İlham Əliyevlə Vladimir Putin arasında baş tutan görüş regionda son illərin ən gərgin diplomatik situasiyalarından birinə aydınlıq gətirdi. Putin söhbətə məhz Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan AZAL təyyarəsinin vurulması məsələsinə toxunmaqla başladı və açıq şəkildə bildirdi: "AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq".
Bu bəyanat təsadüfi deyil - Azərbaycanın prinsipial mövqeyinin, Prezident İlham Əliyevin soyuqqanlı, amma qətiyyətli diplomatiyasının birbaşa nəticəsidir. Hadisə anından etibarən Azərbaycan tərəfi emosiyadan uzaq, lakin sərt və dövlət maraqlarına əsaslanan mövqe sərgilədi.
Prezident İlham Əliyev hadisənin miqyasını düzgün müəyyən edərək məsələni texniki və taktiki səviyyədən çıxarıb dövlət məsuliyyəti müstəvisinə gətirdi. Bu, diplomatik baxımdan böyük dönüş nöqtəsi idi. Çünki Rusiya tərəfi ilk dəfə açıq şəkildə məsuliyyət daşıdığını qəbul etdi və kompensasiyanın ödəniləcəyini bəyan etdi.
Bu, yalnız diplomatik cəhətdən deyil, həm də psixoloji və siyasi baxımdan mühüm uğurdur: Azərbaycan hadisənin qurbanı yox, ədalətin təminatçısına çevrildi.
İlham Əliyevin diplomatik strategiyası bir daha göstərdi ki, güc təkcə hərbi və iqtisadi potensialla ölçülmür. Əsl güc - haqlı mövqeyini soyuqqanlılıqla müdafiə etmək, qarşı tərəfi məsuliyyətə cəlb etməyi bacarmaqdır.
Azərbaycan bu hadisədə prinsipiallıq nümayiş etdirdi və Rusiya kimi böyük bir dövlətin açıq etirafını təmin etdi. Bu, müasir diplomatiya tarixində nadir hallarda müşahidə olunan uğurdur.
Hadisə bir daha sübut etdi ki, İlham Əliyevin xarici siyasəti "reaksiya siyasəti” deyil, "təşəbbüs siyasətidir”. Azərbaycan artıq regionda hadisələrin axarını izləyən yox, istiqamətini müəyyən edən dövlətdir.
AZAL təyyarəsi hadisəsi acı təcrübə olsa da, nəticə etibarilə Azərbaycanın diplomatik qələbəsi kimi yadda qalacaq. İlham Əliyev hadisəni təkcə siyasi səviyyədə deyil, dövlət məsuliyyəti səviyyəsinə qaldıraraq bir daha göstərdi ki, Azərbaycanın maraqları heç zaman görməzlikdən gəlinə bilməz.
Azər Nİftiyev,
Siyasi şərhçi
Siyasi şərhçi