Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olmasına qərar verilib.
Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.
Oktyabrın 28-də isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, bütün işıqlı adamlar uzun illər Ramiz Mehdiyevin qara qəzəbinə tuş gəliblər:
"Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan "qara dəlik” rolunu oynayıb, ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına süni maneələr yaradıb. Bunu bacarmayanda isə ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib, islahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb, öz mövqeyini qoruyub saxlamaq üçün ölkədə süni qütbləşmə görüntüsü yaratmağa çalışıb, bu niyyətini gerçəkləşdirmək üçün təsir agentlərinin nəzarətində olan radikal qrupları maliyyələşdirib və ən yaxşı bacardığı işi - sistemdənkənar "əyləc” funksiyasını yerinə yetirib.
Parlamentari deyib ki, məhkəmənin qərarı Ramiz Mehdiyevin xəyanətlərinə verilən yekun qiymətdir:
"Məhkəmənin qərarı Ramiz Mehdiyevin xəyanətlərinə verilən yekun qiymətdir. Dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı müraciət də, həmçinin... Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsi isə, qanunvericiliyin tələblərinə uyğun atılan addımdır”.
Şahanə Ziyad











































