Bu gün XXX London Yay Olimpiadasında daha iki güləşçimiz döşək üzərinə çıxacaq.
AZXEBER.COM-un məlumatına görə, güləşçilərimizdən Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) medal qazanmaq uğrunda mübarizə aparacaqlar.
İlk mərhələdən azad olan Həsən Əliyev mübarizəyə 1/8 finaldan qatılacaq. Təmsilçimiz bu mərhələdə norveçli Andre Berqe Stiqlə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Digər təmsilçimiz Saman Təhmasibi də Əliyev kimi yarışa 1/8 finaldan qoşulacaq. Güləşçimiz ilk görüşündə Gürcüstan təmsilçisi Vladimir Gegeşidze ilə qarşılaşacaq. Həmin görüşə isə Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.
Qeyd edək ki, Londona 5 güləşçi ilə yollanan millimizin 2 təmsilçisi artıq çıxışlarını medalla başa vurublar. Bunlardan Rövşən Bayramov ölkəmizə gümüş, Emin Əhmədov isə bürünc medal qazandırıb.