Nardarana yeridilən Daxili Qoşunların xüsusi təyinatlıları arasında qadın polislər də var.
Nardaran sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, Nardarandakı ziyarətgaha qədər zirehli texnika düzülüb.
Noyabrın 26-da keçirilən əməliyyat zamanı öldürülənlərin meyitləri də qəsəbəyə gətirilib.
«Qorxuruq»
«Səhərdən yollarda qalmışıq, evə gedib çıxa bilmirik. Hər tərəf texnika, silahlı əsgərlərlə doludur. Deyirlər, Nardarana qoşun girib, Maştağaya ki girməyib».
Adının çəkilməsini istəməyən Maştağa sakini AzadlıqRadiosuna belə deyib.
Qəsəbə sakini qonşu Nardaranda baş verənlərə görə narahatlıqlarını da bildirib: «Düzü, hamı qorxu içindədir. Qorxuruq».
Yollar bağlıdır
Nardaranda keçirilən xüsusi əməliyyatla əlaqədar olaraq Sabunçu dairəsi, Maştağa qəsəbəsinə gedən yollar da bağlanıb.
Yollar Daxili Qoşunların yük maşınları və post-patrul maşınları ilə bağlanıb. Maştağada olan jurnalistlərdən birinin AzadlıqRadiosuna verdiyi məlumata görə, yollardakı polislər silahlıdır.
Nardarana texnika yeridilib
Dekabrın 1-də səhər saat 8.00-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirilməsinə başlayıb.
Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin yaydığı birgə məlumatında belə deyilir.
Məlumatda bildirilir ki, plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub. Hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.




