəli”nin real sosial bazası daha böyükdür. “İrəli”nin bu gün iki Facebook səhifəsində sadəcə, 100 minə yaxın insan var. Bilirsiniz, 21-ci əsrdə artıq hansı təşkilatın real mənada neçə üzvü olduğu o qədər də əhəmiyyətli deyil... - Əhəmiyyətli olan sizcə, bəs, nədir? - Əhəmiyyətli olan həmin təşkilatın informasiya resurslarından istifadə edərək nə qədər insana çıxışının olmasıdır, nə qədər auditoriyanı əhatə edə bilməsidir. Əsas önəmli olan budur və hesab edirəm ki, “İrəli” də bu gün Azərbaycanda informasiya resurslarından ən düzgün istifadə edən təşkilatlardan biridir. Eyni zamanda düşünürəm ki, “İrəli”nin real əhatə dairəsi dəfələrlə çoxdur. Sadə bir sosioloji sorğu aparmaq olar, yəni, Bakı şəhərinin hər hansı bir nöqtəsində və ya Azərbaycanın hər hansı bir bölgəsinə gedərək insanlara yaxınlaşıb, sadəcə, xahiş edə bilərsiniz ki, onlar hansı gənclər təşkilatlarının adlarını çəkə bilərlər. Mən əminəm ki, çox sayda insana rast gələcəksiniz ki, onların Azərbaycanda tanıdığı yeganə gənclər təşkilatı “İrəli”dir. Bizim üçün real gerçəklik, real mənada Azərbaycan insanının nə düşündüyü məhz budur. Belə demək mümkünsə, özü-özünü cəmiyyətdən tədric etmiş bir qrupun - hansı ki, bunların bəzi nümunələrinə bu yaxınlarda Tatarıstanda da şahid olduq, orada hansısa bir qrup mağaraya çəkilib, yerin altına enib və özünü bir qüvvə hesab edir - indi haqqımızda nə düşündüyü də sözün açığı bizə bir o qədər  maraqlı deyil, biz buna diqqət də ayırmırıq. Amma onlar özlərinə əziyyət verərək bizi reklam etməyə davam etmək istəyirlərsə, buyursunlar, davam etsinlər, onlara buna görə, sadəcə minnətdarlığımızı bildirə bilərik. - Ceyhun bəy, bu, maliyyə şəffaflığı məsələsi bütövlükdə dövrümüzün ən aktual məsələlərindəndir. Bu baxımdan, “İrəli”də maliyyə şəffaflığı məsələsi nə yerdədir, bir ictimai təşkilat olaraq, “İrəli” hansısa aidiyyəti qurumlar qarşısında maliyyə hesabatı verirmi? - Bilirsiniz, hansısa qeyri-hökumət təşkilatı haqqında - söhbət “İrəli”dən getmir - danışarkən birincisi, mövcud qanunvericiliyi bilmək lazımdır ki, hər bir qeyri-dövlət qurumu yalnız öz üzvləri qarşısında hesabat verir. Ona görə indi qıraqdan deyilənlərin məntiqi haradan qaynaqlanır, o, doğrusu, bizə təəccüblü və gülməli görsənir... Çünki “İrəli” tək-tük təşkilatlardan biridir ki, vaxtlı-vaxtında hesabat-seçki konfransı keçirir və xatırlayırsınızsa, may ayında “İrəli” ən son hesabat-seçki konfransını keçirdi. Burada da iki minə yaxın seçilmiş üzvlər iştirak etdi və qurum öz üzvləri qarşısında hesabat verdi. İndi mən bu tənqidi, absurd fikirləri yazan, bu məsələyə əsasız yanaşan insanlara sual vermək istəyirəm ki, onlar ən son hesabat konfranslarını nə vaxt keçiriblər və nə zaman öz üzvləri qarşısında hesabat veriblər, hansı layihələrinin adını açıqlayıblar, hansı rəqəmləri söyləyiblər? Mən əslində onları başa düşürəm, onların fəaliyyətləri olmadığına görə, bəlkə də heç hesabat verməli bir məlumatları yoxdur, bunu da normal hesab edirəm. Amma məsələn, çox sadə bir yolla bizim irəli.az saytına daxil olaraq, orada bütün layihələrimiz və hətta, son hesabat-seçki konfransında səslənən hesabatın mətni ilə də tanış olmaq mümkündür. Hansı ki, “İrəli”nin Mərkəzi Nəzarət-Təftiş Komissiyası buna münasibət bildirib. Və qeyd edim ki, “İrəli”nin indi çox gözəl gənclərdən ibarət bir komandası var və bu komanda həddindən artıq fəal gənclərdən ibarətdir. Bu da bizə deməyə əsas verir ki, “İrəli” öz tarixi missiyasını yerinə yetirə - hansı ki, son bir neçə ildir Azərbaycanda ən fəal gənclər təşkilatı olaraq, gündəmdə ola bilib. Yəni, bu gün seçilmiş komanda deməyə əsas verir ki, ən azı növbəti illərdə də “İrəli” hələ uzun müddət ən fəal gənclər təşkilatı olaraq qalmaqda davam edəcək. Belə olan halda da, bizim rəqiblərimiz gündəmdə qalmaq üçün iki mümkün seçimdən ikincisini seçiblər - birinci seçim hər zaman real fəaliyyət ortaya qoyub əməli ilə gündəmə gəlməkdir, hansı ki, onlar da bunu edə bilmirlər. Bunu etmək üçün kreativ insanlar, kreativ komanda, kreativ təşəbbüslər, ümumiyyətlə, normal, səmimi münasibətlər, müasir dünyagörüşü lazımdır. 21-ci əsrdə müasir dünyagörüşü, intellektual müzakirə mühiti, real fəaliyyət ortaya qoymadan da heç kimi ətrafına toplaya bilməzsən. Ümumiyyətlə, heç kimi ətrafına toplanmağa məcbur da edə bilməzsən. Bu zaman bir məsələ qalır, real mənada səmimi insan olmaq, intellektual, kreativ təkliflər irəli sürmək və bunun davamı olaraq da real fəaliyyət sərgiləmək. “İrəli”nin rəqibləri də bunu edə bilmirlər, onlar, nə normal insani münasibət, nə də peşəkar fəaliyyət sərgiləyə bilirlər və təbii olaraq, onların arxasınca insanlar da gəlmir. Amma tam əksinə, “İrəli”də bunun olduğunun görürlər, sadəcə, özləri-öz səhvlərindən nəticə çıxararaq, real fəaliyyətlə ortaya çıxmaqdansa, “İrəli”yə daş atmaqla məşğul olurlar. “İrəli” də həmişə gündəmdə olan təşkilat olduğuna görə, onunla bağlı hər bir xəbər insanlara maraqlıdır. Həm “İrəli”nin uğurları barədə məlumatlar insanları sevindirir, həm də “İrəli” haqqında hər hansı iftira yazılanda təbii ki, insanlar bunu qəzəblə qarşılayırlar. Əslində “İrəli”yə bu cür iftiralar atmaqla, dediyim bu, kateqoriya insanlar sosial bazalarını daraldırlar, bir çox neytral insanların da nifrətini qazanırlar və hansı ki, bu anda bu, bizim işimizə gəlir. - Ümumiyyətlə, necə hesab edirsiniz, bu gün ölkədə gənclərin, gənclər təşkilatlarının fəaliyyət göstərməsi üçün normal, azad rəqabət mühiti varmı? Çünki bəzən müxalif meyilli gənclər və gənclər təşkilatları bu mühitin olmamasından şikayətlənirlər... - Azərbaycan qanunları hamı üçündür. Azərbaycanda qanun yazılarkən iqtidar və ya müxalifət üçün yazılmır, Azərbaycanda hər bir dövlət proqramı imzalanarkən o da iqtidar yaxud, müxalifət üçün imzalanmır. Məsələn, indi hazırda gündəmdə olan məsələ keçmiş əmanətlərin qaytarılması məsələsidir. Burada bir kriteriya yoxdur ki, iqtidar təmsilçilərinin əmanətləri qaytarılsın, müxalifət nümayəndələrinin əmanətləri qaytarılmasın və sair. Yəni, belə bir kriteriya yoxdur. Deməli, Azərbaycan dövlətinin hər hansı bir proqramı qəbul olunursa, yaxud da, ipoteka kreditləri verilirsə, bu, hamı üçündür. Və ya hansısa bir yol infrastrukturu, hər hansı bir təhsil ocağı tikilirsə, inşa olunursa, bu, hamı üçündür. Bu gün Azərbaycanda vətəndaşın inkişafına yönəlmiş bir siyasət həyata keçirilir. Vətəndaş deyəndə isə 9 milyonluq əhalinin hər biri nəzərdə tutulur. Amma təbii ki, hər bir vətəndaşın həyatda hansı səviyyədə realizə olunması da o vətəndaşın özündən asılıdır. Yəni, dövlətin işi münbit  şəraiti yaratmaqdır ki, mənim hər bir vətəndaşım təhsil ala bilsin, mənim vətəndaşım həm orta, həm ali təhsil ala bilsin, mənim vətəndaşım həyatı boyu istər mənəvi, istər sosial cəhətdən təmin olunsun, mənim vətəndaşım üçün iş yeri olsun, mənim vətəndaşımın sosial təminatı olsun və sair. Dövlət bu prinsipləri müəyyənləşdirərkən hər hansı bir ayrı-seçkiliyə yol vermir. Qanunlar və yaradılan bu şərait hər kəs üçündür. Amma hər kəs də çalışmalıdır ki, ən azı özü naminə bu mövcud imkanlardan yararlansın və özünü inkişaf etdirsin. Biz əlbəttə ki, bir təbəqədən olan  insanların bu proqramlardan bəhrələndiyini, peşəkar inkişaf modellərini ortaya qoyduqlarını görürük, digər bir tərəfdən də sadəcə, özlərini inkişaf etdirmək istəməyən, elə bir peşəkar inkişaf məqsədi olmayan, amma günün sonunda demoqogiya ilə məşğul olan bir təbəqəni görürük. Əslində bu təbəqə hesab edirəm ki, hər hansı bir uğursuzluğunun səbəbini ilk növbədə özlərində axtarmalıdır. Axtarmalıdırlar ki, başqaları bir tərəfə qalsın, özü üçün nə edib? Əgər bir insan bu şəraitdən bəhrələnərək özü təhsilini inkişaf etdirmək istəmirsə, öz üzərində çalışmağa səy göstərmirsə, xaricdə təhsil almağı düşünmürsə, hər hansı bir sənətə yiyələnməyi qarşısına məqsəd qoymursa, ən əsası, heç bir peşəyə, sənətə yiyələnmədiyi, hər hansı bir sahənin peşəkarı olmadığı halda, uğurlu bir insan olmaq istəyirsə, üzr istəyirəm, bu, ancaq yuxuda mümkün ola bilər.
OXŞAR XƏBƏRLƏR