Dayə tərəfindən döyülən uşaq xalq artistinin nəvəsi imiş - TƏFƏRRÜAT
Bütün Xəbərlər
16:49 19.01.2012
1858
Xəbər verdiyimiz kimi, böyük aktyor Məlik Dadaşovun üzünü görmədiyi əkiz nəvələri dayələri tərəfindən döyülüb. AZXEBER.COM-un məlumatına görə, onlardan biri elə mərhum aktyorun adını daşıyır.Qırx günlük Məliklə Dolaresi anası, Məlik Dadaşovun qızı Gülnarə xanım birja qəzetindən tapdığı bir dayəyə etibar edib. Ayda 300 manatlıq sövdələşməyə əsasən 47 yaşlı Nailə axşam saat 10-dan səhər 8-ə kimi əkizlərə baxmalı imiş. Lakin bu yaxınlarda dayənin körpələrə əzab verməsi üzə çıxıb. Bunu Gülnarə Dadaşova otaqlardan birinə kamera quraşdırmaqla aşkarlayıb. Buna qədər isə Gülnarə xanım dayənin uşaqlarla pis davranışını hiss etsə də sübut edə bilmirmiş."Bir gün dedim gedirəm yatmağa, qapını bağlayıb qulaq asmağa başladım. Gördüm uşaq ağlayanda deyir ki, azzar, zəhrimar səsin kəsilsin. Bu sözə görə mən onu qovdum, amma hələ kameranın çəkdiklərinə baxmamışdım".Görüntülərdə dayənin uşaqla oyuncaq kimi davranması əks olunur. Dayə 40 günlük körpənin hələ bərkiməmiş qolundan tutub çarpayıya tullayır. Digər kadrlarda isə dayə körpəni sakitləşdirmək əvəzinə başına, alın nahiyəsinə zərbələr endirir. Hərçənd, yeni doğulan körpəni sakitləşdirmək, xüsusilə də gecələr, etiraf edək ki, dayədən çox ananın işidir. Gülnarə xanım isə buna belə haqq qazandırır ki, əkiz uşağa baxmaq çətin olduğundan o, gecələri yatıb yuxusunu almaq istəyib. Təəssüf ki, bu istəyi ona baha başa gəlib. Kamera görüntülərində uşaqlarının döyülməsini görən ana indi özünü mənən əzilmiş hiss edir. Üstəgəl o, Nailə adlı dayənin uşaqlarına əzab verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsinə çalışır:"Mən zəng vurdum ki, niyə belə etmisən, "odboy" etdi. Mən onu prokurorluğa vermişəm. Mən istəyirəm ki, bütün valideynlər dayə seçərkən ehtiyatlı olsunlar, çünki mən bu kadrları görəndə şokdaydım"Qeyd edək ki, Gülnarə Dadaşova Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edib. Əgər iddiaçı işinin üstündə möhkəm dursa, bu, uşağa işgəncə verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilən ilk dayə olacaq. Azərbaycanda isə körpələrini dayələrə etibar edənlərin sayı günü-gündən artır. Təki, bu kimi faktların sayı artmamalıdır.