Son günlər ölkənin bəzi bölgələrində dabaq xəstəliyinin yayılması ət və süd məhsullarının istehsalında azalmaya səbəb olub. Xəstəliyə yoluxan heyvanların sayının artması nəticəsində həm məhsuldarlıq aşağı düşüb, həm də satış həcmi azalıb. Dabaq virusuna yoluxmuş heyvanlarda iştahsızlıq, hərəkət çətinliyi və südvermə qabiliyyətinin azalması müşahidə olunur. Nəticədə istehsal olunan südün həcmi və keyfiyyəti aşağı düşür, bazara çıxarılan məhsulların miqdarı azalır. Eyni zamanda, ətin emalı və satışı sahəsində də müəyyən dayanma və ləngimələr yaranıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli AZXEBER.COM-a bildirib ki, dabaq xəstəliyinin yayılması süd və ət istehsalında azalmaya birbaşa və əsas səbəb kimi göstərilir:
"Dabaq xəstəliyinin (foot-and-mouth disease) yayılması süd və ət istehsalında azalmaya birbaşa və əsas səbəb ola bilər. Dabaq xəstəliyi mal-qarada, qoyun-keçidə və donuzlarda yayılır. Xəstəlik zamanı heyvanın bədən temperaturu artır, ağız və dırnaq nahiyələrində yaralar əmələ gəlir, heyvan yem yemir, südvermə kəskin azalır, bəzən ölüm halları da müşahidə olunur. Bu isə həm süd istehsalının, həm də ət üçün kəsilən sağlam heyvanların sayının azalmasına səbəb olur”.
Ekspert deyib ki, dabaq xəstəliyi aşkar olunduqda baytarlıq nəzarəti müəyyən bölgələrdən məhsul qəbulunu müvəqqəti qadağan edir:
"Xəstə və ya təmasda olmuş heyvanların südü emala buraxılmır və xəstəliyin yayılmaması üçün məhsul tədarükü zənciri dayanır.
Bu səbəbdən ağartı emalı və istehsalı müəssisələri məcburi şəkildə emalı dayandıra bilərlər. Bu, daha çox sanitariya və təhlükəsizlik tədbiridir”.
A.Nəsirli qeyd edib ki, ət və süd məhsullarının azalmasına digər amillər də səbəb ola bilər:
"Hərçənd dabaq xəstəliyi əsas səbəbdir, amma paralel olaraq xəstəliyə görə nəqliyyat məhdudiyyətləri, fermerlərin itkiləri, xəstə heyvanların məhv edilməsi və baytar preparatlarının bahalaşması kimi faktorlar da ümumi azalmaya təsir göstərir. Yəni dabaq xəstəliyini əsas səbəb kimi göstərmək tam əsaslıdır. Hazırkı vəziyyətdə süd və ət istehsalında azalma birbaşa epidemioloji risklərdən qaynaqlanır və bu, istehsal və emal zəncirini müvəqqəti iflic edir”.
Şahanə Ziyad