Kimlər Ombudsman seçilə bilər?

Kimlər Ombudsman seçilə bilər?
SOSİAL
11:46 29.10.2026
242
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” məsələ daxil edilib.

Məlumat üçün bildirək ki, hazırkı Ombudsman Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə bu vəzifəyə seçilib. Qanunvericiliyə əsasən, müvəkkilin səlahiyyət müddəti 7 ildir.

Bəs Ombudsman vəzifəsinə seçilmək üçün hansı tələblər var? Namizədlər hansı meyarlara cavab verməlidir və Səbinə Əliyevanın yenidən seçilməsi mümkündürmü?

AZXEBER.COM xəbər verir ki, bu məsələlər "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə tənzimlənir.

Qanunun 3-cü maddəsinə əsasən, Ombudsman vəzifəsinə seçilmək istəyən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmalı, ən azı 30 yaşı tamamlanmalı, ali təhsilə, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olmalıdır.

Bununla yanaşı, qanunvericilikdə bu vəzifəyə seçilməsinə yol verilməyən şəxslərin dairəsi də müəyyənləşdirilib.

Belə ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəlik daşıyan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiqlənən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Ombudsman seçilə bilməzlər.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər də bu vəzifəyə seçilə bilməzlər.

Ombudsmanın siyasi fəaliyyəti də məhdudlaşdırılıb. Qanuna görə, müvəkkil siyasi fəaliyyətlə məşğul ola və hər hansı siyasi partiyanın üzvü ola bilməz. Həmçinin, o, qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Vəzifəyə seçildikdən sonra 5 iş günü ərzində statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır.

Ombudsman necə seçilir?

Qanunvericiliyə əsasən, Ombudsman Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən seçilir. Seçilmə haqqında qərarın qəbul edilməsi üçün parlamentdə 83 səs tələb olunur.

Milli Məclis namizədlərdən heç birinin seçilməsi ilə bağlı qərar qəbul etmədikdə, Prezident 15 gün müddətində digər üç şəxsin namizədliyini parlamentə təqdim edir.

Ombudsman 7 il müddətinə seçilir. Qanuna görə, eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.

Müvəkkil vəzifəyə seçildiyi gün Milli Məclisin iclasında and içir və səlahiyyətlərini müstəqil, qərəzsiz şəkildə həyata keçirəcəyinə dair öhdəlik götürür.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR