Turxan Çaylı
Seçkilərin qurtarmasına baxmayaraq, görünür, söz-söhbətlərin qurtarmasını hələ bir müddət də gözləməliyik. Hərə özünü siyasətçi hesab edib analitik yazılarla çıxış edir. Guya ki, bunlar hər şeyi bilir, digərləri çox şeydən bixəbərdir. Sözüm onda deyil, özlərini "demokratik" qüvvə adlandıran Milli Şuradan danışacam. Keçək mətləbə.
Faşizm özlərindən olmayanı rədd edən ideologiyadır. Faşizm cəmiyyətinə xas olan xüsusiyyətlərdən biri ümumi zorakılıq praktikası və zorakılıq kultunun yaradılmasından ibarətdir. Bu hal cəmiyyətin gündəlik həyatına elə hopdurulur, elə təşviq edilir ki, müəyyən dövrdə qeyri-ixtiyari olaraq adi vətəndaşların yaşayış normasına, həyat tərzinə çevrilir.
Bəs Milli Şura və “Cəmilçi”lərin ideologiyası nədir? Həqiqətənmi onlar demokratdırlar? Az-çox bu insanlarla maraqlanan, ətrafında olanlar məsələyə obyektiv yanaşsalar görə bilərlər ki, onların ideologiyası demokratiya yox, elə faşizmdir. Radikal müxalif olmayanları aşağılamaq, tənqid, təhqir etmək, özlərini digərlərindən üstün tutmaq və buna oxşar xüsusiyyətlər həmin insanlarda cəmlənmişdir. Özlərinə gün ağlaya bilməyən, lakin cəmiyyətə gün ağlamağı iddia edən bu şəxslərin ayaq üstdə durmasının səbəbi bir-birilərinə verdiyi təsəllilərdir. Təsəlli isə “biz şərəfliyik, vicdanlıyıq, ədalətsizliyə göz yummuruq” ifadələri və buna oxşar ifadələrdir. Qərəzli sual meydana çıxır, məgər sizin mövqeyinizdə olmayanlar şərəfsiz, vicdansızdırmı?
Açıq-aşkar faşizmin əlamətlərini daşıyan bu şəxslər hər hansı bir səbəbə görə həbs olunmuş insanların prezidentə əfv ərizəsi yazmasını belə pisləyirlər. Onlara “yaltaq, bu da sındı” damğasını vuranlar, sizin könlünüz şad olsun deyə onlar ömürlərini zindandamı çürütməlidir? Məgər bir vaxtlar eyni düşərgədə təmsil olunduğunuz insanlar sonacan sizinlə bir yerdə qalacağına dair öhdəlik götürmüşdülər? Elədirsə niyə həbs olunan gənclərin “dostları” onlara qarşı laqeyddirlər? Ziyarətə getməyi özü üçün təhlükəli hesab edən məxluqlar gördüm mən o düşərgədə. Demokratiya adı altında gizlənib iyrənc əməllərini həyata keçirənlər, gənclərin üzərindən siyasi alver edənlər camaata insanlıq dərsi vermək üçün ortalığa düşüblər. Bəlkə özünüzə kənardan baxmaq kimi bacarığınız yoxdur, amma inanın ki, çox öyrənc görünürsünüz. Unutmayın ki, camaatı aldadanlar yalançı, özlərini aldadanlar isə axmaqdırlar. Sizlər isə camaatı aldatdığınızı hesab edib, əslində isə özünüzü aldadanlarsınız.
Yazmağa o qədər çox şey var ki, bilmirsən bunların hansı iyrənc əməllərindən yazasan. Virtual şəbəkədə şirə dönüb üz-üzə gələndə başıaşağı yanından keçməklərinimi, mədəni dialoqu rədd edib öz mənəviyyatlarını sərgiləməklərinimi, üzünə gülüb arxanca olmayan şeyləri danışmaqlarınımı, və ya buna oxşar hərəkətləri mi. Sözümün canı odur ki, faşizm adı altında insanlara demokratiya sırımaq bunların əsas peşəsinə çevrilib. Qərbdən maliyyələşəni demokrat, Azərbaycandan maliyyələşəni satqın adlandırmaqları da bunun bariz nümunələrindəndir. Onlar öz nağıllarına özlərini inandırmağa çalışsınlar, biz də öz işimizdə olaq. Əsas olan faşist olmamaqdır.