Qulu Məhərrəmli jurnalistin məktəbdə döyülməsi haqda danışdı

Qulu Məhərrəmli jurnalistin məktəbdə döyülməsi haqda danışdı
MEDIA
11:41 29.10.2026
285
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub. Belə ki, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb. 

Telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər.
 
Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. 

Hadisə nəticəsində REAL TV-nin operatoru və stajoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı məsuliyyət tədbirləri görülür.

Bəs jurnalistlərə cəmiyyətdə nəyə görə bu cür mövqe göstərilir? 

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı AZXEBER.COM-a bildirib ki, jurnalistin işi baş verən hadisə barədə cəmiyyəti məlumatlandırmaqdır:

"Məktəbdə də hadisə baş verib və televiziya bundan xəbər tutaraq həmin hadisəni çəkib göstərmək istəyib. Ola bilər ki, məktəb buna razı olmasın. Bu da müəyyən dərəcədə onun hüququdur. Belə bir hadisə haqqında danışmaq, məlumat yaymaq normaldır. Amma jurnalistlərə hücum etmək, onlara fiziki təzyiq göstərmək birbaşa kriminal əməldir və buna görə hücum edən tərəf məsuliyyət daşıyır. Belə hadisələr ilk dəfə baş vermir, bu cür hallar tez-tez olur. Çünki informasiya daşıyıcıları, informasiya mənbələri bəzən həmin məlumatların yayılmasını istəmirlər. İndi məktəbdə də belə bir hadisə baş verib. Əslində, artıq heç nəyi gizlətmək mümkün deyil. Çünki baş verənləri dərhal çəkir, sosial şəbəkələrdə paylaşırlar. Yəni bunu gizlətmək mümkün deyil”.

O əlavə edib ki, baş vermiş hadisə xoşagəlməzdir və bununla bağlı lazımi tədbirlər görülməlidir:

"Jurnalistə, media nümayəndəsinə hücum edilməməlidir. Onların məlumat almaq fəaliyyətinə maneə yaradılmamalıdır. Burada da belə bir hadisə baş verib və biz bunu çox mənfi qiymətləndiririk”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR