Deputat: "Azərbaycan qısa zaman ərzində İsraildə öz səfirliyini açmalıdır"

SİYASƏT
10:30 23.09.2021
2056
"44 günlük müharibə bizə yalnız zəfər gətirmədi, həm savaş, həm də post-münaqişə dövrü bizə dost və düşmənlərimizin kim olduğunu əməli surətdə göstərdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. 

Deputatın sözlərinə görə, 44 günlük savaş Azərbaycan və İsrailin dar günün dostları olduğunu bir daha ortaya qoydu:

"Ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin konstitusion olaraq rəsmən bəyan etdiyi niyyətidir. Biz müstəqillik tariximizdə bu niyyətə həmişə sadiq qalmışıq, hətta, işğalçı Ermənistanla belə, 30 ilə yaxın bir dövrdə münaqişəni dinc yolla həll etməyə çalışmışıq. Baxmayaraq ki, işğal və təcavüzə son qoymaq üçün hücum etmək BMT Nizamnaməsi ilə bizim təməl haqqımız idi, hətta, Vətən müharibəsində belə, biz müharibəni başlayan yox, əks-hücum tərəfi olduq. Azərbaycan 44 gün ərzində Humanitar hüququn bütün tələb və prinsiplərini rəhbər tutaraq savaşdı və tarix yazdı. 44 günlük müharibə bizə yalnız zəfər gətirmədi, həm savaş həm də post-münaqişə dövrü bizə dost və düşmənlərimizin kim olduğunu əməli surətdə göstərdi. 

Bu dövrdə haqqın, hüququn səfində duranlardan biri heç şübhəsi dost və qardaş İsrail dövləti oldu. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan-yəhudi qardaşlığı Milli Qəhramanımız Albert Aqarunovun simasında onsuz da sınaqdan çıxmışdı, 44 günlük savaş isə Azərbaycan və İsrailin dar günün dostları olduğunu bir daha ortaya qoydu”.

Bəhruz Məhərrəmov onu da qeyd edib ki, qısa zaman ərzində Azərbaycan İsraildə öz səfirliyini açmalıdır:

"Ən azından bu amilləri rəhbər tutaraq hesab edirəm ki, qısa zaman ərzində Azərbaycan İsraildə öz səfirliyini açmalı, dost İsraildəki diplomatik korpusda özünün həmişə arzu olunan, həsrətlə gözlənilən layiqli yerini tutmalıdır. Unutmayaq ki, İsraildə səfirlik açmaq bizim suveren, hətta, gecikmiş hüququmuzdur. Bu hüquq hamılıqla qəbul edilmiş beynəlxalq normalarda nəzərdə tutulan prinsiplərə, xüsusən də dövlətlərin əməkdaşlığı öhdəliyinə əsaslanır və indiki məqamda reallaşdırılması bölgədə sülhü təhdid edən şər qüvvələr üçün də ən tutarlı cavab olar”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR