UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas AzTV-yə müsahibə verib.
Litvalı mütəxəssis komandasının tarixi uğurundan, qarşıdakı hədəflərdən və azarkeş dəstəyindən danışıb.
"Biz qrup mərhələsinə vəsiqə qazandıq. Bu, futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biridir. Biz bunu çox istəyirdik. Yəqin ki, bu, hər bir oyunçunun, hər bir məşqçinin böyük arzusu, böyük istəyidir. Rəqiblərimizə qarşı mübarizə aparmalı, döyüşməliyik. Əlbəttə, asan olmayacaq. Amma necə mübarizə aparacağımızı bilmək üçün həll yollarını tapmalıyıq", - deyə baş məşqçi bildirib.
V.Dambrauskas azarkeşlərin dəstəyinin komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Əlbəttə, çox xoşbəxt olardım ki, bütün azarkeşlərimiz, bizi dəstəkləyən hər kəs tribunalarda yerini alsın. Necə ki, "Hapoel"lə oyunda möhtəşəm atmosfer yaratmışdılar. Demək olar ki, onların dəstəyi sayəsində biz özümüzdə güc tapdıq və qalib gəldik. Ümid edirəm ki, azarkeşlər bizi sadəcə Çempionlar Liqasında deyil, daxili çempionatda da dəstəkləyəcəklər. Çünki onların köməyi ilə biz daha böyük nəticələr əldə edə bilərik".
Baş məşqçi yeni mövsümdə komandanın Çempionlar Liqası, Azərbaycan çempionatı və ölkə kuboku olmaqla üç cəbhədə mübarizə aparacağı bir vaxtda yeni transferlərin həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suala da cavab verib:
"Mən bu suala dəfələrlə cavab vermişəm. Onu da qeyd edim ki, müəyyən limit var: Çempionlar Liqası üçün sifariş ərizəsinə sadəcə 17 əcnəbi oyunçu daxil edə bilərsən. Sonra dəyişikliklər etmək mümkün olmur. Düşünürəm ki, ən azı qışa qədər biz üç cəbhədə - Azərbaycan çempionatında, ölkə kubokunda və Çempionlar Liqasında bu heyətlə mübarizə aparacağıq".
Valdas Dambrauskas "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən çəkinmədiyini də xüsusi vurğulayıb:
"Biz heç kimdən çəkinmirik. Əlbəttə, nəticələrin necə olmasından asılı olmayaraq, ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Unutmamalıyıq ki, bizi buralara nə gətirib: çox çalışmaq, hər gün məşqlərdə göstərdiyimiz yüksək performans. Çalışacağıq ki, yenə yüksək performans göstərib yaxşı nəticələr əldə edək".










































