“Xaricdə terrorçularla əlaqəsi olan deputatlar var ki, onlara heç bu cür qadağa tətbiq edilmir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında, deputat Fazil Mustafa ötən gün Milli Məclisdə üzləşdiyi insidentlə bağlı danışarkən belə deyib.
Deputat bildirdi ki, Milli Məclisə daxil olarkən onun üstünü yoxlamaq istəyiblər və bu zaman kiçik insident yarşanıb:
“Bilirsiz ki, bu yaxınlarda Milli Məclisdə “Android” tipli telefonlarla Məclis binasına daxil olmaq qadağan edildi. Bu təbii ki, ilk növbədə deputatlara şamil edilmişdi. Mən də mətbuat vasitəsi ilə bu cür təşəbbüsün lazımsız olduğunu bildirmişdim. Amma məclisə daxil olanda təhlükəsizlik xidmətinin əməkdaşları hamını yoxlayırdılar. Mən isə onlara izah etdim ki, bu onların səlahiyyətinə daxil olan məsələ deyil və deputatlar toxunulmazdır. Belə olan təqdirdə onlar mənimlə mübahisə apardılar. Mən isə sona qədər öz hüququmu müdafiə etdim”.
F.Mustafa bu məsələ ilə bağlı məsul şəxslərə öz narazılığını bildirdiyini, sonuncuların da bu yanlışlığın aradan qaldırılmasına çalışacaqlarını dediklərini söyləyib. O bu cür qadağalarla Milli Məclisin hərbiləşmiş bir struktura çevriləcəyini deyib:
“Əslində bu qaydanın tətbiqini kim fikirləşibsə, məqsədi Milli Məclisin nüfuzunu aşağı salmaqdır. Söhbət təkcə məndən getmir. Mən öz hüquqlarımı sona qədər müdafiə etmək iqtidarındayam. Amma bununla deputatların nüfuzunu da aşağı salınır. Mən həmişə demişəm ki, xaricdə terrorçularla əlaqəsi olan deputatlar var ki, onlara heç bu cür qadağa tədbiq edilmir. Bu həm də jurnalistlərə də şamil edilir. İndi jurnalistlər məclis binasında noutbukdan belə istifadə edə bilmir. Bununla Milli Məclis hərbiləşmiş bir struktura çevrilir. Bir müddət sonra Milli Məclis qapalı, gizli bir quruma çevriləcək”.
Xatırladaq ki, ötən gün Deputat Fazil Mustafa Milli Məclisə daxil olarkən təhlükəsizlik xidmətinin əməkdaşları onun üstünü yoxlamaq istəyiblər. Onlar deputatın “android” tipli telefonunu istəsələr də, deputat buna etirazını bildirib və hər iki tərəf arasında kiçik insident yaşanıb.
Onu da əlavə edək ki, yeni qaydalara görə Milli Məclisin binasına “android” tipli telefonlar və noutbuklarla daxil olmaq qadağan edilib. Bu qadağa həm parlament jurnalistlərinə, həm deputatlara, həm də Milli Məclisin digər əməkdaşlarına şamil edilir.
Əfsələddin Ağalarov