“Xarici əlaqələr üzrə Avropa İttifaqı” ümumavropa analitik mərkəzi özünün “Avropa İttifaqının xarici məsələlər üzrə göstəricisi” adlı məruzə hazırlayıb. AZXEBER.COM-un məlumatına görə, məruzədə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Analitik mərkəz Azərbaycan-Ermənistan münasibətlərinin ötən il daha da kəskinləşdiyini və bu faktın Dağlıq Qarabağda müharibə ehtimalının artmasına gətirib çıxardığı qənaətinə gəlib.
AZXEBER.COM portalı məsələylə bağlı politoloq Qabil Hüseynlinin münasibətini öyrənib. Onun dediyinə görə, beynəlxalq şərait müharibə üçün uyğun deyil: “Zənnimcə hələ beynəlxalq şərait müharibə üçün uyğun deyil. Ancaq nədənsə müharibə ilə bağlı danışan təkcə Rusiya və Ermənistan tərəfidir. Sanki Azərbaycanı buna sövq etməyi hədəfləyiblər. Kimlərsə müharibənin olacağı təqdirdə nəzərləri öz üzərlərindən yayındırmış olacaqlar. Bu məsələdə İran və Rusiya bir kənarda durub, həm də işlər görməkdədirlər. Soçi görüşü də Ermənistan və Rusiyanın həmişəki qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qaldı. Amma biz yenə də bu mübarizəni dayandırmayacayıq”.
Politoloq həmçinin deyib ki, Fransa ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmalıdır: ATƏT-in Minsk qrupu da təsdiq etdikləri öhdəlikləri lazımınca yerinə yetirməyiblər. Bütün bunlarla yanaşı , digər tərəfdən də Fransadakı məsələ ilə bağlı Minsk qrupundan Fransa nümayəndəsini uzaqlaşdırmalıyıq. Bu məsələdə Türkiyənin inadlı təklifini görürük. Bu dəstəyi heç kim inkar edə bilməz. Azərbaycan həmişə təklif edilən həll variantlarını diqqətlə nəzərdən keçirir. Bizim səylərimiz müharibənin olması yönündə deyil. Baxmayaraq ki, Azərbaycan bu gün gücləndirilmiş orduya , hərbi donanmaya malikdir. Bundan başqa, Azərbaycan BMT Təhlükəsizlik Şurasının keçici üzvüdür. Burada böyük avtoritetə malikdir. Tərəfdaşlarımız həm də müsəlman ölkələridir. Demirəm ki, BMT bizim üçün yaşıl işıqdır. Ancaq heç olmasa burda 2/3 səs çoxluğu, sanksiya məsələləri var. Hər halda məsələyə yanaşma baxımından bura daha əlverişlidir.
Şübhəsiz, Avropadan Ermənistana qarşı olan açıq yardımı görməzdən gələ bilmərik. Azərbaycana bu dövlətlər ögey münasibət bəsləyirlər. 2 sivilizasiya arasında olan bu münasibətləri heç cür başa düşə bilmirəm. Rus-Erməni birləşmələri torpaqlarımızı işğal edib,minlərlə azərbaycanlını evsiz-eşiksiz qoyub bu faktlar hələ də erməni vəhşiliyini göstərmirmi? Təkcə 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər Qazax rayonunun Bağanis Ayrım kəndini işğal ediblər. Amma çox təəsüf ki, hələ biz bu kimi kəndlərin işğalını işıqlandırmamışıq.
Gülnarə Bayramova