“Biz əlimizdən gələni edəcəyik ki...”
Brifinqdə prezident Barak Obama növbəti vədələrini səsləndirərkən belə deyib.
Amerikanın şok yaşaması, deyəsən, ənənə halını alır. Dünyada terrorla amansız müharibə aparan qüdrət sahibi öz vətəndaşlarını inandırmağa çalışır ki, vəziyyət nəzarətə götürülüb və təhlükə sovuşub.
Polis və tədqiqat aparan qurumlar isə intensiv şəkildə prinsipial bir məsələyə aydınlıq gətirməyə çalışırlar. Söhbət ondan gedir ki, 14 nəfərin həyatına son qoymuş dəhşətli hadisə cinayət kodeksinin “terror aktı” bəndi ilə qiymətləndiriləcək, yoxsa məsələyə başqa bəndin tələbi ilə yanaşılacaq?
Amerika müttəfiqləri ilə, demək olar, bütün dünyanı terrorun risk zonası elan edib və harada istəyir, orada guya qabaqlayıcı tədbirə əl atır. Sözün məcazi və hərfi mənasında, Ağ ev özünü dünya hökuməti kimi qələmə verərək, təkbaşına əməliyyatlar keçirir, özü də icazəsiz- filansız.
Paradoks da bundadır ki, dünyaya əl gəzdirmək eşqinə düşmüş Amerika qulağının dibindəkilərdən xəbərsizdir. Ölkə xaricində azğınlıq edən ABŞ əsgəri özü də bilmədən qəzəb dalğasını ölkə daxilinə yönəldir.
Doğrudan da, güc mərkəzi uzun müddət vəziyyətə təkbaşına hakim kəsiləndə özünüidarəetmədə fəsadlar yaranır. Geosiyasi prosesləri tədqiq edən mütəxəssislər nahaq yerə demirlər ki, ən dəhşətli zaman assimetrik müharibələr başlayandan sonra gələcək. Sadə dildə deyilməli olsa, assimetrik müharibə hamının hamıya qarşı savaşıdır. Buna bəzən kölgələr müharibəsi də deyirlər. Necə ki, indi Amerika ölkə sərhədlərindən kənarda demokratiya uğrunda (!) ölüm-dirim mücadiləsinə girişib və daxilində gedən prosesləri güclə idarə edir. Lap yaxın gələcəkdə digər məmləkət və bloklar da xasiyyəti sezilməyən qarşıdurmaya başlayacaqlar.
Əsas da o olacaq ki, bu müharibənin yeri, sorağı və bir sözlə, teatrı bilinməyəcək. Amma bütün hallarda müharibə baş verirsə, onu yaradan səbəb də, əvvəl-axır, öyrənilir. Öyrənilir ki, insanlar səhvləri təkrarlamasın. Assimetrik müharibələrin də səbəbləri var və çoxdur. Onlardan biri, prezident Obama demişkən, ƏLİNDƏN GƏLƏNİ ETMƏKDİR – bir güc mərkəzi kimi, Qərb əlindən gələni edir ki, hamı hamıya qarşı silahlansın, hətta amerikalı amerikalıya qarşı. Bu mənada, Vaşinqton yaxınlığındakı “Naval Yard” hərbi donanma bazasında baş vermiş qırğın bəzi sualların cavabını bir qədər konkretləşdirdi.