'Discovery Azerbaijan' - KƏŞF ETməyi sevənlərin jurnalı

MEDİA
16:14 26.04.2012
4979
“Discovery Azerbaijan” - KƏŞF ETməyi sevənlərin jurnalıHaqqındaArtıq bir ildir ki, qəzet-jurnal bolluğunda yeni bir ad - “Discovery Azerbaijan” dərgisi özünəməxsus yeri ilə fərqlənir. Əsrimiz kəşflər, informasiya bolluğu, vizual və vir­­tual sərhədsiz, sədlərsiz dövrünü yaşayır. “Discovery Azerbaijan” kollektivi də bu prinsipə dayanaraq bütün səyahətçiləri, gəzib-dolaşan insanları, qeyri-məlum kəşfləri ilə kölgədə qalan hər kəsi, qısası bütün “Discoveryman”ları birləşdirən ortaq bir jurnal çap etdirməyə qərar verdi.Bir illik gərgin fəaliyyətinin nəticəsi olan, 6 nömrəsi ilə işıq üzü görən “Discovery Azerbaijan” jurnalını kəşf etməyi sevənlərin dərgisidir.Jurnalın təsisçisi və baş redaktoru millət vəkili Cavanşir Feyziyev, direktoru Şakir Eminbəyli, baş redaktor müavini Gülnar Məsimlidir. Peşəkar heyətin çalışdığı dərgi 5000 tirajla yayımlanır. Jurnalın televersiyası da hazırlanır. “Turizm ili”ndə ilk nömrəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəb­büsü ilə 2011-ci ilin “Turizm ili” elan olunması “Discovery Azerbaijan” jurnalının qayəsi ilə üst-üstə düşrək yaradıcı kollektivin fəaliyyətinə güclü bir təkan verdi. İlk sayı ötən ilin – “Turizm ili”nin əvvəlinə düşən dərgi fəaliyyəti ilə bu sahəyə öz töhfəsini verməyə çalışdı. “Discovery Azerbaijan” ölkəmizi ecazkar turizm diyarı kimi ta­nıtmaqla bərabər, həm də əhatə olunduğumuz aləmi yeni­dən kəşf etməyə çalışdı. Axı həyatımızın bütün sahələrində dinamik inkişafın hökm sürdüyü bir zamanda qarşımızda hər addımbaşı kəşf olunası bir ümman açılır. Jurnalı ilk sayından etibarən dünyanın 1001 sirrindən, müəmmasından xəbər tutmaq, maraqlı məkanlarla tanış olmaq istəyənlərin, “Discovery Azerbaijan”la birgə virtual səyahətə çıxanların sevimli dərgisi oldu. Uğura doğru...“Discovery Azerbaijan” jurnalının öz sahəsində uğurlu, tanınan və sevilən bir dərgi olmasının sübutu kimi onun qazandığı mükafatları göstərmək olar. Xüsusən də 2011-ci ildə keçirilən II Milli Turizm Mükafatı Müsabiqəsində qalib olması “Discovery Azerbaijan” kollektivinin əməyinin bəhrəsidir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm İnformasiya Mərkəzinin keçirdiyi müsabiqədə jurnal “Ən yaxşı ixtisaslaşdırılmış KİV – nəşriyyat evi” nominasiyasında təltif olunub. Zəngin və dolğun...132 səhifəlik zəngin illüstrasiyalı “Discovery Azerbaijan” yalnız həcmi ilə deyil, maraqlı materialları, fərqli dizaynı ilə də seçilən bir jurnal adını qazana bildi. Qeyd edək ki, bu dərgi məşhur “Discovery” brendinin Azər­­baycan versiyası kimi çap olunur. Jurnal mədəniyyət, turizm, tarix, etnoqrafiya, elm, səhiyyə və s. sahələri əhatə edir. Bu bir il ərzində “Discovery Azerbaijan” oxucusu ilə təkcə yol yoldaşı deyil, həmçinin yaxın dost və həmfikir olmağa çalışdı. Çünki müxtəlif zövqlü oxucularla dil tapmağın özü də ən böyük kəşfdir. MəqsədMəqsədi adında gizlənir – DİSCOVERY. Jurnalın yaradıcı heyəti qarşılarına belə bir məqsəd qoyub: Vətənimizin gözəl­­liklərini, xalqımızın nailiyyətlərini oxucunun sevəcəyi bir tərz­­də qələmə almağa çalışmaq, ən son yenilikləri, kəşfləri təqdim etmək. Jurnalda təqdim edilən materiallar elmi-kütləvi, əyləncəli, düşündürücü və məlumatlandırıcı olması ilə fərqlənir. Rubrikalar...Dərginin işıq üzü görmüş altı sayında “Vətənimin seyrinə”, “Qonaq-qara”, “Mən-zərrə”, “İncə sənət”, “Adama gəzmək qalır”, “Tarixi-Nadir” kimi və digər maraqlı rubrikalar yer alıb. “Vətənimin seyrinə” rubrikasında Azərbaycanın müxtəlif bölgələri haqqında ətraflı məlumatlar verməklə, Odlar Yurdu hər birimizə yenidən kəşf etdirilir. “Elm dünyası”nda ağlasığmaz kəşflər, ixtiraların gələcəyimizə təsirləri, elm və texnologiya sahəsində ən son yeniliklərdən xəbərdar olmaq mümkündür. “Çərçivəyə məhkum olunmuşlar” – bu rubrikada “çərçivələrə” dünyanı sığdırmağı bacaranlar oxuculara tanıdılır. Rəssamlar, xalçaçılar, heykəltəraşlar, fotoqraflar və digərləri həm öz çərçivələrində, həm də ondan kənarda özlərinə və bizə baxırlar. “Discoverman”ların dünyanın dörd bir yanına səfərləri, olduqları müxtəlif ölkələrdə qələmə aldıqları ən maraqlı, orijinal, qeyri-adi və oxucular üçün yeni olan məlumatları, onların maraqlı və “incə” təəssüratlarını “Adama gəzmək qalır” rubrikasında izləmək imkanı yaranır. Virtual da olsa, oxuculara həmin ölkələrə səyahət imkanı verilir. “Gördün yemək, daha nə demək?!”də müxtəlif ölkələrin mətbəxini kəşf edərək, onların özlərinəməxsus biş-düş “texnikaları”nı öyrənmək mümkündür. Qiyməli daşlar, onların tarixi, mənaları, insan orqanizminə, hiss və düşüncələrinə təsiri, tarixi əhəmiyyəti “Daş-qaş” rubrikasında təqdim olunur. Təbiətlə, ətraf mühitlə bağlı maraqlı, qeyri-adi faktlar, eləcə də yalnız Azərbaycana xas olan “təbii özəlliklər” “Təbiət aşiqləri” rubrikasında cəmlənib. Müxtəlif adət-ənənələrimizi daha da yaxından tanımaq, onları olduğu kimi oxumaq, dünənindən bu gününə nələrin dəyişdiyini görmək, eyni zamanda, paralel olaraq müxtəlif ölkələrin ənənələri ilə hansı ortaq cəhətlərin olduğunu öyrənmək üçün “Ənənə” rubrikasını təqdim edilir. Tibb sahəsində baş verən ən son yenilikləri, texniki kəşfləri, müalicə üsullarını, səhhətlə bağlı hər şeyi “Can sağlığı, məhəbbət!” rubrikasında tapmaq olar. “Tarixi-nadir” rubrikasında Azərbaycanın tarixi ilə bağlı çox maraqlı və demək olar ki, heç bir yerdə açıqlanmayan orijinal, qeyri-adi faktları, tariximizin nadir bilinən yönlərini maraqlı təqdimat formasında kəşf etmək mümkündür.
OXŞAR XƏBƏRLƏR