DİN əməliyyat keçirdi: "Any Unboxing" piramidasının təşkilatçıları saxlanıldı - VİDEO

DİN əməliyyat keçirdi: "Any Unboxing" piramidasının təşkilatçıları saxlanıldı - VİDEO
SOSİAL
17:38 08.07.2026
508
Azərbaycanda "Ponzi" sxemi əsasında fəaliyyət göstərən "Any Unboxing" adlı onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, son aylarda "Any Unboxing" platforması vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Baş İdarəyə çoxsaylı müraciətlər daxil olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, piramidanı təşkil edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb edərək onlara müxtəlif məbləğlər müqabilində virtual qutular satıblar. İştirakçılara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri vəd edilsə də, tətbiqdə göstərilən virtual gəlirlərin heç bir iqtisadi əsası olmayıb və onların nağdlaşdırılması mümkün olmayıb. Bundan əlavə, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonuslar veriləcəyi bildirilib.

Məlumata görə, bu yolla 300-dən çox vətəndaş dələduzluq sxeminə cəlb olunub və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları, 38 yaşlı Lee Kai Fatt və 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil olunub. Həmçinin qanunsuz fəaliyyətin geniş yayılması və yeni iştirakçıların cəlb edilməsi 34 yaşlı Arzu Musayeva və 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı Ravi Sivadass, Arzu Musayeva və Səbuhi Məmmədov saxlanılıb. Lee Kai Fattın saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.

İlkin araşdırmalarla zərərçəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən olunub. İstintaqın gedişində zərərçəkənlərin sayının və dəymiş ziyanın məbləğinin artacağı istisna edilmir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək heç bir iqtisadi əsası olmayan piramida sxemlərinə və "Any Unboxing" tipli saxta qazanc vəd edən onlayn tətbiqlərə inanmamağa çağırıb.

OXŞAR XƏBƏRLƏR