Bu barədə Dini Komitədən məlumat verilib. Məlumatda bildirilir ki, hesabatda “Əjdərbəy” məscidinin yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasiminin keçirilməsi, Bakıda dağ yəhudiləri dini icması üçün yeni sinaqoqun istifadəyə verilməsi, Katolik kilsəsinin Apostol Prefekturasının dövlət qeydiyyatına alınması və dini azadlığa hörmətdə müsbət irəliləyiş kimi qeyd olunması, sənəd müəllifləri tərəfindən Azərbaycanda dini tolenatlıq və dövlətin dini azadlığın qorunmasına göstərdiyi diqqətin təsdiqidir. Eyni zamanda hesabatın tərtibatında bir sıra hallarda qüsur və qeyri-dəqiqliklərlə yanaşı təhlil işi zəif, şablon sxemlərə uyğun və səthi şəkilədə həyata keçirilib. Məsələn, “Mədh kilsəsi” dini icmasının yenidən dövlət qeydiyyatına alınmadığı bildirilir, halbuki, həmin dini qurum “Həyat sözü” dini icması adı ilə DQİDK-da yenidən qeydiyyatdan keçmişdir. Bundan başqa, “Yehovanın şahidləri” dini icması ilə bağlı hesabatda qeyd edilənlərin əksinə olaraq Dövlət Komitəsi həmin dini icmaya qarşı hansısa iddia qaldırmamışdır. Əksinə, dini icma Dövlət Komitəsinə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət edib. Hadisələrin təhlili ilə bağlı ən bariz nümunə kimi isə hesabatda qaldırılan alternativ xidmət məsələsini göstərmək olar. Azərbaycan Respublikası Ermənistanla müharibə vəziyyətində olmasını, torpaqlarımızın işğal atında qalmasını nəzərə alsaq, bu barədə müharibə şəraitində olmayan ölkələrə aid şablon fikirlərin bildirilməsindənsə ölkənin mövcud vəziyyətindən çıxış etmək lazım idi. Eyni qeyri-obyektivlik dini ədəbiyyatın nəşri ilə bağlı məsələdə də özünü biruzə vermişdir. Dini ədəbiyyatın nəşrinə və yayılmasına məhdudiyyətlər qoyulmasına dair hesabatda yer alan fikirlərlə bağlı bildiririk ki, bu sahədə hesabat müəlliflərinin fikrini nəinki Dövlət Komitəsi, ölkənin dini icmalarının mütləq əksəriyyəti bölüşmür. Belə ki, bu vaxta qədər dini ədədbiyyatla bağlı “Yehovanın şahidləri” dini icması istisna olmaqla Dövlət Komitəsinə heç bir şikayət xarakterli müraciət daxil olmayıb. Qeyd olunanlarla yanaşı, onu da bildirməyi vacib sayırıq ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bu sahənin tənzimlənməsi ilə bağlı müəyyən təkmilləşdirmə işləri aparılır və proses gələcəkdə də davam etdiriləcəkdir. Məsələn, hesabatda da qeyd olunduğu kimi dövlət orqanları ilə dini icmalar arasında bəzi hallarda yaşanan problemlərin bir qismi dini maarifçilik işinin aşağı olmasından qaynaqlanır. Yekun olaraq bildiririk ki, hesabat tərtib olunarkən sadalanan qüsurlara və qeyri-dəqiqliklərə yol verilməməsi üçün sənədin hazırlıq mərhələsində, tam müstəqilliyi qorumaqla göstərilən fakatlarla bağlı dövlətin rəsmi rəyi alınması onun keyfiyyətinin artmasına xidmət edə bilər. Qeyri-rəsmi mənbələrlə rəsmi baxışın birgə araşdırılması daha aydın, obyektiv və hərtərəfli təhlillərin aparılmasına şərait yaradardı. Dövlət Komitəsi gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirir