"Azərbaycanda dərmanların qiymətinin tənzimlənməsi və aşağı salınması ilə bağlı bəzi addımlar atılacaq".AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.Komitə sədrinin fikrincə, ölkədə dərmanların ucuzlaşması üçün bəzi problemlər həll olunmalı, ilk növbədə, dərmanların daxildə geniş istehsalı təşkil edilməlidir: “Azərbaycan bazarındakı dərmanların böyük əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu da təbii ki, özünü qiymətdə göstərir. Ona görə də ölkədə dərman istehsalının təşviq olunması üçün addımlar atılmalıdır. Azərbaycanda adicə yodu xaricdən gətirirlər. Halbuki, onu Neftçalada da istehsal etmək olar. Bunun üçün orada lazımi baza var. Dərman istehsalı sahəsi ölkədə inkişaf etdirilməlidir. Bizim gözəl təbiətimiz var. Burada yüzlərlə dərman bitkisi bitir. Onlardan xeyli dərman hazırlamaq olar”.H.Rəcəbli qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi münasibətlər genişləndikcə ortaya müəyyən nöqsanlar da çıxır. Buna baxmayaraq, bazar münasibətlərinin tənzimlənməsi üçün dövlət tərəfindən müəyyən lazımi addımlar atılır: “Azərbaycanda aptek-dərman bazarı geniş vüsət almağa başlayandan sonra bu sahədə çoxlu eybəcərliklər üzə çıxdı. Sonra dövlət onların aradan qaldırılmasına başladı. Ümumiyyətlə, bu vaxtadək dərman bazarının, o cümlədən dərman bazarında qiymətlərin tənzimlənməsi ilə bağlı çoxlu işlər görülüb”.