Deputatlar İlham Əliyevin regionlara səfərlərindən danışdı

SİYASƏT
15:26 19.09.2013
1630

Ötən gün Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

AZXEBER.COM-a açıqlamasında millət vəkili Jalə Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılmasını yüksək qiymətləndirib:

“İlham Əliyev daim istər daxili, istər xarici siyasətində xalqın marağını üstün tutub. O, ilk dəfə deyil ki, regionlara səfər edir, bu hal artıq ənənə halını alıb. Məhz bu səbəbdən də İlham Əliyev xalqın etimadını qazanır. Bu səfərlər həm də regionların sosial-iqtisadi inkişafına töhfəsini verir. Nəzərə alsaq ki, hər bir səfər ölkədə daha bir neçə müəssisənin açılışına səbəb olur, bu anlamda bu səfərlərin müstəsna əhəmiyyəti vardır. Qubadakı abidə kompleksinin açılışı tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət kəsb edir. Prezidentin çıxışı hər hansı müəssisənin açılışında edilən çıxış kimi deyil, həm də siyasi əhəmiyyətə malik çıxış kimi qiymətləndirilməlidir. Cənab prezident qeyd etdi ki, bir gün gələcək, İrəvan, Göyçə, Zəngəzur mahallarında yaşayacağıq. Bu sözlər hər bir azərbaycanlının qürur mənbəyidir, Azərbaycana qarşı ikili standartlarla siyasət yürüdən ölkələrə mesajdır. Ali baş komandanımız heç zaman bölgədə ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcək.”

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də prezident İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etməsini və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərin böyük əhəmiyyət daşıdığını bildirib:

“Çox təqdirəlayiq haldır ki, cənab prezidentin bu səfərləri ənənə halını alıb. Quba Soyqırımı Memorial Kompleksinin açılması çox böyük önəm daşıyır. Bu kimi abidələr ermənilərin Azərbaycanda törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında böyük rol oynayır.”

Xatırladaq ki, xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırgınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR