Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür

Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
SOSİAL
17:57 06.07.2026
326
Dəniz mövsümünün başlaması ilə ölkədə boğulma hadisələrinin sayı yenidən artmağa başlayıb. 

Xüsusilə isti yay günlərində çimərliklərə üz tutan insanların sayının çoxalması ilə bədbəxt hadisələr də gündəmdən düşmür. Demək olar ki, hər il müxtəlif çimərliklərdən və su hövzələrindən boğulma xəbərləri yayılır. Lakin belə hadisələrin ümumi statistikası ilə bağlı rəsmi məlumat əldə etmək isə heç də asan deyil.

AZXEBER.COM mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarına sorğu ünvanlayıb. 

Məqsəd dəniz mövsümü başlayandan bu günə qədər ölkədə neçə nəfərin suda boğulduğunu və əvvəlki illərlə müqayisədə vəziyyətin necə dəyişdiyini öyrənmək olub.

Sorğular Dövlət Statistika Komitəsinə, Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə göndərilsə də, heç bir qurum bu barədə ümumi statistika təqdim etməyib.

Qurumların cavabları isə demək olar ki, eyni məzmunlu olub. Bildirilib ki, suda boğulma halları üzrə ümumi statistika həmin qurumlarda aparılmır və bu məlumat onların səlahiyyətlərinə aid deyil.

Məsələ ilə bağlı TƏBİB-dən isə yalnız iyun ayını əhatə edən təcili tibbi yardım xidmətinə daxil olan müraciətlər barədə məlumat təqdim olunub.

Qurumun AZXEBER.COM-un sorğusuna cavabında bildirilib ki, 2026-cı ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Şüvəlan çimərliyində baş verən suda boğulma hadisəsi ilə bağlı 3 müraciət daxil olub.

Həmin müraciətlərdən 2-si həkiməqədər ölüm faktı kimi qeydə alınıb, 1 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

TƏBİB həmçinin qeyd edib ki, iyun ayı ərzində günvurma diaqnozu ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.

Lakin təqdim olunan məlumat yalnız təcili tibbi yardım xidmətinə daxil olan müraciətləri əhatə edir. Bu isə ölkə üzrə ümumi mənzərəni əks etdirmir.

Belə olan halda sual yaranır: Azərbaycanda suda boğulma hadisələrinin rəsmi statistikasını hansı qurum aparır?

Müxtəlif dövlət qurumlarının səlahiyyətində olan məlumatlar vahid bazada toplanmır və ictimaiyyət üçün əlçatan şəkildə təqdim edilmir. Nəticədə hər yay cəmiyyətdə ciddi narahatlıq doğuran suda boğulma hadisələrinin real miqyası barədə dəqiq statistika əldə etmək mümkün olmur.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR