Londonda keçirilən XXX Olimpia oyunlarında çıxış etmiş cüdo üzrə milli komandamız Azərbaycan adına utanc gətirdi desək, yəqin ki, yanılmarıq.
Cüdoçularımızdan heç biri medallara iddialı olduğunu nümayiş etdirə bilmədi… Xüsusi nəvazişlə bəslənilən, bütün məişət qayğılarından, sosial problemlərdən azad olunan, bahalı maşınlarda gəzən, dəbdəbəli evlərdə yaşayan adlı-sanlı idmançılarımız belə tatami üzərində duruş gətirə, ilk dəfə mötəbər turnirə qatılmış “molodoy”lara müqavimət göstərə bilmədilər… Həm texniki, həm də fiziki imkanlarına görə rəqiblərindən çox-çox aşağı səviyyədə olan cüdoçularımız bayraq, dövlət, millət sevdalısı kimi davranmadılar… 400 min manatın arxasındaca getmişdilər Londona, amma suyu süzülmüş halda qayıdırlar… Kim cavab verəcək bu rüsvayçılığa görə? İdmançılarmı? Baş məşqçi Ağayar Axundzadəmi? Bəlkə Dzüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov? Hər halda sonuncunun da məsuliyyəti az deyil. Nazir izahat verməlidir ki, nədən bizim cüdoçular rüsvayçı durumda, üç gün davamlı olaraq döyülmüş adamın görkəmindəydilər? Milyonlar bunamı görə xərclənib? Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş təlim-məşq toplantılarının nəticəsi beləmi olmalı idi?..
Cənablar, axı niyə Azərbaycanı sevmirsiniz?…
//”Teleqraf”