Xəbər verdiyimiz kimi, Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.
Milli Məclisin deputatı Aqil Abbas ərəb turistlərin davranışları ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Deputat AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, baş verən hadisə yolverilməzdir və bu cür halların qarşısı mütləq alınmalıdır:
"Ərəblər qələt ediblər. Əgər bu hərəkəti gerçəkləşdiriblərsə, onlar mütləq cəzalandırılmalıdır ki, başqaları üçün də dərs olsun. Bunun qarşısını almağın yeganə yolu məhz cəza tədbirləridir. Mən onların həbs olunacağına inanmıram, amma cəzasız qoymaq olmaz. Bu məsələ ictimailəşməli və geniş müzakirə olunmalıdır ki, oxşar hallar təkrar yaşanmasın."
Aqil Abbas əlavə edib ki, Azərbaycan qonaqpərvər ölkədir və xarici turistlər də buraya gələndə yerli mentaliteti və əxlaq dəyərləri nəzərə almalıdırlar:
"Ərəbdir də, turistdir, biz onlara gəlməyin deyə bilmərik. Bakı gözəl şəhərdir, Azərbaycan gözəl məkandır. Amma xaricilər bura gələndə gərək bizim milli dəyərlərimiz və ənənələrimizlə tanış olsunlar, buna hörmətlə yanaşsınlar”.
Oksana Orucova