Deputatların ezamiyyə xərclərinin artırılması nə üçün lazımdır? – Deputat açıqladı

SOSİAL
13:54 14.11.2022
1889
 
"Burada söhbət maaş artımından getmir. Təbii ki, burada söhbət ezam olunanda və ya xaricdən buraya qonaqlar gələndə bunlarla əlaqədar xərclərdən gedir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deputatların ezamiyyə xərclərinin artırılması ilə bağlı müzakirələrdən danışarkən deyib.

Rüfət Quliyev ezamiyyə xərclərinin artırılmasının nə üçün lazım olması ilə bağlı məsələyə aydınlıq gətirib:
 

 

"Düzdür, Milli Məclis tərəfindən bu xərclər ödənilir, amma pandemiya vaxtı və ondan sonra istər bizim deputatların xaricə getməsi, istər xaricdən buraya gələn deputat və qonaqların sayı kifayət qədər azalmışdı, qadağalar var idi. İndi bu qadağaların çoxu götürülüb, qonaqların, deputatların sayı, xaricdəki görüşləri qismən çoxalıb. Təbii ki, biz Parlament səviyyəsində və Parlamentlərarası səviyyədə işimizi aparmalıyıq. Bunun üçün də təkcə "Zoom”la görüş kifayət etmir. Üz-üzə görüşəndə, oturub bir stəkan çay, kofe içəndə biz siyasətimizi daha rahat izah edə bilirik. Daha çox məlumat verə bilirik. Yəni söhbət bundan gedir. Başqa xərclərdən söhbət getmir”.

Deputat həmçinin bildirib ki, Milli Məclis tərəfindən bu xərclər qarşılansa da, bəzən artıq xərclər çıxır:

"Nəzərə almaq lazımdır ki, bunun maaşa heç bir aidiyyəti yoxdur. Ancaq ezamiyyətlərin, ölkələrin, görüşlərin, qonaqların say artımından söhbət gedir. Yenə deyirəm, Milli Məclis tərəfindən bunlar qarşılanır, sadəcə olaraq elə olur ki, artıq xərclər çıxır. Bu da həmin artıq xərclərin ödənilməsi ilə əlaqədardır. Burada da heç bir problem görmürəm. Maliyyə məsələsi də ümumi maliyyə və iqtisadi durumdan asılıdır. Biz bu gün başa düşürük ki, bu durumda iki böyük məsələni düşünməliyik. İlk olaraq Qarabağda gedən "Böyük Qayıdış”, tikinti-quruculuq işləri, yəni bu gün dövlətin büdcədə əsas istiqamətlərindən yatırımlar daha çox oradır. İkinci də Ermənistanla tezliklə sülh müqaviləsi ilə əlaqədar xərclərdir”.

"Təbii ki, bunun bir tərəfi Dəmir Yumruğa bağlıdı. Bizim bədnam qonşular bilməlidirlər ki, bizim onnlardan hərbi cəhətdən imkanlarımız bir neçə dəfə artıqdır. Ona görə də, onun məcburiyyəti nəticəsində və cənab Prezidentin uğuru və beynəlxalq siyasəti nəticəsində biz bu müqaviləni də bağlayacağıq. Düşünürəm ki, maksimum gələn ilin yazına qədər bu müqavilə bağlanacaq”, - deyə deputat əlavə edib.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR