Deputat: "Azərbaycanın investisiya reytinqi xarici investorların marağını artırır"

Deputat: "Azərbaycanın investisiya reytinqi xarici investorların marağını artırır"
SİYASƏT
14:45 02.06.2026
219
"Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya reytinqinə malik olması xarici investorların ölkəyə marağını artırır”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib.

Deputat bildirib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan biridir:

"İyunun 1-dən ölkəmizdə Bakı Enerji Həftəsinə start verilib və bu çərçivədə bir sıra mühüm tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də Bakı Enerji Forumudur. Forumda Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq enerji əməkdaşlığı sahəsində rolu ilə bağlı mühüm mesajlar verdi. Bu mesajlar həm ölkəmiz, həm də beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir. Ölkəmiz alternativ enerji mənbələrinin inkişafı və enerji marşrutlarının şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Avropa da enerji mənbələrinin diversifikasiyası istiqamətində ardıcıl addımlar atır. Bu baxımdan tərəflərin maraqları üst-üstə düşür. Dövlət başçısı qeyd etdi ki, bir il əvvəl keçirilən forumda Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi bildirilmişdi. Hazırda isə bu rəqəm 16-ya yüksəlib. Həmin ölkələrin 12-si Avropa dövləti, onlardan 10-u isə Avropa İttifaqının üzvüdür".

Elman Nəsirov qeyd edib ki, ilin sonunadək 2 giqavat həcmində yaşıl enerji potensialının istifadəyə verilməsi planlaşdırılır:

"Prezident vurğuladı ki, Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında düzgün enerji siyasəti dayanır. O xatırlatdı ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan 'Əsrin müqaviləsi' ölkənin sonrakı inkişafının təməlini qoyub. Bu siyasət nəticəsində güclü iqtisadiyyat və güclü ordu formalaşıb. Güclü ordu olmasaydı, torpaqlarımızın işğaldan azad edilməsi mümkün olmazdı.

Dövlət başçısı Azərbaycanın yaşıl enerji strategiyasına da toxundu. Bildirdi ki, ölkə ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji sahəsində də iri layihələr həyata keçirir. Cari ilin sonunadək 2 giqavat həcmində yaşıl enerji potensialının istifadəyə verilməsi nəzərdə tutulur. 2032-ci ilə qədər isə bu göstəricinin 8 giqavata çatdırılması planlaşdırılır".

Deputatın sözlərinə görə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan olunub:

"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təxminən 10 giqavatlıq yaşıl enerji potensialına malik olduğu bildirilir. Hazırda bu istiqamətdə mühüm layihələr icra olunur.

Prezident çıxışında onu da qeyd etdi ki, düzgün enerji siyasəti təkcə Azərbaycanın enerji təhlükəsizliyini təmin etmir, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir. Azərbaycan istehsalçı, istehlakçı və tranzit ölkələr arasında etibarlı əməkdaşlıq körpüsü rolunu oynayır".

Elman Nəsirov forumun beynəlxalq əhəmiyyətinə də diqqət çəkib:

"Tədbirin diqqətçəkən məqamlarından biri də ABŞ Prezidenti Donald Trampın iştirakçılara ünvanladığı təbrik məktubu oldu. Prezident İlham Əliyev çıxışı zamanı bu məktuba görə təşəkkürünü ifadə etdi. Dövlət başçısı qeyd etdi ki, bəzi dairələr neft və qaz sənayesinə qarşı mənfi rəy formalaşdırmağa çalışsalar da, enerji resursları bu gün də dünya iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalır".

Deputat vurğulayıb ki, Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biridir:

"276 şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun bariz göstəricisidir. Azərbaycan təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerjiyə keçidi təşviq edən və multikultural dəyərlərə sadiq dövlət kimi tanınır.

Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti 5 faizdən aşağıdır. Valyuta ehtiyatları isə xarici borcu dəfələrlə üstələyir. Ölkənin beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya reytinqinə malik olması xarici investorların Azərbaycana marağını artırır. Bütün bunlar həyata keçirilən uğurlu iqtisadi və enerji siyasətinin nəticəsidir".

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR