DAK 20 Yanvar faciəsi ilə bağlı dünya birliyinə bəyanat ünvanlandı

DAK 20 Yanvar faciəsi ilə bağlı dünya birliyinə bəyanat ünvanlandı
Bütün Xəbərlər
13:30 20.01.2012
1915
Dünya Azərbaycanlıları Konqresi ( DAK ) Ağsaqqallar şurası və Qadınlar Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı dünya birliyinə bəyanat ünvanlayıb. DAK-ın mətbuat xidmətinin rəhbəri Peyman Sadıqov bəyanatı AZXEBER.COM-a da göndərib. Mətni olduğu kimi təqdim edirik. 20 Yanvar beynəlxalq hüquqi qiymət almasa da, azadlıq mübarizələri tarixində yerini tutub.Hər bir xalqın tarixində şərəfli günlər, faciəli anlar olur. Azərbaycanın da tarixində belə günlər çoxdur. Ölkəmiz tarix boyu daim işğallara məruz qalıb. Lakin bütün işğalçılar xalqımızın müqavimətilə qarşılaşıb və gec-tez məğlubiyyətə uğrayıb. Ərəb işğalçıları bu coğrafi məkana ağalıq uğrunda düz iki əsr vuruşmalı olub... Azərbaycan fasilələrlə rus işğalçılarının da tapdağına çevrilib. Bir sözlə, tarix boyu bu xalqa qarşı törədilən qanlı cinayətlər, terror aktları, soyqırımların ardı-arası kəsilməyib. Millətimizin məruz qaldığı etnik təmizləmə siyasəti, tarixi torpaqlardan deportasiya olunmaları ötən əsrin 80-90-cı illərinə qədər davam edib. Sərhədlərimizin dəyişilməsinə qarşı çıxanda, öz müstəqil dövlətimizə sahib olmaq istəyəndə isə faciələrlə qarşılaşmışıq.1990-cı ilin 20 Yanvar faciəsi də millətin azadlıq istəyini boğmaq üçün törədilmişdi. Həmin vaxt zəifləməkdə olan imperiya son nəfəsində azadlıq istəyən xalqlara hücum etdi. Bu vəhşiliyə Baltikyanı ölkələr də şahid oldu, qonşu Gürcüstan da. Ancaq nə miqyasına, nə əhatə dairəsinə, nə də amansızlığına görə bu hücumların heç biri Azərbaycandakı ilə müqayisə edilə bilməz. 20 Yanvar faciəsi bəşər tarixinə bir dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən qatı cinayətlərdən biri kimi həkk olundu. Deyirlər, hadisəyə nəticəsinə görə qiymət verilir. Bu hadisənin nəticəsi millətimizin adını “İlin ən mübariz xalqı” kimi bəşər tarixinə yazdı. Demək, 20 Yanvar təkcə faciə deyil, həm də qəhrəmanlıq tarixinin bir səhifəsi, millətimiz üçün XX əsrin sonlarında azadlıq mücadiləsinin dönüş nöqtəsi idi. Məhz bu hadisədən sonra proses əsarətdə olan xalqların xeyrinə dəyişməyə başladı.O gecəyə 22 il sonra baxanda istər-istəməz 1920-ci ili xatırlamalı oluruq. Bir neçə istiqamətdən gerçəkləşdirilən hücum və qanlı nəticə oxşar olsa da, siyasi sonluq fərqli oldu. Birincisi 70 illik əsarətlə, ikincisi azadlıqla nəticələndi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika bir neçə istiqamətdən Azərbaycana daxil oldu. Bakı və Sumqayıt şəhərlərinə və bir sıra rayonlara yeridilən ordu xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə dinc əhaliyə divan tutdu. Öz torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar qətlə yetirildi, yaralananlar, itkin düşənlər oldu. İinzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Bu hücumun da mahiyyətində terror, işğal, milli mənəviyyata qəsd, soyqırım elementləri vardı.SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürdü, 600-dən çox adam yaralandı, ölçüyəgəlməz dağıntılar törədildi. O qanlı şənbə gecəsi yüzlərlə evə fəlakət gətirdi. Hücum zamanı qadağan edilmiş güllələrdən istifadə olunması, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə atəş açılması kimi faktlar hücumun mahiyyətindəki gizli niyyəti tamamilə aşkara çıxarırdı. Bu, işğalın ömrünü uzatmağa yönələn addım idi. Sovet imperiyasının “beynəlmiləl” siyasətinin mahiyyətini açan Yanvar qırğınları xalqımızın müstəqillik mübarizəsinə qəsd idi. Bu qanlı hadisə Azərbaycan xalqına qarşı mütəşəkkil terror siyasətinin başlanğıcı, silsilə terror aktları sırasında ən ağır zərbələrdən biri, nəhayət, Rusiyanın işğalçı Ermənistana növbəti dəstəyi idi.Faciədən beli bükülmüş millətə ilk dəstək Moskvada yaşayan Liderindən gəldi. Ümummilli lider Heydər Əliyevin qəhrəmanlıq tarixinə yazılan bəyanatı həm hadisəyə siyasi qiymət, həm də millətə dəstək oldu. Hadisədən bir gün sonra kəskin bəyanatla çıxış edən, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən ulu öndər Bakıdan heç bir xəbər ala bilməyən dünyaya Azərbaycanın etiraz səsini yaydı.Qanlı qətliamlar imperiyanın çöküşünə mane ola bilmədi. 20 Yanvar etirazı yatırtmaq məqsədi daşısa da, əks effekt yaratdı və etirazdan etiraz doğurdu. Sonunda millət öz müqəddəs məqsədinə çatdı. 1991-ci ildə elan edilən müstəqillik bu mübarizənin nəticəsi oldu.Müasir beynəlxalq hüququn ən mühüm nailiyyətlərindən biri insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətlərarası əməkdaşlıq səviyyəsinə çıxarılması, onlara beynəlxalq təminatların yaradılmasıdır. Bununla da insan hüquqları dövlətlərin sırf daxili səlahiyyətləri çərçivəsindən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir. Kütləvi insan itkisi ilə nəticələnən terror aktları sırasında insanlıq əleyhinə yönəlmiş 20 Yanvar faciəsinin də mahiyyətinə və miqyasına görə xüsusi yeri var. Biz bir daha bəyan edirik ki, 20 yanvar faciəsi insanlığa qarşı törədilmiş bir cinayətdir. Biz çox təssüf hissi keçiririk ki, bunlara baxmayaraq, insan hüquqlarının kütləvi surətdə pozulduğu bu faciəyə hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Azərbaycan parlamenti qanlı 20 Yanvar hadisələrinə obyektiv siyasi qiymət verməlidir. SSRİ-nin varisi kimi Rusiyanın prezidenti və parlamenti bu hadisələrə görə, Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməlidir. Hadisənin təşkilatçıları Qorbaçov, Yazov, Primakov, Bakatin və digərləri beynəlxalq məhkəməyə verilməli, törədilən qətliam barədə beynəlxalq təşkilatlara müraciət olunmalıdır.Ümidvarıq ki, gələcək nəsil rejimlə savaşın qurbanı olmuş həmvətənlərimizi hüznlə yad edərkən, onların qəhrəmanlığına ehtiramlarını bildirməklə yanaşı, xalqımızın qazandığı Azadlığın məna və mahiyyətini də yadda saxlayacaq!
OXŞAR XƏBƏRLƏR