Elşən MusayevMüxalif cəbhə heyrətamiz mənzərə ilə üz-üzə qalıb.
Onların halına gerçəkdən acımamaq mümkün deyil.Ortalıq elə bir şəkildə qarışıb ki, biz belə heyrətimizi saxlaya bilməyəcək duruma gəlmişik. Məzmun yox, məqsəd yox, məram yox.Eynən Cırtdanın nağılındakı kimi, bilmirlər işıq tərəfə getsinlər, yoxsa it hürən tərəfə. Tamamən başlarını itiriblər. Ölkə vətəndaşlarından, yəni seçicidən əllərini onsuz da çoxdan üzmüşdülər. Ardınca göstərdikləri bütün çabalara rəğmən beynəlxalq aləmin də etinasızlığı və sıfır reaksiyası bunlarda əməlli mənəvi aşınma yaradıb.Hətta vəziyyət o yerdədir ki, artıq radikal müxalifət prezidentliyin deyil, prezidentliyə namizədliyin əndişəsini çəkir. Onsuz da dar olan düşüncə çevrələrini nazildib qopma həddinə gətirib çıxarıblar.Xalqa, cəmiyyətə çatdırmalı olduqları platforma, ismarış qalıb bir yanda, bunlar hələ rabitə qovşağının Bakı-Amerika zolağında söyüşlü “razborka” aparmaqla baş qatırlar. Rəsul o tərəfdən gül ağzını açıb İsanı hədələyir, İsa bu tərəfdən media resurslarını işə salıb bütünlükdə Milli Şura üzərinə hücuma keçir, Əli Kərimli və Eldar Namazov isə icraçı emissar roluna elə bir şəkildə qapanıb, aludə olublar ki, kənardan baxan bunları birliyin, mütəşəkkilliyin əsas təşəbbüskarları sanar.Halbuki bütün ziddiyyətlərin qaynağı da elə məhz bu iki reneqatdır. Hər şey onların başının altından çıxır. Boykot təşəbbüsünü ortalığa atıb, sonradan malalayanlar da, qeydiyyat məsələsini qabardıb İsa Qəmbərin ikinci namizədlik şansını dalana dirəyənlər də, konflikt yaradıb, sonradan həmin konfliktlər üzərinə blef edənlər də, Milli Şuranı öz məqsədləri üçün ərsəyə gətirib, İbrahimbəyovu ortalıqda oyuncaq kimi oynadanlar da... onlardır! Məhz onlar!İbrahimbəyovun ümidləri doğrultmadığı isə dəqiqdir. Çünki adam düz 3 aydır təmsil elədiyi müxalifəti sözün əsl mənasında barmağına dolayıb. May ayından etibarən ölkəyə qayıdacağını deyib, keçib. Amma nəinki müxalifətə, heç dünyanın ən məşhur öncəgörənlərinə də məlum deyil ki, söhbət hansı ilin hansı mayından gedir.Bu vaxta qədər mövzudan yayınmaq üçün özünə bayraq elədiyi bəhanənin ifşası isə kinorejissoru lap rəzil duruma salıb. Belə ki, İbrahimbəyovun ümumiyyətlə son dövrlər Moskvanı nadir hallarda tərk etdiyi məlum olub. Yəni hansısa beynəlxalq dəstəyin əldə olunmasına cəhd belə yoxmuş. Adam xarici səfərlər adı ilə əməllicə vaxt öldürürmüş...Tənqid də bax burada başlayıb. Hərçənd motiv son dərəcə əhatəlidir. Məsələn İbrahimbəyov siyasətdən o qədər uzaq, ağzından çıxan kəlmələrə münasibətdə o qədər qeyri-dəqiq adamdır ki, ondan hər şey gözləmək olar.Müsavatın narahatçılığı da məhz bundadır. Və deyim ki, haqlı da narahatlıqdır. Çünki adam rejissordur, hər an çəkdiyi kadrların, yazdığı ssenarilərin “hava”sına girib rol oynamaq, artistlik etmək eşqinə düşə bilər. Ya da tutaq seçkiyə 3 gün qalmış deyər ki, mən fikrimi dəyişdim, zarafat edirdim. Ona nə var ki? Adı üstündə - Rüstəm İbrahimbəyov!Və ya, bu adam vergi cinayətlərindən dolayı ölkəyə qayıtma cəsarətinə sahib olmadığı halda Rəsul Quliyevin dili ilə desək bədbəxt müxalifətin başında getməyi bacarıbsa, bütün fəaliyyəti boyu Qarabağ şəhidləri haqqında kəlmə belə yazmayıb, qarşılığında Şəhidlər xiyabanı ətrafındakı torpaqlarda istirahət və əyləncə mərkəzi tikmək istəyibsə - arzusu ürəyində qalandan sonra isə ideya, məfkurə adamına çevrilibsə, onu bu günlərə gətirən iqtidarı düşmən, Xocalı qətliamını törədənləri isə dost adlandıra bilibsə, bundan artığını niyə etməsin ki?***Rəsul Quliyev dünyanın o başından ismarış göndərir ki, İsa Qəmbərdən prezident olmaz. Heyhat! Ondan çıxmayan iş. Deyəsən dünyanın üzü tərsinə çönüb və ya eynən Araz Əlizadənin dili ilə desək, adam son 20 ildə axır ki, bir ağıllı söz danışdı. Amma bir başqa həqiqəti unudaraq: Guya bunların hansından prezident olar ki? Siyasətin “S” hərfindən anlamayan İbrahimbəyovdanmı olar, yoxsa öz liderini satıb, ardınca da ondan miras qalan təşkilatı param-parça edən Əli Kərimlidənmi? Ya da ömrü boyu papka daşıyıb ortalıqda var-gəl edən Eldardanmı?Siz hələ Müsavat Partiyasının Rəsul Quliyevə verdiyi cavaba baxın: “Bizim gücümüz Rəsul Quliyev kimi həşəratla birliyimizdə deyil”. Ay Maşallah! Kəramətinizə şükür.Deyəsən Elza Seyidcahanın heyvanlar üçün verdiyi konsert yalan olacaq. Çünki o konsertin əsli indi başlayır-Azərbaycan siyasətində. Destruktivlər, reneqatlar, satqınlar, riyakarlar azmış kimi gəl bir də həşəratlarla mübarizə apar, görüm necə aparırsan.Bu iqtidarın gerçəkdən hələ görəcəyi kəslər və günlər varmış...***Və nəhayət, görünən budur ki, müxalifət arasında dəlləklər müştəridən daha çox olmağa başlayıb. Elə bu səbəbdəndir ki, hamı iddialıdır. Aralarında hər kəs sanki bu milləti rəzil günə qoymağa iddialıdır. Üzərində dəlləkliyik eləmək istədikləri son hədəfsə heç şübhəsiz Azərbaycan xalqıdır. Hələ də tanıya bilmədikləri və hər fürsətdə onları tərs şapalağa qonaq edən Azərbaycan xalqı!Tanrı o xalqa səbir, bunlara isə abır versin. Ağıl demirəm, çünki ondan əlimizi çoxdan üzmüşük.