Deputat: Qarabağda şəhər və kəndlərin Baş planı hazırlanarkən sakinlərin fikirlərinə önəm verilir

Deputat: Qarabağda şəhər və kəndlərin Baş planı hazırlanarkən sakinlərin fikirlərinə önəm verilir
MEDIA
11:46 20.05.2026
974
Azərbaycanın bütün regionları son illərdə sürətlə inkişaf edir, şəhər və rayonlarda geniş abadlıq-quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərdə isə bərpa və yenidənqurma prosesi davam etdirilir, tarixi və mədəni irsin qorunmasına xüsusi diqqət yetirilir.

Azərbaycan Prezidenti İlham Əliyev də Ümumdünya Şəhərsalma Forumunun  13-cü sessiyasında (WUF13) regionların inkişaf etdirilməsinə yenidən toxunub.

Dövlət başçısı bildirib ki, bu gün qlobal toplantının Azərbaycanda keçirilməsi ölkənin şəhərsalma, davamlı inkişaf və insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində güclü iradəsini bir daha nümayiş etdirir.

Prezident qeyd edib ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də zəngin memarlıq irsi ilə seçilir. O, Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki, Kiş və Lahıc kimi yaşayış məntəqələrinin tarixi abidələrlə zəngin olduğunu vurğulayıb.

İlham Əliyev bildirib ki, Lahıcda 15 əsr əvvəl yaradılmış kanalizasiya sistemi və su xətti bu gün də fəaliyyət göstərir. Dövlət başçısı həmçinin qeyd edib ki, təxminən 30 il işğal altında qalan Qarabağın tacı olan Şuşa hazırda sıfırdan yenidən qurulur və şəhərin tarixi qalası artıq bərpa olunub.

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında bildirib ki, WUF13 çərçivəsində ekoloji tarazlıqla bağlı sessiyalar keçirilir:

"Davamlı şəhərləşmə şəhərlərin ölçüsünə və qlobal çağırışlar kontekstində şəhərlərin, kəndlərin transformasiyasına fundamental təsir göstərir. Bu baxımdan sözügedən məsələ son dərəcə düzgün yanaşma tələb edir. Burada diqqət edilməli məqamlardan biri ekoloji tarazlılığın pozulmamasıdır. WUF13 çərçivəsində ekoloji tarazlıqla bağlı sessiyalar keçirilir. Ümumiyyətlə qeyd olunmalıdır ki, tədbir boyu bir sıra tematik sessiyalar keçiriləcək. Əsasən akademik dairələr, beyin mərkəzləri və yerli idarəetmə mühiti ilə birbaşa bağlılığı olan təsisatların iştirakı ilə müxtəlif sessiyalar olacaq. Tədbir çərçivəsində bu cür sessiyaların keçirilməsi müxtəlif prioritet sahələr üzrə maraqlı tərəflər arasında müzakirələri zənginləşdirmək üçün əlavə məzmun təmin edəcək. Dayanıqlı inkişaf mexanizmlərinin tətbiqi məqsədində maraqlı olan kəslər bu prosesin bir hissəsi olaraq tərəfdaş kimi çıxış edir”.


Parlamentari qeyd edib ki, Azərbaycanın əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır:

"Azərbaycanın əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Habelə, ekoloji tarazlığın qorunması da əsas amillərdən biridir. 30 ilə yaxın zaman çərçivəsində işğal altında qalan torpaqlarımız, demək olar ki, tamamilə dağıdılıb. Ermənilər daşı daş üstündə belə qoymayıblar, hətta bu daşları da götürüb satıblar. Təbii ki, bu gün əgər Ağdamı Xirosima ilə müqayisə edirlərsə, o zaman düşünürəm ki, vurulmuş ziyanın miqdarı göz önündədir. İndiki məqamda da işğalın nəticələrindən ciddi əziyyət çəkirik. Minalanma problemi bərpa və quruculuğa mane olan ən böyük problemlərdən biridir. Ermənistan sadəcə Azərbaycan torpaqlarını işğal etmədi, bu torpaqlardan irsimizin silinməsi istiqamətində sistematik işlər həyata keçirdi”.

Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri aparılır:

"Azərbaycan isə torpaqlarını işğaldan azad etdikdən sonra məsələyə konseptual yanaşma ortaya qoydu. Böyük Qayıdış proqramı icra edilir. Şəhər və kəndlərin Baş planları hazırlanır. Bu işdə xüsusi diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, hər bir şəhərin və kəndin Baş planı hazırlanarkən yerli sakinlərin fikirlərinə önəm verilir. Bu isə cənab Prezident İlham Əliyevin vaxtilə qaçqın və məcburi köçkün adlandırdığımız insanların illər boyu yaşadıqları iztiraba önəm verdiyindən, insanların keçirdiyi hisslərə həssas yanaşdığından xəbər verir. Böyük tunellər çəkilir, körpülər salınır, elektrik stansiyaları, su təchizatı kəmərləri çəkilir, məktəblər, xəstəxanalar tikilir. Beynəlxalq səviyyədə hava limanları artıq fəaliyyət göstərir, avtomobil və dəmir yolları çəkilir. Təbii ki, bütün bu məsələlərin beş il ərzində inşa edilməsi heç də asan bir məsələ deyil. Azərbaycan bu işləri öz gücü və resursu hesabına təmin etməklə yanaşı, həm də beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarını genişləndirərək bölgəyə investorları cəlb və dəvət edir”.

O bildirib ki, 80 mindən artıq azərbaycanlı öz yurd-yuvalarına qayıdıblar:

"Bu günə qədər 80 mindən artıq azərbaycanlı öz yurd-yuvalarına qayıdıblar və bölgənin dayanıqlı inkişafına töhfə verirlər. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda müasir texnologiyalar tətbiq etməklə, "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarını icra etməklə, habelə bölgədə yaşıl enerji zonası yaratmaqla, bərpa olunan enerji resurslarından istifadə etməklə dayanıqlı inkişaf məqsədlərinə töhfə verir”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc edilib. 


 

 


OXŞAR XƏBƏRLƏR