Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yeni təşəbbüslə çıxış edib.
APA-nın xəbərinə görə, "1 sentyabrdan hamı məktəbə!" başlığı ilə açıqlanan təşəbbüsdə millət vəkili bildirib ki, Azərbaycanda təhsilin vəziyyəti hər bir vətəndaşı düşündürməlidir və buna yalnız bir nazirliyin işi kimi baxmaq doğru sayılmaz: "Çünki həm şagird, həm tələbə, həm müəllim, həm də valideyn olaraq hamımız bu proseslə bağlı olduğumuza görə, bu sektorda baş verən pozitiv və neqativ dəyişikliklər hamımızı düşündürməli, işin faydasına olan hər bir təklifimizi səsləndirməkdən çəkinməməliyik. Düşünürəm ki, bu sahədə atılacaq ən vacib addımlardan biri və bəlkə də birincisi cəsarətli qərar qəbul edib bütün məktəbəqədər təhsil müəssisələrində, orta və orta ixtisas məktəblərində, ali məktəblərdə dərslərə sentyabr ayının 1-də başlamaqdır. Təhsil proqramını mənimsəmə vaxtının qısa olması da təhsilin keyfiyyətinə ciddi təsir göstərən amillərdəndir. Bunu bir vaxtlar havaların istiliyi ilə əlaqələndirirdilər, halbuki istilik bəhanədirsə, o zaman bütün qəbul imtahanlarının yay aylarında keçirilməsi qadağan olunmalı, yalnız yazda və ya payızda keçirilməsi nəzərdə tutulmalıdır”.F.Mustafa hesab edir ki, əvvəldən 15 gün itirilməsi proqram tərtibində də xeyli çətinliklər yaradır. O qeyd edib ki, bu il prezident seçkilərində seçki məntəqələrinin əksəriyyətinin təhsil müəssisələrində yerləşdirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin əhəmiyyətli hissəsinin müəllimlər olması dərs keyfiyyətinə də təsirsiz ötüşməyəcək: “Bir reallıq da var ki, may ayının son 15 günü orta məktəblərdə faktiki olaraq dərslər intensiv keçirilmir. Məncə, bu məsələnin təxirə salınmadan həlli ümumi işimizin faydasına olardı".
Millət vəkilinin təklifinə təhsil eksperti Zahir Məmmədov münasibət bildirib.
AZXEBER.COM-a açıqlamasında ekspert bildirib ki, bu sistem artıq oturuşub və gözəl işləyir. Tarix dəyişikliyi təhsilə heç bir fayda verməz: “Dərslərin sentyabrın 1-də başlamasının heç bir mənası yoxdur. Bu təhsil sistemində heç nəyi dəyişdirməyəcək. Bütün sistemlər bu qayda ilə mükəmməl işləyir. Buna görə də bunu irəli çəkməyin heç bir faydası ola bilməz. Dərslərin 1-nə düşməsi həm də o baxımdan əlverişli deyil ki, belə olduqda insanlar istirahətlərini yarımçıq qoymuş olacaqlar. Üstəlik bu tarix isti havalara təsadüf edir. Ayın 15-dən isə havalar nisbətən sərinləyir. Düşünürəm ki, dərs ilinin sentyabr ayının 1-i başlamasına ehtiyac yoxdur. Həm də məktəblərin 14 gün tez başlaması heç bir köklü dəyişikliyə gətirib çıxara bilməz”.
Fatimə İbrahimovaAZXEBER.COM